Problemlərin kökündə mənəvi böhran durur

578
Bakı şəhərində ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkilatçılığı ilə “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransı açan ATƏT-in Bakı layihə əlaqələndiricisi, səfir Aleksis Şahtaxtinski bildirib ki, konfrans zamanı Azərbaycan tolerantlıq nümunəsi kimi müzakirə olunacaq.
Səfir deyib ki, bu tədbir ATƏT-in Azərbaycanda yeni statusda keçirilən ilk tədbiridir. O, Fransanın tarixinə toxunaraq dini dözümlülüyün vacib olduğunu vurğulayıb: “Azərbaycanda antisemitizm heç vaxt mövcud olmayıb, yaxşı olardı ki, dünyanın digər yerlərində də belə olaydı. Azərbaycan bu sahədə nümunəvi rol oynaya bilər. Bəzən dindən siyasi məqsədlərə çatmaq üçün istifadə olunur. Zorakılıq, islamofobiya, xristianofobiya kimi halların qarşısını almaq çox önəmlidir. Bu problem dünyada, ATƏT məkanında aktual olaraq qalır. Bu gün dünyada islamofobiyanın artmasını görürük. Sünnilər şiələrlə, şiələr sünnilərlə qarşıdurma şəraitindədir. Dünyanın bəzi yerlərində hələ də “yəhudiləri öldürək” şüarları mövcuddur. Belə hallar heç cür qəbul oluna bilməz. Belə bir vəziyyətdən çıxmaq asan deyil, amma biz birgə nələrsə edə bilərik ki, terrorizmin, dini radikalizmin qarşısını alaq, biz bunun üçün birgə hərəkət etməliyik. Çox vacibdir ki, cəmiyyətdə bu ideyalar yayılsın, bu problemlərin həllində gənclərin rolu vacibdir. Din dünyada bölünmə, ayrı-seçkilik mənbəyi olmamalıdır. Tolerantlıq qarşılıqlı hörmət deməkdir, məktəblərdə uşaqlara dinin sülhə xidmət etməsinin zəruriliyini tədris etmək lazımdır ki, din radikalizmə xidmət etməsin. Azərbaycanın təcrübəsini bu gün müzakirə etməklə biz bunun dünyada bir nümunə olduğunu çatdırmaq istəyirik. Cənab prezident Multikulturalizm Mərkəzi yaratmaq təşəbbüsünü irəli sürüb və biz bu mərkəzlə birgə çalışmalıyıq”.Daha sonra Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu iştirakçılara çatdırıb. Prezident Azərbaycanın dini tolerantlıq məkanına çevrilməsini ölkə siyasətinin əsaslarından biri adlandırıb: “Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir. Biz bu təcrübəni həyata keçirdiyimiz din siyasətinin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin vacib amili kimi dəyərləndiririk”.

Dövlət başçısı qeyd edib ki, son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir: “Razılıq hissi ilə qeyd etmək istərdim ki, bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur”.

 

“Dünyanın üzləşdiyi siyasi, iqtisadi, sosial, mədəni problemlərin kökündə mənəvi böhran durur”

“Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Mədəniyyətlərarası dialoq forumlarının təşəbbüskarı, multikulturalizm ideyasının dünya miqyasında fəal müdafiəçisidir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində də tolerantlığın beynəlxalq müstəvidə təşviqi prioritet istiqamətlərdən birini təşkil edir”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu gün hər kəs Azərbaycanda dini-mənəvi irsə ehtiramı, tolerantlıq ənənələrini  bilavasitə müşahidə edib dəyərləndirmək imkanına malikdir: “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə birgə keçirdiyimiz Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbirdə tolerantlıq sahəsində nailiyyətlərimizi bölüşmək haqqını qazanmağımız, heç şübhəsiz, bu sahədə nailiyyətlərimizə verilən yüksək dəyərdir. Xalqımızın milli-mənəvi və tarixi irsinə istinad edən Azərbaycanın ümumbəşəri ideyaların carçısına çevrilməsi bizim üçün böyük qürur mənbəyidir. Bu tolerantlığın dövlət siyasətinin ayrılmaz hissəsi olaraq bünövrəsini qoymuş ulu öndərimiz Heydər Əliyevin yoludur və bu uğurlara görə biz onun ruhuna borcluyuq”.

A.Paşazadə qeyd edib ki, Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər: “Məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar fəaliyyət göstərir, onların yeniləri inşa edilir, bərpa və yenidənqurma işləri həyata keçirilir. Heç bir din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən bütün dini icmalar dövlətin maddi və mənəvi yardımından yararlanaraq, öz ibadətlərini, dini bayram və ayinlərini icra edirlər. Mühüm olan odur ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda din-dövlət münasibətləri düzgün qurulub, milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Vətəndaşlarımızın demokratik insan hüquqları, o cümlədən dini etiqad azadlıqları qanunla təsbit və təmin olunur”.

Şeyxin sözlərinə görə, dünyanın üzləşdiyi siyasi, iqtisadi, sosial, mədəni problemlərin kökündə mənəvi böhran durur: “Məhz mənəviyyat sahəsində baş verən problemlər həyatımızın bütün sahələrində fəsadlı əksini tapır. Allahın yaratdığı ən böyük dəyər insandır və onun həyatının xilası tolerantlıqdan – müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından keçir. Bu məqamı torpaqları erməni işğalçıları tərəfindən zəbt olunmuş xalqımız hətta Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də unutmur, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllində israr edir. Biz BMT-nin məlum qətnamələrinə əməl olunmasını tələb edir, ATƏT-in Minsk Qrupunun sülhyaratma missiyasından real nəticə gözləyirik”.

 

“Təklif edirik ki, ATƏT hər il ən tolerant şəhər müsabiqələri keçirsin”

“Bütün səmavi dinlər tolerantlığa, sülhə, dözümlülüyə çağırmasına baxmayaraq, bəzən bundan sui-istifadə edilir”. Bu sözləri isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbirdə çıxışı zamanı səsləndirib. O bildirib ki, bu gün dünyanın 30 ölkəsində müxtəlif zəmində münaqişə gedir ki, bunlardan 12-si dini zəmində baş verir: “Dinlər daxilində radikalizm, ekstremizmlə mübarizə güclənməlidir. Radikalizm təkcə İslamda deyil, xristianlıqda, hətta humanizm dini hesab edilən buddizmdə də var”.

M. Qurbanlı qeyd edib ki, tolerantlıq dünyanın ən alternativ seçimlərindən biridir və harada multikulturalizm varsa, orada tolerantlıq da olmalıdır: “Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda tolerantlıq Azərbaycan vətəndaşları üçün həm də mənəvi öhdəlikdir. Bu, bizdə qanunla tənzimlənsə də, həm də xalqın qan yaddaşındadır, onun tələbatıdır. Baxmayaraq ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalıb, Bakıda erməni kilsəsi qalmaqda davam edir. Azərbaycanda yəhudi ravvini ilə müsəlman axund bir yerdə oturub çay içir, müzakirələr aparır”.

Komitə sədri təklifini də açıqlayıb: “Təklif edirik ki, ATƏT hər il ən tolerant şəhər müsabiqələri keçirsin, bu istiqamətdə araşdırmalar aparsın. Mən əminəm ki, bu araşdırma və müsabiqələrdə Azərbaycan birinci yeri tutacaq”.