Dispetçer heyətə bildirib ki…

0
487

Rusiyanın TASS informasiya agentliyinin verdiyi məlumata görə, bu gün qəzaya uğramış təyyarənin pilotlarına aeroportda hava şəraitinin əlverişsiz olması barədə 10 dəfədən çox xəbərdarlıq edilibmiş.

Rostov Don aeroportunda yerə enərkən qəzaya uğramış “Boeing 737-800” sərnişin təyyarəsinin heyəti ilə dispetçer arasında danışıqların lent yazısından məlum olur ki, hava gəmisinin kapitanı aeroportda küləyin sürəti və görünüş barədə bir neçə dəfə məlumat almaq istəyib. Dispetçer heyətə bildirib ki, küləyin sürəti saniyədə 18 metr, yəni böhran həddindədir. O həmçinin, hava gəmisinin donması təhlükəsi barədə məlumat verib.

Laynerin pilotu iki dəfə yerə enməyə cəhd göstərib və iki dəfə əlavə dövrə vurub. İkinci uğursuz cəhddən sonra heyət təyyarəni lazımi yüksəkliyə qaldıra bilməyib.

“Uçuşların təhlükəsizliyi” beynəlxalq məsləhət-analitik agentliyinin baş direktoru, Ümumdünya Uçuşların Təhlükəsizliyi Fondunun üzvü Sergey Melniçenko bildirib ki, qəzanın dəqiq səbəbi yalnız təyyarədəki danışıqları və uçuş barədə məlumatları avtomatik yazan qurğunun şifri açılandan sonra məlum olacaq.

S.Melniçenkonun sözlərinə görə, təyyarə heyəti ilə Rostov Dondakı dispetçerlər arasında radio danışıqlarının audioyazısının ilkin təhlili göstərir ki, qəzaya gətirib çıxara biləcək heç bir səbəb olmayıb. O deyib: “Səbəb yalnız danışıqları və uçuş barədə məlumatları avtomatik qeydə alan “qara qutu”ların şifri açılandan sonra məlum olacaq. Qeydiyyat qurğusundakı məlumatlar son saniyələrdə təyyarənin başına gələnləri, səsyazan qurğu isə heyətin Krasnodara getmək barədə nə üçün qərar qəbul etmədiyini başa düşməyə imkan verəcək”.

“Aeroflot” şirkəti martın 19-da və 20-də Rostov Don aeroportundan uçan və oraya gələn bütün reyslərin ləğv olunduğunu elan edib. 2016-cı il martın 19-da Rostov Donda yaranmış fövqəladə vəziyyətlə əlaqədar, hazırda şəhər aeroportu bağlıdır.

Şirkətdən verilən məlumata görə, bütün reyslər Krasnodar aeroportundan uçacaq və oraya gələcək. Kuban administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Krasnodar Beynəlxalq Aeroportu Rostov Don aeroportundan oraya istiqamətləndirilən reyslərin 600-ə yaxın sərnişinini də qəbul edəcək.

Rostov Don sakinləri Rostov aeroportunun beynəlxalq terminalına tər çiçəklər aparırlar. Beynəlxalq terminalın elanlar lövhəsində yalnız bir vərəq asılıb. Bu, həlak olmuş sərnişinlərin siyahısıdır. İnsanlar elanlar lövhəsinin önünə qara lentlərlə bağlanmış qərənfil buketləri düzürlər.

Qəza nəticəsində 62 nəfər ölüb.