DİN baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

29

Oktyabrın 13-də səhər saat 6:40 radələrində aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alan 25 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs olunub.