Devalvasiya həm əhaliyə, həm də dövlət büdcəsinə zərbədir

544

Ötən ilin fevral və dekabr aylarında baş verən manatın devalvasiyası özü ilə bir çox problemlər əmələ gətirdi. Bu da ilk növbədə əhalinin dollarla olan kreditlərinin ödənilməsində əlavə baş ağrısına çevrilərək cəmiyyətin bütün təbəqələrinə özünəməxsus dərəcədə təsir etdi. Təbii ki, müxtəlif səbəblər, o cümlədən övladının təhsil haqqını ödəmək, qızına cehiz almaq, toy etmək və digər məişət problemlərini həll etmək məqsədi ilə banklardan dollarla kredit almağa məcbur edilən vətəndaşlarla bağlı məsələ daha çox önə çıxarıldı. Lakin manatın devalvasiyasından yalnız dollarla krediti olanların daha çox itirdiklərini, bu prosesin digər sahələrə təsir etmədiyini iddia etmək də sadəlövhlük olardı. İş orasındadır ki, manatın devalvasiyası analoji qaydada istər gündəlik tələbat mallarının, ərzağın, istərsə də digər sahələrin, o cümlədən müxtəlif təyinatlı məhsullar istehsal edən kiçik sexlərin bağlanmasına və minlərlə insanın iş yerlərini itirməsinə yol açdı. Eyni zamanda manatın devalvasiyası nəticəsində istər yerli istehsal olan, istərsə də xaricdən gətirilən müxtəlif təyinatlı məhsulların qiyməti dollar-manat nisbətinə uyğun olaraq bahalaşdı. Buna paralel olaraq, devalvasiyadan sonra əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi bazar münasibətlərinə təsir edərək alış-verişin azalması, bundan həm istehsalçıların, həm də dövlət büdcəsinin milyonlarla manat itirməsi ilə müşahidə olunmaqdadır.

İqtisadçı-ekspert Azər Mehdiyev manatın devalvasiyasının həm də dövlət büdcəsinə daxil olan gəlirlərin kifayət qədər azalmasına yol açdığını xüsusi vurğulayır: “Manatın devalvasiyasından sonra idxalat-ixracat əməliyyatlarının azalması, müxtəlif təyinatlı məhsul istehsal edən kiçik sexlərin bir çoxunun bağlanması, istehsal səviyyəsinin aşağı düşməsi təbii ki, dövlət büdcəsinə daxil olan vergilərin də azalması deməkdir. Bizim əlimizdə dövlət büdcəsinə daxil olan gəlirlərin nə qədər azalması barədə statistik məlumatlar olmasa da, azalmanı inkar etmək mümkün deyil. Uzağa getməyək, adi bir misal gətirim. Manatın devalvasiyası nəticəsində bir nəfərin ixtisara düşməsi dövlət büdcəsinin orta hesabla 30-40 manat itirməsi deməkdir. İş yerlərinin bağlanılması nəticəsində ixtisarların artması isə öz növbəsində təqaüdlərin, müxtəlf təyinatlı ödənişlərn ödənilməsində maliyyə çatışmazlığı deməkdir. Yenə də qeyd etmək istəyirəm ki, dövlət büdcəsinə daxil olmaların nə qəqər azalması barədə statistik məlumatlar verilmir. Bəlkə də ümumiyyətlə belə statistika aparılmır, onu da demək çətindir. Hər halda manatın devalvasiyasından sonra dövlət büdcəsinə daxil olmaların nə qədər azalması və bunun hansı fəsadlara yol aça biləcəyinin ciddi şəkildə araşdırılmasına və bundan nəticə çıxarılmasına ehtiyac duyulur. Çünki bütün hallarda adi məntiqlə belə manatın devalvasiyasının dövlət büdcəsinə daxil olan gəlirlərin azalmasına yol açdığı göz önündədir”.

Azər Mehdiyev dövlət səviyyəsində ixtisarlara yol verilməməsi, əlavə iş yerlərinin yaradılması ilə bağlı tapşırıqlar verildiyini də xatırlatdı. Lakin o belə hesab edir ki, istehsalı artırmadan, yeni iş yerlərinin yaradılmasına nail olmadan ixtisarların qarşısını almaq, inzibati yollarla manatın devalvasiyasının ağır nəticələrini aradan qaldırmaq, dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına nail olmaq mümkün deyil.

Bəzi ekspertlər isə belə hesab edirlər ki, manatın devalvasiyasından sonra idxalat-ixracat əməliyyatlarının zəifləməsi əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə, bu prosesin analoji qaydada yerli istehsalın azalmasına və daxili bazara da eyni dərəcədə təsir etdiyi şübhəsizdir. Bu isə o deməkdir ki, əgər manatın devalvasiyasından sonra dollar satışından dövlət büdcəsinə təxminən 2,2-3 milyard manat əlavə gəlir daxil oldusa, yuxarıda adı çəklən sahələrə prosesin eyni qaydada təsiri nəticəsində dövlət büdcəsinə təxminən 6-8 milyard dollar az gəlir daxil olacaq. Yəni, devalvasiya nəticəsində əldə edilən 2,2-3 milyard manat gəlir büdcənin təxminən 6-8 milyard manat itirməsi demək olacaq.

Devalvasiya büdcəxərclərini artırıb

Manatın devalvasiyası dövlət büdcəsinin xərclərinin də artmasına yol açıb. Məsələ ilə bağlı bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında iqtisadçı-ekspert Rövşən Ağayev deyib ki, manatın devalvasiyası dövlət büdcəsinin gəlirləri ilə yanaşı xərclərini də artırıb: “Əvvəlki büdcənin son variantı hələ 5-6 ay əvvəl tamamlanmışdı və xərclər 1 dollar=1,05 manat məzənnəsi ilə hesablanmışdı. 21 dekabr devalvasiyasından sonra valyuta ilə ödənən xərclər 1 dollar=1,6 manat məzənnə əsasında proqnozlaşdırıldı. Nəticədə, beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlük haqları 16 milyon, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının xərcləri 34 milyon manat artdı”.

Ekspertin sözlərinə görə, manatın məzənnəsinin il ərzində dəyişməsi büdcə üçün əlavə xərclər ortaya çıxaracaq. O xatırladıb ki, əlavə xərclər üçün hazırda dövlət büdcəsindən 316 milyon manat ayrılması nəzərdə tutulub. Ekspert deyir ki, əgər manatın devalvasiyası büdcə üçün təxminən 2,2-3 milyard manat əlavə gəlir yaratmışdısa, indi onun təxminən yarısı əlavə xərclərin ödənilməsinə sərf ediləcək.

Bir sözlə, manatın devalvasiyasının dövlət büdcəsinə daxil olan gəlirlərin azalmasına və buna paralel olaraq əlavə xərclərin ortaya çıxmasına yol açacağı göz önündədir. Belə bir vəziyyətdən yeganə çıxış yolu isə, Azər Mehdiyevin də qeyd etdiyi kimi, manatın devalvasiyası nəticəsində dövlət büdəcəsinə daxil olan gəlirlərin nə qədər azalmasının dəqiq hesablanmasından və gələcəkdə analoji addımlar atan zaman bundan nəticə çıxarılmasından asılıdır.

Səlcuq Oğuz