Dollar kreditləri ilə bağlı problemlərin həlli düyünə düşüb

624

Ötən ilin dekabr ayında manatın növbəti devalvasiyasından sonra dollarla kreditə götürənlərlə bağlı əmələ gələn problem heç cür həllini tapa bilmir. İstər tanınmış iqtisadçılar, istər müvafiq qurumlar, istərsə də dollarla kredit götürən vətəndaşlar bankların öz müştərilərinə müəyyən güzəştlərə gedəcəyini gözləyirdilər. Hər halda buna əsas da var idi. Belə ki, dövlət tərəfindən banklara manatla əmanət qoyanlara devalvasiyadan sonra əmələ gələn fərqin kompensasiya edilməsi barədə qərar qəbul edildi. Analoji güzəştin dollarla kredit götürənlərə də şamil ediləcəyi və ən azından onların devalvasiyadan əvvəlki qiymətlərlə borclarını ödəməsi barədə rəsmi qurumlarımız tərəfindən müvafiq addımlar atılacağı gözlənilirdi. Bununla bağlı Azərbaycanın tanınmış iqtisadçıları tərəfindən çoxsaylı təkliflər də irəli sürülmüşdü. Eyni zamanda ölkə rəhbərliyi tərəfindən də dollarla krediti olanların problemlərinin həlli üçün addımlar atılması barədə müvafiq qurumlara göstəriş verilmişdi. Bu problem hətta Milli Məclisdə də müzakirə edildi. Lakin bu qurumlar dollarla krediti olanların problemlərini ən azından yüngülləşdirmək əvəzinə, belə demək mümkünsə, yüksək faizlə kredit verən bankların tərəfini tutdu. Halbuki MM rəhbərliyinə də özəl banklar tərəfindən əksər hallarda hansısa daxili problemlərini (övladının təhsil haqqını ödəmək, qızına cehiz almaq, oğlunu evləndirmək, evini təmir etmək və s.) həll etmək üçün kredit götürməkdən başqa çıxış yolu olmayan vətəndaşların dollarla kredit almağa məcbur edilməsi faktları məlum idi. Buna paralel olaraq, Mərkəzi Bank rəhbərliyinin dollarla krediti olanlara hər hansı güzəştin edilməyəcəyini açıqlaması problemin həllinə vurulan daha bir düyün oldu. Halbuki dünya təcrübəsində milli valyutaların devalvasiyası zamanı yaranmış fərqin bir hissəsini dövlət ya kompensasiya edir, ya da ən azından devalvasiyaya qədər olan borcların köhnə qiymətlərlə ödənilməsi barədə müvafiq qurumlara göstəriş verir və bu problem qanunla, vətəndaşların hüquqlarını müdafiə etmək yolu ilə tənzimlənir. Problemli kreditlərin həlli üçün ötən ay bir qrup tanınmış iqtisadçı alim ölkə rəhbərliyinə xüsusi müraciət də ünvanladı. Vətəndaşlar problemin həlli üçün addımlar atılacağını gözlədikləri bir vaxtda daha bir qalmaqallı açıqlama bir neçə gün əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı tərəfindən verildi. Münasibət bildirən palata sədri dedi ki, bu məsələdə güzəşt edilməsi sosial ədalətin pozulması deməkdir: “Borclarını qaytarmaq istəməyən və qaytarmaq imkanında olmayan kateqoriyaları ayırmaq elə də asan deyil. Biz bu insanlara güzəşt etməklə onları mükafatlandırırıq. Amma məsuliyyətli olub xarici valyutada kreditini qaytarmış insanları cəzalandırırıq. Onlar axı xarici valyutada götürdükləri krediti yeni məzənnə ilə qaytarıblar”.

MBNP sədrinin bu açıqlaması isə göstərir ki, problemli kreditlərin həlli istiqamətində müvafiq qurumlar hər hansı bir addım atmaq niyyətində deyillər. Nəhayət, cənab Rüfət Aslanlının dediklərindən belə çıxır ki, Qazaxıstan, Qırğızıstan, Rusiya, ABŞ və digər dünya ölkələri problemli kreditlərin həlli istiqamətində vətəndaşların maraqlarını müdafiə edən qərarlar qəbul etməklə sonuncuları mükafatlandırıblar və bankların haqlarını tapdalayıblar. Məsələyə belə yanaşılması isə olduqca ziddiyyətli görünür. Necə deyərlər, Mərkəzi Bank Qırğız­ıstan, Qazaxıstan və Rusiya təcrübəsindən yararlanmaq istəməsə də, 2008-ci il qlobal maliyyə böhranı zamanı 1 trilyon dollar həcmində stimullaşdırıcı paket reallaşdıran ABŞ-dan nümunə götürə bilərdi.

Maraqlıdır, orta aylıq əmək haqqı 4 min dollar olan ABŞ-da kreditlərin qaytarılması üçün hökumət stimullaşdırıcı tədbirlər həyata keçirirsə, orta aylıq əmək haqqı 330 dollar olan Azərbaycanda niyə kompensasiya verilməsin?

Qeyd edək ki, Rüfət Aslanlının problemli kreditlərlə bağlı açıqlaması Azərbaycanın tanınmış iqtisadçıları tərəfindən də birmənalı qarşılanmayıb. Məsələyə münasibət bildirən iqtisadçı-alim Vüqar Bayramov bu problem həll edilmədən kreditlərin qaytarılmasının baş ağrısı olaraq qalmaqda davam edəcəyini söyləyib. O xatırladıb ki, hazırda ümumi kredit portfelində olan borcların məbləği 19,7 milyard manat təşkil edir: “Ümumi kredit portfelində xarici valyutaların payını nəzərə alsaq, söhbət ikinci devalvasiyadan sonra yaranan 3,5 milyard manatlıq fərqdən gedir. Həm Mərkəzi Bank, həm Palata bu fərqin banklar və vətəndaşlar tərəfindən qarşılanacağını güman edir. Banklar heç bir güzəştə getmək istəmir və praktiki olaraq getmirlər. Müştərilərin heç də hamısı belə böyük fərqi qarşılamaq imkanlarına malik deyil”.

Vüqar Bayramov belə hesab edir ki, dövlətin dəstəyi olmadan bu kreditlərin qaytarılacağı inandırıcı görünmür.

Hadisələrin gedişi göstərir ki, əslində problemli kreditlərin qaytarılması ilə bağlı müvafiq qurumlar arasında məsələyə zididyyətli yanaşmalar mövcuddur.

Məsələn, Rüfət Aslanlının son açıqlamasının ardınca məlum oldu ki, problemin həlli ilə bağlı millət vəkilləri tərəfindən yeni təkliflər planı hazırlanıb. Bununla bağlı mətbuata açıqlama verən millət vəkili Vahid Əhmədov deyib ki, problemli kreditlər məsələsini aradan qaldırmadan bank sektorunun inkişaf etdirilməsi mümkün olmayacaq və nəticədə onların gəlirləri azalmaqda davam edəcək. O, bir qrup iqtisadçı ilə birlikdə problemin həllinə xidmət edəcək yeni təkliflər planı hazırladıqlarını və onu Milli Məclisə təqdim etdiklərini bildirib: “Biz təklif edirik ki, yaranmış problem yükünün bir hissəsini banklar, bir hissəsini dövlət qurumları, bir hissəsini dollarla kredit götürən vətəndaşlar, bir hissəsini də Mərkəzi Bank üzərinə götürsün. Beləcə dördbucaq yaransın. Məsələn, əgər kredit götürən şəxs rəhmətə gedibsə, bu borc zaminin üzərində qalmasın. Ən yaxşı yol o krediti bağlamaqdır. Bundan əlavə, 5 min dollara qədər olan dollarla kreditlər 1 manat 5 qəpiklə qaytarılsın”.

Təbii ki, iki dövlət rəsmisinin problemli kreditlərin həlli ilə bağlı ziddiyətli açıqlamalar verməsi müvafiq qurumlar arasında məsələyə fərqli yanaşmaların olduğunu göstərir. Bu baxımdan millət vəkili Vahid Əhmədovla müqayisədə MBNP Direktorlar Şurasının sədri Rüfət Aslanlının adı çəkilən məsələdə səlahiyyətli şəxs olduğunu və problemli kreditlərin həllinin onun rəyindən asılı olacağını nəzərə alsaq, onda çətin ki, Milli Məclis müvafiq qurumların razılığı olmadan vətəndaşların maraqlarını nəzərə alan hansısa qərarlar qəbul edə bilsin.

Belə bir vəziyyətdə problemli kreditlərin həllini düyünə düşmüş hesab etmək olar. Bundan isə itirənlərin həm vətəndaşlar, həm də banklar olacağı şübhə doğurmur.

Səlcuq Oğuz