Doğru sözə nə deyəsən?!

630
(Mirzə Cəlilin felyetonu əsasında)
Mənim ağlım lap çaşıb. Hamı başını aşağı salıb öz işi ilə məşğuldur: müğənni şeir yazır, şair siyasət aləmində qurdalanır, əxlaqından bixəbər ekrandan əxlaq dərsi keçir. Müxtəsər, hərə başını aşağı salıb, dinməz-söyləməz, sakit və samit öz işindədir. Amma mən başıbəlalı, mən Allahın nəzərindən düşmüş, mən bədbəxt lap dəli-divanə olmuşam. Mənasız, cəfəng, damdandüşmə söz qalmadı ki, məndən çıxmamış olsun. İndi də belə bir fikir ağlıma gəlib. Təbii ki, xoş gəlib, səfa gətirib. Gələni qovmazlar ki… Amma mən ölüm, hay-küy salmayın, qoyun sözümü deyim, qurtarım, siz də oxuyun və oxuyandan sonra bir az fikirləşin, yenə fikirləşin, axırda hər nə cavabınız olsa, deyin.

Mən bunu demək istəyirəm ki, biz uşaqlarımızı ali məktəblərə göndəririk ki, oxuyub elm sahibi olsunlar. O biçarələr də dəridən-qabıqdan çıxıb istəyimizi doğruldurlar. Mən bircə bunu qana bilmirəm ki, niyə biz bilə-bilə onları belə bir bəlaya rəva bilirik?

Bu sözləri oxuyan heç fikirləşməsin ki, mən zarafat eləyirəm. Bu məsələ vacib məsələlərin biridir və qabaqda mənim çox sözüm var və bu barədə hər nə ki yazıram, mənim ciddi sözümdür.

Bəli, elə ki, uşaq ali məktəbi qurtarır, cumur ki, ixtisasına uyğun bir iş də tapsın, həm özünü dolandırsın, həm də ailəsinə əl yetirsin. Amma bu məsələdə uşağın istəyi ürəyində qalır. Daha doğrusu, həmin biçarə uşağın arzusunu gözündə qoyurlar. Bununla da gen dünyanı onun gözündən salırlar. Dünya da uşağın gözündən düşdü, məsələ bir qədər qəlizləşir. Kimlər edir bunu? Mən çox təvəqqe eləyirəm ki, belə suallar verib, məni çaşdırmayasınız. Yoxsa mən də hamı kimi işimlə məşğul olub bu vacib məsələnin üstündən keçərəm.

Bağışlayın, görürsünüz ki, sözümü birdən-birə deyib qurtarmadım, deməli, nəsə var da… Bir hövsələniz olsun.

Yenə bəli ki, uşaq iş dalınca gedən kimi ona verilən ilk sual, daha doğrusu, onunla ilk tanışlıq belə olur: təhsil aldığın sahə üzrə təcrübən varmı? Bu isə o deməkdir ki, a bala, oxumusan, əcəb eləmisən, amma bizə sənin kimi oxumuşdan daha çox, təcrübəsi olan kəs lazımdır. Uşaq da başlayır dad-aman eləməyə ki, ay filankəs müəllim, bəs mən orta məktəbi qurtaran kimi ali məktəbə qəbul olunmuşam, oranı bitirən kimi ordu sıralarına yollanmışam. Ordudan da tərxis olunan kimi gəlmişəm ki, özümə bir iş tapım, siz də soruşursunuz ki, təcrübən varmı, işləmək istədiyin sahə üzrə peşəkarsanmı? Mən də deyirəm ki, ali məktəbdə mənə əxz olunanlardan başqa, məndə heç nə yoxdur. Bir də axı bu vurhavurda, bu basabasda harada təcrübə keçməli idim axı? Məgər vaxtım olub?

Amma mən bircə şeyi başa düşə bilmirəm. Məgər bu uşaqlardan təcrübə, peşəkarlıq tələb edənlər bilmirlərmi ki, bizim ali məktəblərin əksəriyyətində onların dediklərini öyrənmək üçün şərait yoxdur? Olmaya, həmin cənablar başqa planetdən gəliblər? Odur ki, həmin cavanlara, haradasa, bir balaca yol açılmalıdır ki, onlar təcrübə qazana bilsinlər də… Daha o biçarələrin ağızlarının üstündən vurub niyə çölə ötürürsünüz? İnandırım sizi, uşaqlar artıq tüğyan edən bu “xəstəlik”dən cana doyublar. Elə bu səbəbdən də ali məktəbi qurtaranlar öz ixtisasları üzrə deyil, özgə sahələrdə çalışmağa məcbur olublar. Daha doğrusu, kimin gümanı hara gəlirsə, oraya da cumur. Bəziləri isə havalanmaq həddindədirlər. Məsələn, o gün tanışımın oğlu anasını onu peşəkər kimi dünyaya gətirməməsinə görə o ki var məzəmmət etdi. Biçarə qadın bilmədi balasına nə cavab versin. Bundan nəticə çıxaran digər tanışım isə belə bir nəticəyə gəldi: “Oğlum bu il orta məktəbi qurtarır. Onu ali məktəbə sənəd verməyə qoymayacağam. Qoy çalışmaq istədiyi sahə üzrə əvvəl təcrübə toplasın, sonra nəzəri bilik tələb etsələr, ali məktəbə qəbul olunar”. Onun bu sözünün üstünə söz qoya bilmədim. Bir də doğru sözə nə deyəsən?

Yenə xatırladıram, heç kəs deməsin ki, mən zarafat eləyirəm, bu mənim doğru sözümdür.

Deyəsən, bu yazı alınmadı axı. Deyirəm, bəlkə gedim mən də öz işimlə məşğul olum?

Qvami Məhəbbətoğlu