DİNİMİZ ASANLIQ DİNİDİR

512

Uca dinimiz İslam bəşəriyyətə dünya və axirət səadətini təmin etmək üçün göndərilmişdir. Dinimizin ümumbəşəri yönlərindən biri də onun asanlıq dini olmasıdır. İnsanları gücləri ölçüsündə məsul tutan İslam onları çətinliyə, məşəqqət və nifrətə sövq etmək üçün göndərilməmişdir. Yuxarıdakı ayədə də qeyd olunduğu kimi, insan zəif yaradıldığı üçün yalnızca gücünün yetdiyi bir işin öhdəsindən gələ bilər. Bu baxımdan heç kim gücünün çatmadığı işləri yerinə yetirmədiyi üçün məsuliyyət daşımaz. İnsan yalnız ağlının və gücünün çatdığı qədər öhdəliklərini yerinə yetirməkdən məsuldur.

Bu konteksdə kitabımız Qurani-Kərimdə belə buyurulur:

“Allah yolunda layiqincə cihad edin. O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini kimi. Allah bundan əvvəl də bunda (Quranda) da sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” (əl-Həcc, 22/78)

Bu baxımdan Allahın əmr və qadağalarının məqsədi insanın işini çətinləşdirmək deyil, yaşayışını və həyatını asanlaşdırmaqdır. Belə ki, namazın şərtlərindən biri olan dəstəmazın əslində namaz ibadətini çətinləşdirmək mənasına gəlmədiyini Allah aşağıdakı ayədə belə bəyan edir:

“Allah sizi çətinliyə salmaq istəməz”(əl-Məidə, Sİ6)

Yəni necə ki, ibadətlər bizi maddi və mənəvi baxımdan həyata hazırlayır, eləcə də dəstəmaz vasitəsilə həm maddi nəcasətdən təmizlənərək həyat bizim üçün asanlaşdırılır, həm də mənəvi baxımdan daha güclü olmağımız arzu edilir.

Bu baxımdan dinimiz heç bir insanı taqətinin fövqündə, bacara bilməyəcəyi, çətinlik çəkəcəyi hansısa bir ibadətdən məsul tutmaz. Eyni zamanda bəzi ibadətlərdə zəiflik, xəstəlik, qocalıq və kasıblıq kimi hallarda rüxsət verilməsi də bu məqsədə xidmət edir. Elə isə İslamda ifratçılığın və çətinliyin yeri yoxdur. Başqa sözlə, ifrat və təfrit doğru deyildir.

Qurani-Kərimi bizə ən yaxşı izah edən və bütün mövzularda olduğu kimi asanlaşdırma mövzusunda da bizə nümunə olan Həzrət Peyğəmbər (s.ə.s.) də söz və davranışlarında həmişə bu prinsipə riayət etmişdir. O (s.ə.s.), hədislərinin birində belə buyurur: “Şübhəsiz ki, din asanlıqdır” (Nəsai, “İman”, 28). Başqa bir hədisində isə Peyğəmbərimiz (s.ə.s.) belə buyurmaqdadır: “Bu din asanlıq dinidir. Elə bir kimsə yoxdur ki, dini çətinləşdirsin və o, həmin şəxsi (aciz edərək) məğlub etməsin” (Buxari, “İman”, 29).

Belə məlum olur ki, Peyğəmbərimiz (s.ə.s.) həmişə işlərin asan olanını seçmiş və ümmətinə də bu şəkildə davranmağı tövsiyə etmişdir. Həmçinin hamımızın bildiyi qısa və ecazkar bir kəlamında isə Onun (s.ə.s.) “Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin” dediyini görürük. Bu səbəbdən insanın öhdəsindən gələ bilməyəcəyi şeylərə özünü məcbur etməsi doğru davranış deyil. Hətta insanın soruşmamalı olduğu bir şey haqqında soruşaraq bir mənada özünü bundan asılı vəziyyətə salması da bəyənilən davranış deyil.