“Deyərdim ki, şəhid oğlun gəldi…”

0
201

Həm idmançı, həm musiqçi… İndi ondan yalnız yarışlarda qazandığı medallar, diplomlar və bir vaxtlar muğam ifa etmək üçün əlinə aldığı qaval xatirə qalıb. Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olan Elman Əliyev 1994-cü ildə Mingəçevirdə dünyaya göz açmışdı.  Atası Rakif Əliyev övladının vətənə bağlı, qorxmaz, igid bir gənc olduğunu deyir. Zarafatları ilə həm böyüklərin, həm də kiçiklərin sevimlisi idi Elman.

Şəhid olacağını sanki hiss edirmiş Elman Əliyev. O, sonuncu dəfə 28 sentyabrda anası  Aygün xanım ilə danışıb, onu bağışlamağını istəyib. Həmin gündən sonra isə yaxınları onunla əlaqə saxlaya bilməyiblər.

Şəhidin böyük qardaşı Vüsal da hərbçi olduğundan qardaşlar az-az görüşürmüş. O, Elmanının döyüşə çox böyük ruh yüksəkliyi ilə, yüksək səslə girib döyüş yoldaşlarında da əhval ruhiyyəni artırdığını deyir: ”Elman hələ 13-14 yaşlarında olanda yoldaşları ona Elman əmi deyirdi, idmana çox bağlı idi, döyüş taktikasınıda çox yaxşı bilirdi. BMP tuşlayıcısı idi. Texnikadan da yaxşı başı çıxırdı. Hərdən evə gələndə anama zarafatla deyirdim ki, şəhid oğlun gəldi. Ona canlı şəhid kimi baxırdım. Özü də zarafatcıl idi. Qardaşım tək bizim fəxrimiz yox, bütün Azərbaycanın fəxri idi. O,Suqovuşan istiqamətində şəhid oldu”.

Nişanlı olan Mingəçevir şəhidi  Elman Əliyev ailənin son beşiyi olub.

Esmira Hidayətova, Mingəçevir