“Diqqətli olun”lar bolluğunda

0
317

Son günlər “diqqətli olun” ifadəsi, demək olar ki, hər yerdə işlənir (Elə onun çox işlək olması da mənim diqqət mərkəzimə düşdü). Yəqin, deyəksiniz ki, bunun özü elə diqqətəlayiqdir. Amma şəxsən mənə elə gəlir ki, bu heç də belə deyil. Günümüzdə problemləri başından aşan insanın hər adi bir şeyə diqqət ayırması, fikrini onlara cəmləməsi heç də doğru deyil. O qədər də vacib olmayan girişdən sonra keçək əsas mətləbə…

Bəli, indi şəhərin hər yerində “Diqqətli olun” sözləri yazılmış xəbərdaredici işarələrə, elanlara və sairə rast gəlmək mümkündür. Bu kimi lövhələr başadüşüləndir. Yəni küçəni, tikinti aparılan obyektin yanından keçəndə bu sözlər, həqiqətən də, insanın fikrinin, yaxud görmə və eşitmə qüvvəsinin bir obyektə tərəf yönəlməsində və onun ətrafında cəmlənməsində önəmli rol oynayır. Yaxud yeni ucaldılmış çoxmərtəbəli binalardan mənzil alanlara deyirlər ki, tora düşə bilərsiniz, odur ki, diqqətli olmağınız vacibdir. Bu diqqətli olmaq məsləhəti də başadüşüləndir. Çünki bu sahə üzrə son illər elə müasir fırıldaqçılar peyda olub ki, hətta bəziləri şeytana papış tikməkdə ad çıxarıblar.

Amma elə məqamlar var ki, mən onlarla bağlı işlədilən “Diqqətli olun”u başa düşə bilmirəm. Üstəlik, bu ifadə işlədiləndə çox əsəbiləşirəm. Məsələn, deyirlər ki aptekdən dərman alarkən diqqətli olun. Bunun da əsas səbəbi saxta, eləcə də vaxtı keçmiş dərmanların satışı ilə bağlıdır. Sual olunur, elə isə bu sahəyə məsul olan şəxslər hara baxırlar? Niyə onlar belə şeylərə qarşı diqqətli olmurlar? Bir də görəsən yararsız və qanunsuz dərmanlar bu ölkəyə necə yol açır? Olmaya onların qanadları var, özləri uçub gəlirlər, hə? İş o yerə çatıb ki, meyvə-tərəvəz məhsullarının alınmasına da diqqət sərf etmək lazımdır. Bir sözlə, insan hər şeyə diqqət yetirməlidir. Bu yerdə bir haşiyəyə çıxmaq istəyirəm. Mənim bir iş yoldaşım var. Bu insan bu və ya digər mağazaya girib nəsə alanda alacağı məhsulun bütün göstəricilərini diqqətlə oxuyur. Təbii ki, o, bu kimi işlərə bəzən saatlarla vaxt sərf edir. Odur ki, bu barədə söz düşəndə deyir: “Mən həyatımı diqqətə sərf etmişəm”. Gəlin etiraf edək ki, hər insan mənim iş yoldaşım kimi səbirli, təmkinli deyil. Məsələn, şəxsən mən yazı yazanda, kitab oxuyanda diqqətli olmağa, daha doğrusu diqqətimi bu kimi şeylərə xərcləməyə üstün tuturam. Elə bu səbəbdən əksər hallarda diqqət limitim tükənir (Mənim fikrimcə diqqət də tükənən nemətdir) Nə gizlədim, diqqətsizlik ucbatından bir problemlə qarşılaşanda, bir qayda olaraq, özümü də qınamıram. Nədən? Axı hər şeyə diqqət etmək, haqq-hesab sormaq mənim imkanım daxilində deyil. Yenə bir məsələn, indi satışda xeyli yarımfabrikat məhsullar var. O yeməklər ki, rəngarəng qablaşdırılması ilə göz oxşayır. Yemək bişirməyə vaxtı olmayanlar bu qidalara tez-tez üstünlük verirlər. Evdə hazırlanan yeməklər bir həftəyə xarab olduğu halda yarımfabrikatlar mağazalarda aylarla saxlanılır. Məgər həmin məhsulları piştaxtaya çıxaranlar bu adi həqiqəti dərk etmirlər? Odur ki, yenə deyirəm: əgər hər kəs öz işinə məsuliyyətlə yanaşsa, hər şeydən pul qoparmağa çalışmasa, özümüzlə bu qədər diqqət gəzdirməyə ehtiyac qalmaz. Və sonda, xahiş edirəm bu yazını oxuyanda diqqətli olmağa çalışmayın. Çünki mən işimi çox diqqətlə görmüşəm.

Qvami Məhəbbətoğlu