“Devalvasiya idxaldan asılı olan məhsulların qiymətini artıracaq”

517

İqtisadiyyat və Sənaye naziri: “Dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın”.

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta məzənnələrinə əsasən ABŞ dollarının məzənnəsi 50 qəpik, yaxud 47,63% bahalaşaraq 1,55 manat olub. Azərbaycan manatı son 10 ay ərzində ikinci dəfə devalvasiya olunub. AMB-dən bu məsələ ilə bağlı “Zaman-Azərbaycan” qəzetinə daxil olan bəyanatda deyilir: “Qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarmışdır.

Bütün bu proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmişdir. Ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalmışdır. Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilmiş, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmuşdu. Lakin cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyətli dərəcədə artırmışdır. Eyni zamanda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlamışdır. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötmüşdür. Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri etmişdir. Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etmişdir. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdir. Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcəkdir”.

“Marketlərdə alıcı sıxlığı yaşanıb, bəzi satış obyektləri fəaliyyət göstərməyib”

Qeyd edək ki, devalvasiyadan sonra ölkəmizdə əhali arasında qiymətlərin bahalaşacağı ilə bağlı panika var. Bu isə səbəbsiz deyil. Belə ki, dünən və srağagün ticarət mərkəzlərində, mağazalarda, marketlərdə alıcı sıxlığı yaşanıb. Bəzi satış obyektləri isə, ümumiyyətlə, fəaliyyət göstərməyib.

İqtisadiyyat və Sənaye Nazirliyi isə süni şəkildə qiymətləri bahalaşdıranlara qarşı sərt tədbirlərin görüləcəyini açıqlayıb. Qurumun mətbuat xidmətindən “Zaman-Azərbaycan”a daxil olan məlumatda deyilir: “Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində manatın idarəolunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul etmişdir. Bununla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilmişdir. Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir”.

Lakin nazirliyin bu açıqlamasına baxmayaraq, bir çox şirkətlər qiymət bahalaşmasının qaçılmaz olduğunu vurğulayıblar. “Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixində imzaladığı üzən məzənnə rejiminə keçilməsi barədə qərarına əsasən, manatın məzənnəsinin ABŞ dollarına nisbətən növbəti dəfə aşağı düşməsi “Veysəloğlu” Şirkətlər Qrupunun distribüterlik etdiyi məhsulların qiymətlərinə də təsirsiz ötüşməyəcək”. Qrupun İctimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması şirkət üçün də bir sıra çətinliklər yaradıb: “Hazırda şirkət özünün qiymət siyasətini yenidən nəzərdən keçirir. “Veysəloğlu”nun distribüterlik etdiyi məhsulların qiymət siyasəti Mərkəzi Bankın üzən məzənnə siyasətinə əsasən manatın məzənnəsinin dünya valyutasına konvertasiyasına uyğun olaraq, bazarın tələb və təklifinə nisbətini müəyyən edərək həyata keçiriləcək. Bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib”.

Məhsullarını köhnə qiymətə satmaq fikrində deyillər

Manatın ucuzlaşması təkcə ərzaq məhsullarının qiymətində deyil, elektronik məhsulların qiymətinə də təsir göstərib. Məsələn, Azərbaycanda ən populyar “onlayn” satış sistemlərindən biri – elektronika məhsullarının “onlayn” satışı ilə məşğul olan “from.ae” saytında qiymətlər dəyişib. Belə ki, burada əvvəllər manatla göstərilən qiymətlər artıq dollarla göstərilir.

Cəmi bir həftə əvvəl saytda 341 manata satılan “LG G3 Dual D858HK 32GB LTE Titan” telefonu isə hazırda 278 dollara və ya 431 manata təklif olunur. “iPhone”ların qiymətində daha ciddi artım var. “iPhone 6 16GB Gold” 656 manat olduğu halda, hazırda 603 dollar və ya 934 manat olub. Həmçinin mobil telefon satışı ilə məşğul olan “Integral Plus” mağazalar şəbəkəsinin rəsmi saytının texniki səbəblərə görə işləmədiyi bildirilir.

Elektronik məhsulların satışı ilə məşğul olan bəzi mağazaların saytı isə, ümumiyyətlə, işləməyib. Saytlara daxil olduqda isə bu cümlələrlə qarşılaşmaq mümkündür: “Üzr istəyirik, saytımızda texniki işlər aparılır”, “Sayt təmir məqsədilə bağlanıb. Tezliklə yenidən istifadənizə veriləcək” və s. Ancaq devalvasiyadan öncə bu saytların hər biri adi qaydada fəaliyyət göstərirdi və texniki işlər də görülmürdü. Aydın məsələdir ki, sözügedən texniki işlər devalvasiya ilə əlaqədardır və bir çox şirkətlər kimi, elektronik məhsullar satan mağazalar da öz məhsullarını köhnə qiymətə satmaq fikrində deyillər.

Alıcıları hansı “sürprizlər” gözləyir?

Sayt hazır olanda bilinəcək ki, alıcıları hansı “sürprizlər” gözləyir. Bəzi ərzaq mağazalarında satışın azaldılmasını isə burada çalışanlar dolların kursunun dəyişməsi ilə əsaslandırıblar. Lakin həmin mağazalarda çalışanlar da bu fikirdədirlər ki, bunlar müvəqqətidir, tədricən həm əhali, həm də satıcılar buna uyğunlaşacaqlar.

Qeyd edək ki, manatın növbəti devalvasiyası dərman vasitələrinə də təsirsiz ötüşməyib. Bu səbəbdən bir neçə günlüyə bağlanan, yaxud dərmanları artıq yeni qiymətlərlə satışa çıxaran apteklər də var. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev “modern.az”a bildirib ki, apteklərin müəyyən müddətə bağlanması dərman vasitələrinin yenidən qiymətinə baxılması ilə əlaqədardır. O, qeyd edib ki, manatın məzənnəsinin dəyişməsi tənzimlənən dərman vasitələrinə yenidən baxılmasını zəruri edib: “Lakin bu o demək deyil ki, tənzimlənən dərman vasitələrinin qiymətləri əvvəlkindən də baha qiymətə satılacaq. Çünki biz dərman vasitələrinin qiymətlərini dəfələlərlə aşağı salmışdıq və onların qiymətlərinə yenidən baxıldıqda belə burada artım ciddi hiss olunmayacaq”.

“Devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq”

Apteklərin bağlı olmasına gəlincə, qurumun sözçüsü bunu dərman vasitələrinin yeni qiymətlərə uyğunlaşdırılması ilə əlaqələndirib. Nazirlər Kabinetinin 2015-ci il aprelin 14-dəki qərarına əsasən, dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib. Bu il sentyabrın 15-dən ölkədəki dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi vahid qiymətlə satılmasına başlanılıb.

Dünən günün sonunda bahalaşma ilə bağlı mövcud vəziyyətə İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev özü də rəsmi olaraq münasibət bildirdi. APA-nın məlumatına görə, nazir deyib: “İstehlak bazarında süni qiymət artımının qarşısını almaq üçün bütün zəruri tədbirlər görüləcək. Təbii ki, dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın. Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq”.

Nicat İntiqam