Deputat: Ölkə başçısının sahibkarlara dəyən ziyanın qarşılanmasına dair atdığı addımların analoqu yoxdur


Ölkəmizin yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri güclü sahibkarlar sinfinin formalaşmasıdır. Odur ki, son illər respublikamızda bu sahəyə göstərilən diqqət və qayğı daha da artırılıb. Hazırda bu qayğını bütün sahibkarlar hiss edirlər.

Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirilmiş müşavirədə  Prezident İlham Əliyev əyani şəkildə sübut etdi ki, bu diqqət və qayğı mütəmadi xarakter alıb.  Prezident bir daha bəyan edib ki, ağır günlərdə, bədbəxt hadisə baş verdikdə də dövlət hər zaman vətəndaşların, o cümlədən sahibkarların yanındadır və bundan sonra da daim onların yanında olacaqdır: “Təbii fəlakət – zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik”.

Həmin müşavirədə Prezidentin çıxışından bəlli oldu ki, bu hadisə ilk gündən ölkə başçısının nəzarətində olub.

Elə həmin gün dövlətimizin başçısının “Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında” Sərəncamı ilə zərərçəkmiş sahibkarların narahatçılıqlarına son qoyub. Prezident İlham Əliyevin bu humanist addımı sahibkarlar tərəfindən sevinclə qarşılanıb. Şübhəsiz, sığortalanmayan əşyalara görə sahibkarlara maddi yardım verilməsi ilə bağlı dövlət başçısı tərəfindən belə bir humanist addımın atılması təqdirəlayiqdir. Bu həm də ölkə başçısının hər bir vətəndaşının qayğısına qaldığının göstəricisidir. Yeri gəlmişkən, qeyd edək ki, adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Amma ölkə rəhbərinin də vurğuladığı kimi, hələlik ölkəmizdə sığorta sahəsində boşluqlar var və bəzi problemlər də buradan qaynaqlanır. Bununla da Prezident İlham Əliyevin hər bir sahibkarın himayədarı olduğunu bir daha ortaya qoyub.

Artıq dünəndən etibarən Komissiya fəaliyyətə başlayıb. Komissiya “Diqlas” ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara dəymiş ziyanı müəyyənləşdirir və müvafiq hesablamalar aparır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov mətbuata verdiyi açıqlamasında bildirib ki, iki hissədən ibarət olan “Diqlas” ticarət mərkəzinin birində qeydiyyatda 111, digərində 73 sahibkar olub. Ümumilikdə burada fəaliyyət göstərən sahibkarların sayı 250-dən çoxdur. Yəni zərərçəkmişlər arasında biznesə yeni başlayan və ya qeydiyyatdan keçməmiş sahibkarlar da var. Bütün bunların hamısı Komissiya tərəfindən araşdırılacaq.

Dünən isə Prezident İlham Əliyev “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamla 2019-cu il martın 26-da “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Mövzu ilə bağlı “İki sahil”ə açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Prezident İlham Əliyevin bu addımı təkcə zərərçəkmiş sahibkarlar tərəfindən deyil, ümumilikdə cəmiyyət tərəfindən müsbət dəyərləndirilib: “Ölkə başçısının sahibkarlara dəyən ziyanın qarşılanmasına dair atdığı addımların analoqu yoxdur. Çünki dövlətin həmin ziyanın ödənilməsi ilə bağlı heç bir öhdəliyi yoxdur. Unutmayaq ki, dünyanın heç bir ölkəsi öz vətəndaşlarının üzləşdiyi problemləri həll etmək üçün belə addım atmır, üzərinə bu qədər öhdəlik götürmür. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində həqiqətən də insan amili dayanır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”