Dialoq Forumunun türkiyəli iştirakçıları Quba məzarlığını ziyarət edib

412

Bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Türkiyədən olan iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Millət vəkili Qənirə Paşayevanın verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibində Türkiyədən olan millət vəkilləri, bələdiyyə sədrləri və Xocalı soyqrımı muzeyinin əməkdaşları var.

Nümayəndə heyətinə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqrım barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, buradakı müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Qeyd olunub ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyənləşib.

Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq zamanı bildirilib ki, bu kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. apa