“Dollar bahalaşdıqca evlərin qiyməti Azərbacan manatı ilə artır”

435

Dolların son dövrlər bahalaşması, mavi yanacaq və elektrik enerjisi tariflərindəki dəyişiklik, insanların sosial vəziyyətinin çətinləşməsi daşınmaz əmlak və kirayə bazarına da təsirsiz ötüşməyib. Hər halda birbaşa bu işin içərisində olan, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Şamo Ziya Yeniavaz.com saytına açıqlamasında belə dedi. Onun sözlərinə görə, ümumilikdə son bir ildə daşınmaz əmlak bazarında vəziyyət “ağırdır”: “Gəlib-gedənlər, daşınmaz əmlaklarla, satış qiymətləri ilə maraqlananlar var, ancaq real müştərilər azdır. Bizə müraciət edənlərin çoxu ipoteka götürüb ev almaq istəyənlərdir. Nağd pul ödəyib ev almaq istəyənlər demək olar yoxdur. Deyirlər ki, ipoteka krediti veriləcək, evlərə baxaq – bəyənsək, sahibi ilə danışıb razılaşarıq. Yaz-yay mövsümü başlayanda həyət evlərinə maraq artır, torpaq alqı-satqısı canlanır. Qış aylarında isə əksinə, bina evlərinə maraq artır. Ümumilikdə, hazırda bazarda demək olar ki, alıcı yoxdur”.
“Dolları olanlar gözləmə mövqeyindədirlər”
Həmsöhbətimizin sözlərinə görə, dolların bahalaşacağı ilə bağlı proqnozlarla əlaqədar bir çox mənzil sahibləri evlərini satmaq istəmirlər: “Dekabrın sonunda devalvasiyanın olacağı ilə bağlı saytlarda, sosial şəbəkələrdə məlumatlar yayılır. Manatın dollar qarşısında tədricən dəyər itirməsi bu ehtimalı bir az da gücləndirir. Ona görə də evini satıb başqa bir daşınmaz əmlak almaq istəyənlər gözləyirlər. Yəni bir qədər çəkinirlər. Evini satmaq istəyən adam fikirləşir ki, birdən əmlakımı satdım, devalvasiya oldu, sonra bu pulla nə ala biləcəyəm və ya ev alası olsam, nə qədər itirəcəyəm”.
Ş. Ziya deyir ki, devalivasiyanın olacağı ilə bağlı fikirlər daşınmaz əmlak bazarına həmişə təsir edib: “Bundan öncəki devalivasiya baş verməmişdən də belə olmuşdu. Daşınmaz əmlak bazarında durğunluq yaşanırdı. Heç kim evini satmaq istəmirdi, ev almaq istəyənlər də gözləyirdilər. İndi də əlində pulu olanlar, dolları olanlar gözləmə mövqeyindədirlər. Daşınmaz əmlak bazarında bir az sonra nə baş verə biləcəyini heç kim proqnozlaşdıra bilmir. Dollar bahalaşa və ya ev ucuzlaşa bilər. Hazırki vəziyyətdə dollar bahalaşdıqca evlərin qiyməti Azərbacan manatı ilə artır”.
“Kirayənişinlərin xərci artacaq”
Bəs kirayə bazarında vəziyyət nə yerdədir? Həmsöhbətimiz bununla bağlı sualımıza belə cavab verdi: “Kirayə bazarında canlanma var. Kirayə ev axtaranlar, evlərini kirayə verənlər kifayət qədər çoxdur. Kirayə evlərin qiyməti isə ucuzlaşmayıb. İnsanların sosial şəraitinin çətinləşməsini əsas götürəndə kirayə qiymətləri düşməli idi, ancaq bu baş verməyib.
Səbəbi isə odur ki, evlərini kirayə verənlər manatın dəyərdən düşməsini əsas gətirib kirayə qiymətini ucuzlaşdırmırlar. Elektrik enerjisinin, mavi yanacağın, ərzaq məhsullarının qiyməti artıb, mənzil sahibləri bundan sonra kirayə qiymətini yəqin ki, heç ucuzlaşdırmazlar”.
“Kirayə verilən mənzillərin çoxunda işıq və qaz pulunu kirayənişinlər ödəyirlər. Çox nadir hallarda olur ki, ev sahibləri bu ödənişləri öz öhdələrinə götürürlər. Bu baxımdan elektrik enerjisinin və mavi yanacağın tarifindəki dəyişiklik yəqin ki, kirayənişinlərin xərcini daha da artıracaq”.
“Tələbat daha çox 2 otaqlı mənzillərədir”
Həmsöhbətimizin sözlərinə görə, hazırda paytaxtın mikrorayonlarında 1 otaqlı mənzillər 200-250 manata kirayə verilir. 2 otaqlı mənzillərin kirayə qiyməti 200-350 manat arasında dəyişir. 3 otaqlı mənzilləri isə 300-500 manata mikrorayonlarda kirayə götürmək olar: “Dediyim kimi, kirayə bazarında canlanma var, müştəri çoxdur. Hazırda alqı-satqı olmadığı üçün maklerlər daha çox mənzillərin kirayə verilməsindən aldıqları zəhməthaqqı hesabına dolanırlar. Onu da deyim ki, kirayə evlər arasında tələbat daha çox 2 otaqlı mənzillərədir. Söhbət bina evlərindən gedir”.
Nicat İntiqam