“Devalvasiya mətbəəçiliyə də mənfi təsir göstərib”

0
428

Manatın dollara nisbətən daha da ucuzlaşması ölkədə çoxsaylı problemlərin yaranmasına gətirib çıxarıb. Bu ucuzlaşma bir çox sahələrə mənfi təsir edib. Xüsusilə də, ölkədə bəzi ərzaq mağazalarının bağlanması, bəzi ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin bahalaşdırılması barədə məlumatlar yayılmaqdadır. Devalvasiyanın zərərləri qəzet və jurnalların dərc olunduğu mətbəələrdən də yan keçməyib. Hər bir sahəyə fərqli təsir edən devalvasiya, görəsən, mətbəələrdə nə kimi çətinliklər yaradıb? Manatın devalvasiyası mətbəələrin fəaliyyətinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı bizə açıqlama verən “Zaman-Azər” MMC-nin mətbəə işləri üzrə direktor müavini Ürfan Məmmədli bildirdi ki, qəzet istehsalına sərf olunan məhsulların hamısı – kağız, metal təbəqə, boya və kimyəvi dərmanlar xaricdən valyuta ilə alınır: “Qəzet istehsalı zamanı yalnız işçi qüvvəsinə və elektrik sərfinə yerli pul vahidi – manat xərclənir ki, bu da çap xərclərinin çox kiçik hissəsini təşkil edir. Nəzərə alsaq ki, manatın devalvasiyası bazarda gündəlik tələbat mallarının qiymətinin yüksəlməsini qaçılmaz edəcək, onda işçi qüvvəsinə xərclənən vəsaitin də artırılması labüd olacaq”.

“Qəzet istehsalı zamanı çap xərclərinin ən azı 43-45% artacağı gözlənilir”

“Manat dollar qarşısında dəyərini 48% itiribsə, bu, qəzet istehsalı zamanı çap xərclərinin ən azı 43-45% artması deməkdir. Hazırkı şəraitdə aztirajlı qəzetlərin bu ağırlığı qaldırmaları çox çətin görünür. Çünki bu artım belə qəzetlərin maya dəyərində aşkar hiss olunacaq. Tirajı 4-5 mindən çox olan qəzetlərin maya dəyərində artım 3-5 qəpik olacaq ki, bunu da satış qiymətinə əlavə etməklə vəziyyətdən çıxmaq olar. Biz müştərilərimizə qiymətlərin dəyişməsi barədə məlumat verəcəyik. Bu artımı daşıya bilənlərlə yolumuza davam edəcəyik. Çox güman ki, aztirajlı qəzetlərdən fəaliyyətlərini dayandıranlar olacaq. Əgər belələrinin sayı çox olarsa, bu, bizim də fəaliyyətimizə mənfi təsirini göstərəcək. Hətta bu bizi fəaliyyətimizi dayandırmaq mərhələsinə də gətirə bilər. Hər halda qarşıdakı 2-3 ayda bu barədə daha dəqiq danışmaq mümkün olacaq”,-deyə Ürfan Məmmədli bildirdi.

“Bunun qarşısını almaq mümkün deyil”

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə bizimlə söhbətində manatın devalvasiyasının hər bir sahəyə olduğu kimi, qəzetlərin işinə də mənfi təsir göstərdiyini dedi. Rəşad Məcid bildirdi ki, devalvasiya qəzetin satışlarına, abunə və reklam məsələsinə mənfi təsir edəcək: “Ancaq bu kimi prosesləri biz qəzetin fəaliyyətinin 24 ili ərzində çox görmüşük. Belə inflyasiyalar, iqtisadi çətinliklər dövrü əvvəllər də olub. Güman edirəm ki, bu dövrü də normal keçirəcəyik”.

Rəşad Məcid dedi ki, problemlərin çoxu isə əsasən mətbəə ilə bağlıdır: “Çünki mətbəələr əvvəlki devalvasiyadan bəri qiymətləri qaldırıblar. Bunun qarşısını almaq isə, demək olar ki, mümkün deyil. Sadəcə, bu vəziyyətdən ağrısız, acısız keçmək üçün əlimizdən gələni edəcəyik”.

Nərmin Haqverdiyeva