Dollar “müharibəsi”

440

Ötən ilin fevral ayının 21-də baş verən devalvasiyadan sonra ölkədə vətəndaşlarla hökumət arasında elan olunmamış “müharibə” gedir. Böyük ehtimalla bu “müharibənin” adı gələcəkdə tarix kitablarına “dollar müharibəsi” olaraq düşəcək. Bu “müharibədə” ilk “güllə” hökumət tərəfindən atılsa da, sonradan bunu inkar etdilər. Hər kəsi inandırmağa çalışırdılar ki, əgər vətəndaşlar 21 fevral tarixindən əvvəl kütləvi surətdə dollar almasaydı, biz də devalvasiyaya getməzdik. Yəni demək istəyirlər ki, ilk “gülləni” vətəndaşlar atıb. Halbuki vətəndaşların artan dollar tələbi qarşısında məzənnəni tədricən yüksəltmək olardı. Necə ki, başqa ölkələrdə belə edirlər. Ancaq hökumət atəşin üzərinə su əvəzinə benzin tökdü. Bu azmış kimi ilin sonunda ikinci zərbəni endirdi. Həm də vətəndaşın bu zərbələrə nə cavab verəcəyini fikirləşmədən. İkinci dünya müharibəsi zamanı Almaniyanın SSRİ-yə hücum etdiyi kimi, qəflətən vətəndaşların üzərinə (oxu: cibinə) “hücum” edənlər indi nə edəcəklərini bilmirlər. Vətəndaşın manata olan inamı ölüb. Hələ üstəlik “3-ü”, “7-i”, “40-ı” da verilib. Vətəndaş hökumətin endirdiyi ağır “zərbələrə” baxmayaraq “ön xəttdən” geri çəkilmədi və Mərkəzi Bankın valyuta ehtiyatlarının 2/3-ni “ələ keçirə” bildi. İndi hökumət bunları geri qaytarmaq istəyir. İkinci devalvasiyadan sonra dolların məzənnəsi 1,65-1,75 manata qədər yüksəldi. Vətəndaşlarda əllərində olan son manatları məhz bu məzənnə ilə dollara çevirdilər. 1,65-1,75 manata satılan dolları indi 1,50 manatdan geri almaq istəyirlər. Kim buna razı olar? Ölkədə manat qıtlığı yaranıb. Ancaq heç kim əlindəki dolları manata çevirmək istəmir. Onsuz da bir il ərzində baş verən iki devalvasiya nəticəsində vətəndaş kifayət qədər zərərə düşüb. Üçüncü dəfə məzənnə fərqindən zərərə düşmək istəmirlər. Olan isə ölkə iqtisadiyyatına olur. Bu ilin ilk 3 ayının, yəni birinci rübünün sosial-iqtisadi nəticələri artıq məlumdur. Xarici ticarət dövriyyəsində mənfi saldo qeydə alınıb. Həm də uzun fasilədən sonra. Yenə uzun illərdən sonra ölkə iqtisadiyyatında böyük geriləmə müşahidə olunub. Vətəndaşın gəlirləri qiymət arımlarının altında qalıb. Xərcləmələri azalıb. Bütün bunlar hökumətin açıqladığı “etiraflardır”. Bu, eyni zamanda ölkədə aparılan dollar “müharibəsinin” acı nəticələridir. Hökumət bu “müharibəyə” son verməlidir. Əlindəki “ağır texnikaya” çox güvənməməlidir. Yaşananlar onu göstərir ki, zorla istədiyinə nail ola bilməyəcək. Dollar kreditlərinə qadağa qoymaqla, pensiyaçıya kredit verməməklə nə etmək istəyirlər? Manatı qorumaq istəyirlər? Manata olan inamı geri qaytarmaq istəyirlər? Bütün bunlar üçün çox gecdir. Başa düşmək lazımdır ki, inzibati müdaxiləyə son verilməlidir. Hökumət bazar münasibətlərində tərəf olmamalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatası deyir ki, biz banklara pensiyaçılara kredit verməməyi tövsiyyə etmişik (oxu: qadağan etmişik). Palatadan soruşan yoxdur ki, siz niyə belə tövsiyyə verirsiniz. Bəyəm bankın yiyəsinin ağlı yoxdur? Pulunu kimə verəcəyini bilmir ki, sən ona tövsiyyə verirsən. Hökumət və onun orqanları özünü bazar iştirakçısı kimi aparmamalıdır. Başa düşmək lazımdır ki, inkişaf etmiş iqtisadiyyatlarda süni qiymət artımının qarşısını İqtisadiyyat Nazirliyi deyil, ölkədə yaradılan sağlam rəqabət mühiti alır..

Allahverdi Cəfərov