Din xadimi: Belə şəraitdə dini ayinlərin kütləvi şəkildə keçirilməsi məqsədəuyğun deyil

0
722

Pandemiyanın yayıldığı müsəlman ölkələrində də genimiqyaslı dini ayinlərin keçirilməsi təxirə salınıb

“Dünyanın bir sıra ölkələrində indiyə qədər tibb elminə məlum olmayan yeni növ koronavirus yayılaraq pandemiyaya çevrilib. Odur ki, bu gün bəşəriyyət COVID-19 üzərində qələbə çalmaq üçün mübarizəni davam etdirir. Bu məsələ ölkəmizdə də ciddi nəzarət altındadır. Yeri gəlmişkən onu da bildirim ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlara tapşırıq və tövsiyələrlə müraciət edib.”

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov söylədi.

Bildirdi ki, koronavirus pandemiyasının tüğyan etdiyi bir şəraitdə insanların kütləvi bir məkana  toplaşması yoluxma ehtimalını daha da artırır: “Elə bu səbəbdən də bu il Qafqaz Müsəlmanları İdarəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını, məlumatlarını nəzərə alaraq Məhərrəm ayı ilə bağlı fətva vermədi. Zənnimcə, pandemiya təhlükəsi ilə üz-üzə qaldığımız bir dönəmdə belə bir addımın atılması təqdirəlayiqdir. Unutmayaq ki, məscidlər insanların kütləvi toplaşdıqları məkanlardandır. Yeri gəlmişkən onu da qeyd edim ki, pandemiyanın yayıldığı müsəlman ölkələrində də genimiqyaslı dini ayinlərin keçirilməsi təxirə salınıb”.

Müsahibimiz daha sonra vurğuladı ki, ümumiyyətlə, belə şəraitlərdə dini ayinlərin kütləvi şəkildə keçirilməsi məqsədəuyğun deyil: “Hətta zamanında peyğəmbərimiz (s.a.s.) COVID-19 kimi yoluxucu virusların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üsulları ilə bağlı son dərəcə yararlı tövsiyələr vermişdir. Belə ki, Hz. Məhəmməd (s.a.s) buyurmuşdur: “Əgər bir yerdə yolxucu xəstəlik üz verərsə, oraya getməyin. Əgər sizin olduğunuz yerdə yolxucu xəstəlik baş qaldırarsa, oranı tərk etməyin.” Bu mənada mən deyərdim ki, bugünkü durumumuz üçün bundan gözəl çağırış ola bilməz. Ümid edirəm ki, Allah-Təala tezliklə xalqımızın üzərindən bu bəlanı dəf edəcək və normal həyat  bərqərar olacaqdır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”