Dilimizi infarkt edirik?

650

Bilirəm, yenə müasir görünmək istəyən oxucuları bir az hirsləndirəcəyəm. Nə edim, axı mən də hirslənirəm! Məsələn, indicə radioda xəbərləri dinləyirdim. Xəbərləri oxuyan adam belə bir cümlə işlətdi: “Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan “Bakı-2015” Avropa oyunlarına qatılacağını açıqlayıb”.

Cümlədəki bu “qatılmaq” feili məni hövsələdən çıxartdı. İndiyədək “iştirak edəcək” deyirdilər. Üzeyir bəy demişkən, görəsən, bu “iştirak etməyin” nəyi və harası bizim millətsevərlərə xoş gəlməyib ki, birdən birə bezib, “iştirak etməyi” bir kənara atıb, “qatılmaq” deməyə başlayıblar?

İcazə verirsinizsə, bu barədə mülahizələrimi sizinlə paylaşım. “İştirak” “hissədar olmaq,” “birlikdə olmaq,” “baş verəcək/verən bir işdə bərabərhüquqlu olaraq rol oynamaq, “başqaları ilə birlikdə eyni hüquq və səlahiyyətlər daxilində hərəkət etmək,” “ortaq olmaq” mənalarını verir. “Müştərək” sözü də “iştirak”la eyni kökdəndir – müştərək hərəkət etmək, filan məsələnin müzakirəsində başqaları ilə birlikdə iştirak etmək. Göründüyü kimi, bu feillərdə ifadə edilən mənanın arxasında failin, yəni işi görənin iradəsi, əzmi, istəyinin dayandığı açıq-aşkar hiss edilir.

İndi gələk “qatılmaq” sözünə. Digər bir çox uydurma sözlər kimi, bu söz də Türkiyədə erməni Akop Dilaçarın Türk Dil Qurumuna rəhbərlik etdiyi dövrdə Osmanlıcanı ərəb-fars mənşəli sözlərdən təmizləmək məqsədi ilə icad edilmişdir. “Qatılmaq” feili “iştirak” sözünə sinonim ola bilsə də, onun qədər geniş ifadə gücünə malik deyildir. “Qatılmaq” feili daha çox “maye halında olan bir maddənin içərisinə kənardan daxil edilmək” mənasını verir və burada “iştirak” sözünün arxasında dayanan “iştirak edənin” iradə, əzm, istəyi yox, kənardan buna müdaxilə edənin (qatanın) iradəsi, əzmi, istəyi daha qabarıq şəkildə özünü hiss etdirir. Məsələn, bəzi saxtakarların etdiyi “südə su qatmaq,” yaxud “xörəyə duz qatmaq,” “xörəyə zəhər qatmaq,” “isti aşa soyuq su qatmaq” və s. və i.a.

Beləliklə, “iştirak etmək” əvəzinə, “qatılmaq” işlətmək bizim üfüqümüzün genişliyini yox, darlığını göstərdiyi üçün milli damarımızı da tıxamış olur. Bu və bunun kimi “icadlarımız” isə yaxın gələcəkdə azərbaycanlılığın infarktı ilə nəticələnəcəkdir. Gəlin, gül kimi dilimizin içinə zəhər qatmayaq! Dilimizi təmizləmirsiniz, dilimizi yetim hala salır, infarkt edirsiniz. Nə deyirsiniz, mənimlə razısınız?