Deputat: İslahatlar dərinləşəcək

0
237

Son illər ölkəmizdə genişmiqyaslı islahatlara start verilib. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, islahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Nəticədə, iqtisadi islahatlar sayəsində əldə olunun uğurlar sosial sahədə çox ciddi addımlar atılmasına imkan yaratdı. Belə ki, bu il minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz artırıldı. Bundan 830 minə yaxın insan bəhrələndi. Şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artırıldı. Sosial müavinətlərin orta hesabla iki dəfə artırılması isə 600 min insanı əhatə etdi. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı ki, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırdı. Dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman isə 800 min nəfərdən çox insana şamil olundu. Halbuki indiyədək dünyanın heç bir ölkəsi belə bir addım atmayıb. Elə buna görə də bu, öz miqyasına, əhatə dairəsinə görə iqtisadçılar tərəfindən inqilabi xarakterli sənəd kimi dəyərləndirildi.

Mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, ölkə başçısının atdığı bu addımlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına yeni bir təkan verib: “Belə ki, dünyanın bir sıra dövlətləri, o cümlədən beynəlxalq təşkilatlar iqtisadiyyatı möhkəm təməllər üzərində qurulmuş ölkəmizi insan inkişafı indeksinə görə də öndə gedən ölkələrdən biri kimi dəyərləndirirlər və təqdir edirlər”. 

Müsahibimiz, həmçinin vurğuladı ki, bu ilin ilk ayları ölkəmizdə xüsusən sosial sahədə həyata keçirilən və 3 milyon vətəndaşın rifahına birbaşa təsir göstərən tədbirlərlə əlamətdardır: “Qısa müddət ərzində bu qədər sosialyönümlü qərarların verilməsi bir daha göstərir ki, Prezident İlham Əliyev üçün ən ümdə məsələlərdən biri vətəndaşlarımızın yüksək rifah içində yaşamasıdır. Bu, həm də Prezident İlham Əliyevin cəsarətli və inamlı, ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür. Şübhəsiz, respublikamızın iqtisadi imkanları artdıqca vətəndaşlarımızın sosial rifahının daha da yüksəldilməsinin şahidi olacağıq. Artıq buna kimsə şübhə edə bilməz. Belə ki, bu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artıb. Bu isə  son illər ərzində ən yüksək göstəricidir. Sevindirici haldır ki, bu artımda qeyri-neft sektorunun payı 15,5 faiz təşkil edir. Prezidentimizin qeyd etdiyi kimi, bu, dünya rekordudur. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac 282 milyon ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac isə 40 milyon ABŞ dolları və ya 16,5 faiz  artıb. Bu, son illər aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir. Faktlardan göründüyü kimi,  bu gün Azərbaycan tərəqqi yolu ilə irəliləməkdə davam edir. Qeyd edək ki, Prezident İlham Əliyev artıq növbəti islahatların da anonsunu verib: “İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur”.  Bu isə o deməkdir ki, dövlətimiz əldə edilmiş nailiyyətlərlə kifayətlənmir. Bu mənada qazanılmış nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir. Bu da yaxın illərdə vətəndaşlarımızın sosial vəziyyətlərinin daha da yaxşılaşmasına növbəti töhfələrini verəcək. Bununla da iqtisadiyyatı güclü olan ölkəmizin vətəndaşlarının sosial rifahı daha da yaxşılaşacaq”.

Milli Məclisin deputatı ölkəmizdə uğurla həyata keçirilən islahatların fonunda son vaxtlar xaricdə fəaliyyət göstərən anti-Azərbaycan dairələrin, eləcə də  AXCP sədri Əli Kərimli kimi dağıdıcı müxalifətin fəaliyyətində fəallaşma nəzərə çarpdığını söylədi: “Şübhəsiz, onları narahat edən respublikamızın inkişafı, xalqımızın rifahının gündən-günə yüksəlməsidir. Amma dövlətin və xalqın milli maraqlarını satmaqla məşğul olanlar Azərbaycanı heç vaxt öz dinamik inkişaf yolundan döndərə bilməzlər”.

Qvami Məhəbbətoğlu, “İki sahil”