Dollar kreditləri ilə bağlı təkliflər paketinin taleyi necə olacaq?

482

Ötən il manatın iki devalvasiyası nəticəsində əhalinin kreditlərini qaytara bilməməsi və bu çərçivədə bankların çətin vəziyyətdə qalması problemin həll edilməsi üçün müxtəlif təkliflərin gündəmə gəlməsi ilə müşahidə olunmaqdadır. Hələ ötən ay bir qrup tanınmış iqtisadçı tərəfindən ölkə rəhbərliyinə ünvanlanan müraciətdə problemli kreditlərin həlli ilə bağlı məsələnin yüksək səviyyədə həllinin vacibliyi vurğulanmışdı. Buna paralel olaraq problemli kreditlərin həlli ilə bağlı millət vəkilləri Əli Məsimli və Vahid Əhmədov tərəfindən xüsusi təkliflər paketi hazırlanıb. Həmin təkliflər paketi öz növbəsində Milli Məclis rəhbərliyinə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə göndərilib. 14 səhifəlik paketdə problemli kreditlərin həlli yolları ilə bağlı millət vəkilləri tərəfindən həm kredit götürənlərin, həm də problemli kreditlərlə çətin vəziyyətdə qalan bankların qarşılıqlı şəkildə maraqlarını nəzərə alan təkliflər əksini tapıb. Təkliflər paketinin hazırlanmasında Vahid Əhmədovla bərabər iştirak edən Əli Məsimli deyib ki, bundan məqsəd banklar tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərlə bağlı yaranmış vəziyyətin gərginliyinin azaldılmasına yardım etməkdir. O deyib ki, xarici valyutada olan kreditlərlə bağlı problemin bütün ağırlığı əhalinin üzərinə düşüb və bu da nəticədə onların kreditlərini ödəməkdə çətinlik çəkmələrinə səbəb olub.

Millət vəkilinin fikrincə belə bir vəziyyət, yəni iki devalvasiya nəticəsində əhalinin dollarla kreditlərini ödəyə bilməməsi bankların da fəaliyyətini iflic vəziyyətə salaraq onların bundan milyonlarla manat itirməsinə gətirib çıxarıb. Millət vəkili manatın ikinci devalvasiyasından sonra əmələ gələn problemlərin həll edilməməsinin səbəbini əsasən müvafiq qurumların məsələyə düzgün yanaşmamaları ilə əlaqələndirib. O deyib ki, problemi aradan qaldırmalı olan qurumlar bu məsələni əhali ilə banklar arasında olan iş hesab edirlər: “Müvafiq qurumlar belə düşünürlər ki, banklar üzun müddət yüksək faiz tətbiq edib, əlavə olaraq bundan yaxşı pul qazanıb, ona görə də, əhalinin dollar kreditləri ilə bağlı problemini öz hesablarına qarşılamalıdırlar”. Banklar da gözləyir ki, dollarla kredit sahəsində yaranmış problemin maliyyə tərəfini dövlət örtəcək. Hesab edirik ki, bu yanaşmaların hər ikisində həqiqət payı var, amma eyni zamanda həm də hər ikisi yarımçıq xarakter daşıyır. Ona görə də, biz hesab edirik ki, bu məsələ sistem xarakterli olduğundan, ona birtərəfli yox, sistemli yanaşmaq lazımdır. Bu məqsədlə biz problemin həllində “dördbucaq sistemi” üzrə, “dövlət-Mərkəzi Bank-kommersiya bankları-əhali” arasında ədalətlə bölüşdürülməsi variantına üstünlük vermişik”.

Qeyd edək ki, təkliflər paketində konkret olaraq xarici valyutada verilmiş kreditlərlərin maliyyə yükünün yalnız bankların və ya xarici valyuta ilə kredit götürənlərin özlərinin çəkməsi ilə bağlı hər hansı müddəa yoxdur. Bununla bağlı təkliflər paketini hazırlayanlar problemin həllini dövlət, kommersiya bankları və əhali arasında qarşılıqlı razılıq şəklində, onlardan hər birinin bu yükün bir hissəsini öz üzərlərinə götürməsində görürlər. Təkliflər paketində belə bir fikir vurğulanır ki, vəziyyətdən çıxış yolu devalvasiyadan doğan həmin ağırlığı tərəflərin hər birinin çəkməsindən asılıdır. Eyni zamanda qeyd edilir ki, 1000 manata qədər dollarla krediti olanların borclarının bağışlanması ucdantutma deyil, onu qaytara bilməyənlərin vəziyyəti nəzərə alınaraq həyata keçirilməlidir. Əli Məsimli və Vahid Əhmədov bununla bağlı dollarla kreditini qaytara bilməyənlərin vəziyyətlərinin araşdırılmasının və yalnız bundan sonra onun bağlanıb-bağlanmaması barədə qərar qəbul edilməsinin mümkünlüyünü qeyd edirlər. Yalnız bu əsasda 1000 dollara qədər ümidsiz kreditlərin bağlanmasının maliyyə təminatının bankların mənfəəti hesabaına həyat keçirilməsi təklif edilir. Eyni zamanda təkliflər paketində 1000 dollara qədər kredit götürən şəxs vəfat etdiyi təqdirdə həmin kreditə zamin duran şəxslərin həqiqətən qaytarmaq imkanı yoxdursa, onda belə ümidsiz kreditlərin bağlanmasının mümkünlüyü vurğulanır.

Təkliflər paketində kredit borcu 5000 dollara qədər olan vətəndaşların problemləri də öz əksini tapıb. Belə ki, 5000 manata kimi krediti olan şəxslərin borcları 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə, yəni 1,05 manat nisbətində ödənilməsi təklif edilir. Bu məqsədlə zəruri olan təqribən 250 milyon dolların maliyyə yükünün bir hissəsinin əhali, bir hissəsini banklar, digər hissəsinin isə dövlət tərəfindən çəkilməsi təklif edilir. Buna səbəb kimi isə dövlət dəstəyi olmadan bu problemin etibarlı həllinin mümkün olmayacağı göstərilir.

Təkliflər paketində əhalinin məişət əşyaları (mebel, soyuducu, paltaryuyan və sair) almaq üçün aldıqları istehlak kreditlərinin, eləcə də ipoteka kreditlərinin dollarla hesablanması məsələsi də xüsusi diqqət mərkəzində saxlanılıb. Belə hesab edilir ki, bu kateqoriyadan olanlara müəyyən güzəştlər edilməli, onlara borcun manat-dollar nisbətində 1,05 manat məzənnəsi ilə ödənilməsinə şərait yaradılmalı, faizlər əsaslı surətdə aşağı salınmalı, müqavilə müddəti uzadıldıqda isə faizlər dondurulmalıdır.

Təkliflər paketində 5000 dollardan yuxarı krediti olanların kreditlərini ödəyə bilməsi üçün manat-dollar nisbətinin 1,20-1,30 səviyyəsində müəyyən edilməsi məqsədəuyğun hesab edilib. Eyni zamanda təkliflərdə dollarla krediti olanlara borclarını qaytarması üçün möhlət verilməsi, borcun faiz dərəcələrinin aşağı salınması, dolların manata çevrilməsi və bu yolla problemin həlli nəzərdə tutulub. Yəni təkliflər paketində problemli kreditlərin həlli üçün hər tərəfin öz üzərinə bu yükün bir hissəsini götürməsi təklif edilir.

Bununla bağlı Əli Məsimli deyir ki, dollarla krediti olanların problemini yalnız tərəflərin hər birinin maraqlarını nəzərə almaqla, ona kompleks şəkildə yanaşmaqla həll etmək olar.

Əli Məsimli: “Dollarla kredit borcları olanlara güzəştlərin edilməsi məsələsi nə qədər tez həll olunsa, bu həm dövlət, həm banklar, həm də əhali üçün faydalı olar, narazılıq azalar, bankların işi yaxşılaşar və əhalinin banklara inamı artar və bu da iqtisadiyyata güclü təkan verər. Dollarla krediti olanların probleminin optimal həlli bir sıra digər problemlərin də həllini yumşaldar. Ona görə də, məsələnin həllinin sürətləndirilməsi həm dövlət, həm banklar, həm də əhali üçün sərfəlidir”, – deyir.

Əlbəttə, Əli Məsimli və Vahid Əhmədovun problemin həllinə bu cür yanaşması mövcud vəziyyətdən irəli gəlir və indiki vəziyyətdən yeganə çıxış yolu hesab edilə bilər. Lakin qarşı tərəfin, yəni təkliflər paketinin ünvanlandığı qurumların məsələyə münasibətindən çox şey asılı olacaq. Hər halda, Milli Məclis rəhbərliyi və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinin məsələ ilə bağlı verdiyi açıqlamalarda problemli kreditlərin həllinin kredit götürənlərin və bankların üzərinə atılmasını nəzərə alanda təkliflər paketinin onlar tərəfindən qəbul ediləcəyi inandırıcı görünmür. Ola bilsin ki, adı çəkilən hər iki qurum bu problemin həlli üçün daha yüksək səviyyədə hansısa qərar qəbul edilməsini gözləyirlər və özləri bununla bağlı hansısa addımlar ataraq məsuliyyəti öz üzərlərinə götürmək istəmirlər. Lakin bütün hallarda hadisələrin gedişi göstərir ki, problemli kreditlərin həlli artıq qaçılmaz zərurətə çevrilib. Bu problemi həll etmədən əhalinin banklara olan inamlarını bərpa etmək, bank sektorunun inkişafına nail olmaq mümkün olmayacaq.