Dollar yenidən bahalaşa bilərmi?

541

İkinci devalvasiyadan sonra 1 dolların 2 manat olacağı deyilirdi. Hətta fevral ayında daha yüksək olacağı ilə bağlı proqnoz verənlər də var idi. Hazırda fevral ayını yaşayırıq, neftin qiyməti son günlərdə az da olsa artıb. Nə gözlənilir, manat daha da ucuzlaşa bilərmi?
İqtisadçı Nazim Məmmədov:
– Azərbaycan iqtisadiyyatının əsas xarici valyuta gətirən sektoru neftdir. Neftin qiymətinin də kritik həddi 40 dollar idi. Uzun müddət bu qiymətdən aşağı düşəcəyi təqdirdə, manatın yenidən ucuzlaşması ehtimalı var. Bugünlərdə dünyada gedən proseslərin birbaşa Azərbaycan valyutasına təsiri var. Çünki, ixracımızın 95-97%-i neft məhsuludur. Bu baxımdan tez bir zamanda ixrac yönümlü, rəqabətə davamlı məhsulların istehsalı mümkün deyil, buna bir neçə il lazımdır. Ona görə də, biz idxaldan asılı ölkə kimi qələmə verilirik. Gündəlik istehlak və qida məhsullarının təxminən 75%-i və daha yüksəyi idxal məhsulu, idxal məhsullarıdır. Təbii ki, bu idxal məhsullarını ölkəyə gətirmək üçün dollar, avro lazımdır. Adətən tələb təklif üzərində qurulmuş bazar iqtisadiyytında, əgər ölkəyə daxil olan valyuta, ölkədən çıxan valyutadan azdırsa, deməli, milli valyuta ucuzlaşacaq. Yəni biz proqnoz verək ki, 2 manat və ya daha yüksək olacaq, amma olmaya da bilər. Bu neftin dünya bazarındakı qiymətindən birbaşa asılıdır. Ona görə də mən hələ ki, pessimistəm. Neft ucuzlaşsa, manat da ucuzlaşacaq. Əgər neft stabil qalsa, deyək ki, 40 dollar həcmində olsa, dollar bu günkü həddə qala bilər. Bahalaşma olmaya bilər.
İqtisadçı Vüqar Bayramov:
– Manatın dollara nisbətən məzənnəsinin, birbaşa Mərkəzi Bankın (MB) həyata keçirdiyi siyasətdən asılı olaraq dəyişəcəyini proqnozlaşdırmışdıq. 1 dolların 2 manata qədər yüksəlməsi o vaxt mümkün olar ki, MB bazardan çəkilsin və üzən valyuta rejiminə keçsin. Xatırlayırsınızsa, MB yanvarın əvvəllərində yalnız bir günlük üzən valyuta rejiminə keçdi. Nəticədə, 1 dollar, 1,85 manata qədər yüksəldi. Hətta bölgələrdə 1 dollar 1 manat 90 qəpiyə belə satılırdı. Sonra MB banklara verdiyi sərbəstliyi ləğv etdi. Onun müqabilində yenidən 4%-li satış müəyyənləşdirdi. MB-ın müəyyənləşdirdiyi, həyata keçirdiyi siyasət inzibati yollarla manatın məzənnəsinin saxlanılmasından ibarət idi. Əgər MB intervensiyanı davam etdirəcəksə və yeni məzənnə müəyyənləşdirməyəcəksə, o zaman təbii ki, bu bazarın tələbini ödəyəcək. Məsələnin digər tərəfi ondan ibarətdir ki, MB bu tələbi hansı müddətə ödəməyə malikdir?! Çünki, MB-ın valyuta ehtiyatları 5 milyard dollardır. Sual yaranır ki, hansı hallarda manat kəskin dəyər itirə bilər? O halda manatın kəskin dəyər itirməsi mümkündür ki, MB bazardan çəkilsin, intervensiyanı dayandırsın və üzən valyuta rejiminə keçsin. Bu baş versə, manatın dəyərinin azalmasına gətirib çıxara bilər. Ona görə də, növbəti dövr üçün, manatın məzənnəsinin dəyişməsi birbaşa MB-ın hansı məzənnə siyasətini həyata keçirməsindən asılı olacaq. MB bazarda qalacaqsa, eləcə də psixoloji olaraq bazara təsir etməyə çalışacaqsa, o zaman bu, məzənnəyə təsir göstərəcək. Mən düşünmürəm ki, neftin qiymətinin təsiri var. Çünki neftin qiyməti hələlik o səviyyədə artmayıb ki, ölkəyə daxil olan valyutanın həcmində artım olsun. Neftin dünya bazar qiymətində kəskin artımlar yoxdur. Ona görə də, düşünmürəm ki, manatın məzənnəsinə təsiri olacaq.
Rasim Məmmədli