Dilimizin təəssübkeşi – Tofiq Hacıyev

362

Tofiq İsmayıl oğlu Hacıyev… Bu ad həmişə Azərbaycan ədəbi dilinin tarixi, türkologiya ilə yanaşı çəkilib və çəkilməkdədir. Çünki o bu sahələrdə elə dərin izlər qoyub ki… Bu gün bu tanınmış dilçi alimin, akademikin, Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvünün anadan olduğu (1936 -27.11.2015) gündür.

Müxtəlif təhsil ocaqlarında fəaliyyət göstərmiş, dilçilik, xüsusilə də türkologiya üzrə ciddi elmi araşdırmaların aparılmasına və bu sahə üzrə milli kadrların yetişdirilməsinə (Elbruz Əzizov, Cəlil Nağıyev, Kamil Vəli Nərimanoğlu, Nizami Cəfərov və başqaları) məsələsinə böyük önəm vermiş, səmərəli elmi-pedaqoji fəaliyyət göstərmiş, bir müddət AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsində (2013-2015) də çalışmış Tofiq Hacıyev 40-a yaxın kitabın və 500-dən çox məqalənin müəllifidir. Onun hər bir əsəri maraqla qarşılanıb və yüksək dəyər qazanıb. Bu mənada o, dilimizin əsil təəssübkeşi olub. Bütün ömrünü real elmi mənbələrdən bəhrələnərək soy kökümüzün təmiz türk başlanğıcını sübuta yetirən bir alim idi o… T. Hacıyev əsərlərinin birində Azərbaycan türklərinin ölkəmizdə aborigen xalq olması məsələsinə aydınlıq gətirərək yazırdı: “Azərbaycanlılar etnik və dil kökünə görə türkdür. Bu türkcə heç bir başqa sistemli dilin assimilyasiyası deyil”. Bu yerdə dilçiliklə bağlı keçirilən hər bir tədbirdə söylənilən bir fikri də vurğulamaq istərdim: “Akademik Tofiq Hacıyev dilçilik elmimizin ən yüksək zirvəsində özünə möhkəm yer tutan, məktəb yaradan ən görkəmli Azərbaycan alimlərindən biridir”.

Görkəmli türkoloq alim Tofiq Hacıyevin Azərbaycan dilçiliyi sahəsindəki səmərəli fəaliyyəti ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib. O, 1999-cu ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, 2009-cu ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. O, türkologiya sahəsindəki xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin “Ləyaqət” nişanına da layiq görülüb. Bakı Dovlət Universitetinin jurnalistika fakultəsini dekanı, professor Cahangir Məmmədlinin təbirincə desək, “Ləyaqət nişanı” söz birləşməsi Tofiq Hacıyevin bütün yaşam tərzinə ən yaxşı yaraşan bir ifadədir.

Yeri gəlmişkən onu da qeyd edim ki, Tofiq Hacıyevin tələbəsi olmaq mənə də nəsib olub. Onun hər dərsini səbirsizlikə gözləyərdim. Çünki Tofiq müəllim auditoriyaya daxil olan kimi özünün maraqlı mühazirələri ilə digər fənlərin yorğunluğunu bir anda alardı. İndi də Bakı Dövlət Universitetinə yolum düşəndə gözüm onu axtarır. Hər dəfə də elə bilirəm ki, pilləkənin başına çatanda onun hər kəsə təbəssüm yağan çöhrəsi ilə üz-üzə gələcəyəm. Həlim, insana sevgi dolu səsi hər zaman qulaqlarımdadır. Mənə elə gəlir ki, o səs təkcə mənim ruhuma, yaddaşıma deyil, sevdiyi bütün tələbələrinin və bir də mühazirə söylədiyi bütün auditoriyaların dilsiz divarlarına da hopub.

Allah rəhmət eləsin.

Qvami