Deputat: Azərbaycan xalqı bu ili fərəh və qürur hissi ilə tarixinə yazdı

0
36

2020-ci il dünya tarixində bəşəriyyətin koronavirus pandemiyasına qarşı birləşməsi, daha dəqiq desək, ölkələrin bir-birindən təcrid olunması ilə yadda qalacaq. Bütün dünya iqtisadi çətinliklər, maddi itki və insan tələfatı ilə bağlı bu ilin uğursuz olduğunu vurğulayır. Ancaq Azərbaycan xalqı, bəlkə də, yeganə xalqdır ki, bu ili sevinclə, fərəh və qürur hissi ilə tarixinə yazdı. Bu il bizim məğlubiyyətlərimizin, torpaq itkilərimizin zəfərlə başa çatması, igid türk oğlu adımızın bərpası ili oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.

“Dəmir yumruq” əməliyyatı zəfərlə başa çatdı. Azərbaycan xalqı öz əzmini, birliyini, bütün təsir və təzyiqlərə rəğmən sınmadığını, əksinə, birləşdiyini, gücləndiyini sübut etdi. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin dediyi kimi, “hamıya sübut etdik ki, Azərbaycan xalqını əzmək, alçaltmaq olmaz”. Biz səbirli də olarıq, dözümlü də ola bilərik. Ancaq kükrəyə də bilərik və kükrədik, torpaqlarımıza alnı açıq, üzü ağ, zəfər bayrağı ilə qayıtdıq.

Dekabrın 10-da xalqımız qələbəsini Zəfər paradı ilə qeyd etdi. 30 ilə yaxın bir dövr ərzində işğal altında olan tarixi torpağını azad edən müzəffər Ordu öz Zəfər paradı ilə bu gün Cənubi Qafqazda ən qüdrətli, müasir, güclü Ordu olduğunu bütün dünyaya nümayiş etdirdi.

Bakının Azadlıq meydanı bir çox hadisələrin, gərgin anların şahidi olmuşdur. Burada müstəqillik qazandıqdan sonra bir neçə dəfə hərbi parad keçirilmiş və bunlar bizim haqqımızı tapdalamağa çalışan, qəsbkar qonşularımıza havadarlıq edən güc sahiblərinə bir mesaj idi. Bu göstərirdi ki, münaqişə sülh yolu ilə həll edilməsə, Azərbaycan dövləti onu hərb yolu ilə həll etmək iqtidarındadır. Bundan əvvəlki hərbi paradda Prezident İlham Əliyev xalqa müraciət edərək bildirmişdi ki, növbəti hərbi parad Qələbə paradı olacaq və Şuşaya sancılan Zəfər bayrağı bu meydana gətiriləcək. Bu gün biz dövlətimizin başçısının xalqa verdiyi bu sözə əməl etdiyini gördük. Şuşaya sancılan Zəfər bayrağı Azadlıq meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikası qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi.

Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət iştirak edirdi, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunurdu. Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi düşmənin bu gün hansı vəziyyətə düşdüyünü göstərir. Nə vaxtsa ordusunun Bakıya çatacağı ilə guya bizə hədə-qorxu gələn düşmənin hərbi qüvvəsi bu gün bizim rəşadətli döyüşçülərimizin əlində onların özlərinə qarşı tuşlandı. Bəli, həmin silahlar Bakıdadır, ancaq məğlub ordudan alınmış hərbi qənimət qismində.

44 günlük müharibənin hər saniyəsində qardaş, dost və müttəfiq Türkiyə Respublikası Azərbaycanın yanında olduğunu göstərdi, kimin dost, kimin düşmən olduğunu aşkar etdi. Bugünkü Zəfər paradı Azərbaycan xalqının qardaş və dostlarına qürur, düşmənlərə isə kədər və göz dağı verdi.

Həqiqətən, həyat təzadlar üzərində qurulub. O gün bizim xalqımız müzəffər Ordusunu salamlamağa, onun əzminə tamaşa etməyə çıxmışdı, məğlub etdiyimiz qonşular isə bir aydan çox davam edən məğlubiyyət və rəzalət yürüşünü davam etdirirdi.

Yaşasın bu qələbəni bizə yaşadan Müzəffər Ali Baş Komandanımız və onun rəhbərliyi ilə irəliləyən qalib Azərbaycan Ordusu! Yaşasın şanlı vətənimiz Azərbaycan!

Bu günlərimizi və bunun üçün canlarını fəda etmiş şəhidlərimizi unutmayaq! azərtac