Dollar yenidən bahalana bilər?

614
Mərkəzi Bankın açıqladığı rəsmi məzənnəyə əsasən, ABŞ dollarının nominal dəyəri dünən Azərbaycan manatı qarşısında 0,08% bahalanaraq 1,0487 manatdan 1,0496 manata yüksəlib.
 Qeyd edək ki, bu, cari ilin fevralın 21-də həyata keçirilən kəskin devalvasiyadan sonra dolların milli valyutaya qarşı ən ciddi möhkəmlənməsi hesab olunur. Xatırladaq ki, fevralın 21-də dollar manat qarşısında 33,5% bahalaşaraq 0,7862 manatdan 1,0500 manata yüksəlib. Sonrakı tarixlərdə dollar az da olsa manat qarşısında ucuzlaşıb. Lakin qeyd etdiyimiz kimi dünən dolların məzənnəsində 33,5%-lik devalvasiyadan sonra ən yüksək artım qeydə alınıb. Ekspertlər bu artımı yumşaq devalvasiyanın ilk addımı kimi qiymətləndirir. Belə hesab edirlər ki, qarşıdakı günlərdə manatın dəyərinin düşməsi prosesinin davam edəcək. Buna əsas kimi də Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun ötən həftə verdiyi açıqlamalar göstərilir. Qeyd edək ki, Elman Rüstəmov öz açıqlamasında bildirib ki, Azərbaycan tədricən idarə olunan üzən məzənnə siyasətinə keçməyə hazırlaşır. İqtisadçı-ekspert Samir Əliyev belə hesab edir ki, Mərkəzi Bankın manata birbaşa və ya dolayı yönəlik istənilən addımı cəmiyyətdə devalvasiya qorxusu yaradır: “Mərkəzi Bankın bu sahədə işini düzgün qurmaması, cəmiyyəti uzun müddət qeyri-müəyyənlikdə saxlaması “hökumət gizlincə hansısa addımı atılacaq” fikrini hakim edib. Manatın məzənnəsi dünya bazarında neftin qiymətinin hərəkət istiqamətinə uyğun müəyyənləşəcək. Neft hara getsə, manat da ora gedəcək. Yəni neft 30-40 dollara (bu 45 dollar da ola bilər) qədər ucuzlaşsa, ikinci devalvasiya qaçılmazdır. Bu halda manat ən azı 20% ucuzlaşacaq. Neft 70 dollar həddini keçsə, manatın bahalaşması baş verə bilər. İndiki səviyyədə, yəni 50-60 dollar səviyyəsində qalsa, bu halda yumşaq ucuzlaşma olacaq. Fikrimcə, ilin sonuna kimi manat dəyərini ən azı 10% itirəcək. Elman Rüstəmov da əslində kəskin devalvasiya olmayacağını deyəndə, idarəolunan üzən məzənnə siyasətinə keçidi elan edəndə bunu nəzərdə tuturdu”.