Diqqətdən kənarda qalan sahə: geyim və ayaqqabı istehsalı

868
Geyim və ayaqqabı kimi əsas tələbat məhsullarının istehsalına marağın olmamasının müxtəlif səbəblər olsa da, əsəs səbəb odur ki, yerli məhsullar həm keyfiyyət, həm də qiymət baxımından xaricdən idxal olunan mallarla rəqabət apara bimirlər. Nə qədər acı olsa da etiraf etməliyik ki, geyim və ayaqqabı istehsalında o qədər də keyfiyyətli olmayan Çin məhsullarına uduzuruq.
Yerli istehsalın səviyyəsi dövlətlərin iqtisadi gücünün əsas göstəricilərindən biri hesab edilir. Yerli istehsal inkişaf etmiş ölkələrdə daha çox ağır sənaye sektorunun hesabına formalaşır. Lakin inkişaf etməkdə olan ölkələrdə yerli istehsalda daha çox yüngül sənaye məhsullarının payı üstünlük təşkil edir. Sovetlər İttifaqı dönəmində ölkəmizdə yerli istehsalın 20%-i yüngül sənayenin payına düşürmüş. Məlum olduğu kimi, yüngül sənaye toxuculuq, tikiş, xəz-dəri, gön-dəri, ayaqqabı, trikotaj və xalçaçılıq sahələrindən ibarətdir. Azərbaycanda yüngül sənayenin inkişafı ən qədim vaxtlardan məlumdur. Məsələn, Azərbaycanda xalçaçılıq çox qədim tarixə malikdir. XIX əsrin sonunda Zaqafqaziyada ən böyük pambıq parça fabriki və Azərbaycanda ilk tikiş fabriki Bakı şəhərində yaranıb. 1913 – cü ildə Azərbaycanda 300 ton xam ipək, 22 min ton pambıq mahlıcı, 4 milyon ton yun istehsal edilib ki, bu da ümumrusiya istehsalının müvafiq olaraq 79%, 10% və 2%- ni təşkil edib. 1925-ci ildə Gəncədə mahud fabriki istifadəyə verilib. Tut bağlarının salınması və baramaçılığın inkişafı sayəsində Azərbaycanda ipək sənayesi formalaşmış və ipəkçiliyin mərkəzi iqlim şəraitinə görə Şəki şəhəri seçilib. 1931-ci ildə Şəkidə ipək kombinatı fəaliyyətə başlayıb. Yüngül sənaye məhsullarının istehsalının təşkil edilməsi respublikada yüngül sənaye kompleksinin yaradılmasına gətirib çıxarıb. Ötən əsrdə sənayenin təmərküzləşməsi yüngül sənayenin sürətli inkişafına təkan verib.

 Yüngül sənayenin tənəzzül dövrü

Lakin, təəssüflə qeyd etməliyik ki, hazırda ölkəmizdə yüngül sənayenin yerli istehsaldakı çəkisi o qədər də çox deyil. Məsələn, Dövlət Statistika Komitəsinin açıqladığı statistik göstəricilərdə qeyd olunur ki, Sovetlər İttifaqının süqut etdiyi 1991-ci ildə ümumi sənaye istehsalının 7,2%-i mədənçıxarma sənayesinin, 14,8%-i isə toxuculuq sənayesinin payına düşüb. Ancaq 2012-ci ildə ümumi sənaye istehsalında mədənçıxarma sənayesinin payı 78,8%-ə yüksəldiyi halda, toxuculuq sənayesinin payı 0,2%-ə düşüb. Müstəqilliyimizn ilk illərində həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkədə mövcud olan bütün yüngül sənaye müəssisələri özəlləşdirilməyə açıq elan edilib, onların bazasında səhmdar cəmiyyətlər yaradılıb, bəziləri tam olaraq özəlləşdirilib. Lakin bu müəssisələrin əksəriyyəti yeni təsərrüfatçılıq şəraitində fəaliyyət göstərməyə uyğunlaşa bilməyib. Avadanlıqların aşınmaya məruz qalması və sair səbəblərdən öz fəaliyyətlərini tam və ya qismən dayandırıblar. Nəticədə son illərdə ən ciddi geriləmələr məhz yüngül sənaye sektorunda baş verib. Təkcə son 4 il ərzində – 2009-12-ci illərdə toxuculuq sahəsində fəaliyyət göstərən müəssisələrin sayı 114-dən 72-yə düşüb. Bundan başqa geyim istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin sayı 95-dan 75-ə, dəri və dəri məmulatları, həmçinin ayaqqabı istehsal edən müəssisələrin sayı isə 25-dən 21-ə enib. Uzun illər ərzində yüngül sənaye müəssisələrinin xammalı olan kənd təsərrüfatı məhsulları qeyd olunan səbəblər ucbatından ilkin emal məhsulları şəklində ixrac edilib. Ölkə əhalisinin istehlak etdiyi geyim məmulatlarının əksər hissəsini isə idxal olunan hazır məhsullar və yaxud idxal edilən parçalar əsasında ölkədə fəaliyyət göstərən kiçik sexlərdə tikilən məhsullar təşkil edib. Son illər ərzndə yüngül sənaye sektoruna xarici investisiya yatırılmayıb. Daxili investisiyaların həcmi isə az olub.

 Geyim və ayaqqabı istehsalına niyə maraq yoxdur? 

Geyim və ayaqqabı kimi əsas tələbat məhsullarının istehsalına marağın olmamasının müxtəlif səbəblər olsa da, əsəs səbəb odur ki, yerli məhsullar həm keyfiyyət, həm də qiymət baxımından xaricdən idxal olunan mallarla rəqabət apara bimirlər. Nə qədər acı olsa da etiraf etməliyik ki, geyim və ayaqqabı istehsalında o qədər də keyfiyyətli olmayan Çin məhsullarına uduzuruq. Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə ölkə ərazisində ümumilikdə 500 min cüt ayaqqabı istehsal olunub. Halbuki həmin il, yəni 2012-ci ildə ölkəyə 2 milyon 924 min cüt ayaqqabı idxal olunub. Göründüyü kimi tələbatın yüksək olduğu yüngül sənaye məhsullarından biri (ayaqqabı) üzrə idxal yerli istehsalı 6 dəfəyə yaxın üstələyir. Ölkəyə idxal olunan yüngül sənaye məhsullarının, xüsusilə də ayaqqabıların əksəriyyəti Çindən gətirilir.

 İnkişaf üçün əlverişli zəmin mövcuddur

Lakin bütün bunlara baxmayaraq mütəxəssislər belə hesab edirlər ki, Azərbaycanda yüngül sənaye sahəsinin inkişafı üçün olduqca əlverişli zəmin mövcuddur:

yüngül sənaye sahəsində güclü tarixi ənənələrin mövcudluğu;

zəngin yerli xammal bazasının olması;

nəqliyyat daşımaları baxımından əlverişli iqtisadi-coğrafi mövqe;

Mərkəzi Asiya və Xəzər regionuna birbaşa çıxış;

ölkənin potensial ixrac bazarlarına yaxınlığı;

Beynəıxalq ticarət yollarının istifadəsində yaxından iştirak;

bir sıra istehsalatların respublikanın kiçik və orta şəhərlərində yerləşdirilməsi imkanı və ərazi ehtiyatı;

dövlət mülkiyyətində olan toxuculuq və tikiş müəssisələrinin əksəriyyətinin özəlləşdirilməsinin başa çatması;

ölkənin enerji daşıyıcılarına malik olması;

Avropa İttifaqı tərəfindən Azərbaycan üçün toxuculuq və tikiş məhsullarına heç bir kvotanın tətbiq edilməməsi.

 Müəssisələrdə avadanlıqlar  yenilənməlidir

Yüngül sənayenin inkişafının daha da sürətləndirilməsi və məhsuldarlığın artırılması məqsədilə məhsuldar toxum növlərinin artırılması, suvarma sistemlərinin təkmilləşdirilməsi, emal sənayesinin iqtisadi və texnoloji cəhətdən yaxşılaşdırılması, məhsulun tədarükü, saxlama, qablaşdırma, daşıma, marketinq, aqroservis sistemlərinin, baytarlıq, damazlıq xidməti şəbəkəsinin yeni təsərrüfatçılıq şəraitinə uyğun qurulması məqsədəuyğun olardı. Yüngül sənaye müəssisələrinin maşın və avadanlıqlarının 80-90%-nin istismar müddətini başa vurduğunu nəzərə alaraq, respublikanın maşınqayırma sənayesinin potensilanıdan geniş istifadə edilməsi və yüngül sənaye müəssisələrinin maşın və avadanlıqlarının istehsalının təşkil edilməsi məqsədəuyğundur. Bəzi texnoloji cəhətdən çox da mürəkkəb olmayan avadanlıqların istehsalı da daxil olmaqla, onlara lazım olan hissələrin istehsalının dəzgahqayırma sənayesində təşkilinin təmin edilməsi zəruridir. Eyni zamanda bu dəzgahqayırma sənayesi üçün də geniş perspektivlər açmaqla yanaşı onun təkmilləşdirilməsinə, daha mürəkkəb avadanlıqların istehsalına nail olunması və yeni iş yerlərinin açılması üçün şərait yaradacaqdır. Yüngül sənayedə önəmli rola malik olmuş sənaye müəssisələrinə güzəştli şərtlərlə kredit verilməsi dəstəklənməlidir.

Allahverdi Cəfərov