Dirçəlişə zəmin yaradacaq Fond

0
37

Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması hazırda qarşımızda duran əsas məsələdir. Artıq işğaldan azad olunmuş Qarabağ ərazilərinin bərpa və yenidənqurma mərhələsinə başlanıb. Xatırlatmaq yerinə düşər ki, cari ilin dövlət büdcəsində əsaslı xərclər üçün nəzərdə tutulan vəsaitin 2,2 milyard manatı işğaldan azad olunan ərazilərimizə Böyük Qayıdışın təmin edilməsinə ayrılıb.

Şübhəsiz, bu prosesdə özəl qurumların, həmçinin harada yaşamasından asılı olmayaraq hər bir vətəndaşımızın dəstəyi də mühüm əhəmiyyət kəsb edir. Yəni bu işlərə büdcədənkənar vəsaitlər də cəlb olunmalıdır ki, Qarabağa qayıdışımız daha da sürətlənsin. Bunu nəzərə alan dövlətimizin başçısı yanvarın 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Yanvarın 19-da isə  “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanla  bu Fondun Nizamnaməsi, strukturu təsdiq olunub.

Nizamnamədə yeni yaradılan qurumun məqsəd və vəzifələri, səlahiyyət və fəaliyyət istiqamətləri aydın, konkret şəkildə müəyyən edilib. İşğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf işinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərmək, eləcə də sərmayələrin cəlb olunması, habelə bu istiqamətdə fəaliyyətin effektiv təşkili məqsədilə təbliğat-təşviqat və maarifləndirmə işi aparmaq, inkişafı dövlət-özəl tərəfdaşlığı çərçivəsində qurmaq və s. Fondun əsas istiqamətləri kimi müəyyənləşdirilib.

Nizamnamədə qeyd olunur ki, mövcud qanunları, eləcə də normativ hüquqi aktları rəhbər tutan Qarabağ Dirçəliş Fondu (QDF) öz vəzifələrini yerinə yetirərkən, hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, həmçinin  digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə də məşğul ola biləcək.

Fonda onun istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi, ləğvi, habelə onların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası ilə bağlı təkliflər vermək səlahiyyəti də  verilib. Xalq üçün mənəvi dəyərini də nəzərə alsaq, istiqrazların tədavüldə uğurlu olacağı şəksizdir. Yəni Qarabağ istiqrazlarının satışından əldə olunan vəsait də bərpa prosesində mühüm əhəmiyyət kəsb edəcək.

Prezident Fərmanına uyğun QDF-nin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. Müşahidə Şurası Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. Şura Azərbaycan Res­publikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 6 üzvdən ibarət olacaq və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərəcək. Şuranın sədri Şuranın iclasında Şura üzvləri sırasından 3 (üç) il müddətinə seçiləcək. Fondun fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Nizamnamənin bölmələrində Fondun nizamnamə balansına, istifadəsində olan əmlakına, maliyyə fəaliyyətinin əsaslarına, həmçinin qurumun ləğvi və yenidən təşkili məsələlərinə də aydınlıq gətirilib. QDF-nin strukturu isə bu qurumun Aparatından, fondun filialları və nümayəndəliklərindən ibarət olacaq.

Mütəxəssislərin fikrincə, Prezident İlham Əliyevin “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanı Qarabağda yeni həyatın dirçəldilməsində əhəmiyyətli rol oynayacaq. Daha doğrusu, bu qurum bütün potensialın səfərbər edilməsinə, ölkəmizin inkişafında birgə uğur salnaməsi yazmağa imkan verəcək. Bununla da xalqımız bir daha dünyaya nümayiş etdirəcək ki, o, tarixi ərazilərini birgə səylərlə 44 gün ərzində mənfur düşmənin caynaqlarından qopara bildiyi kimi, dağıdılmış, viran olunmuş rayonları, kənd və qəsəbələri də qısa zaman kəsiyində bərpa etmək qüdrətinə malikdir. Qeyd olunanlara əsasən belə qənaətə gəlmək olar ki, işğaldan azad edilmiş yaşayış məskənlərimizin abadlaşdırılması qüdrətli dövlətimiz, eləcə də xalqımız üçün heç bir problem yaratmayacaq və tezliklə Qarabağ regionun müasir diyarına çevriləcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”