“Demokrat” Paşinyan sən demə faşistlərə qulluq edənlərin nəslindən imiş…

0
170

“Dünya faşizm üzərində Qələbənin 75 illiyini qeyd etdiyi bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyanın babası Nikolay Vartanoviç Paşinyanın faşistlərə xidmət göstərdiyi haqqında faktlar üzə çıxıb. Bu, gözlənilən idi.”

Bu fikirləri politoloq Fikrət Sadıqov “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Həmsöhbətimiz bildirdi ki, üstəlik Nikol Paşinyanın babasının İkinci Dünya müharibəsinin bütün gedişatında faşistlərlə sıx əməkdaşlıq edən  Qaregin Njdenin legionunda Almaniya cəbhəsində vuruşduğu da məlum olub: “Elə bu fakt çox şeylərdən xəbər verir. Belə ki, özünü demokrat kimi qələmə verməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyan sən demə faşistlərə qulluq edənlərin nəslindən imiş. Əslində bunu əvvəllər də onun hər vəchlə faşizmə xidmət edənləri “qəhrəmanlar” kimi ideallaşdırmağa çalısması və bu istiqamətdə aktiv fəaliyyət göstərməsi  sübut edirdi. Bildiyiniz kimi, İrəvanda həmin şəxslərə abidələr ucaldılıb. Bu isə o deməkdir ki, işğalçı Ermənistan  müharibədə həlak olan on milyonlarla insanın xatirəsinə hörmətsizlik edərək faşist əlaltılarının nəinki xatirəsini qeyd edir, hətta onlara  abidə ucaltmaqdan da çəkinmir. Belə “qəhrəmanlardan” biri də Nikol Paşinyanın daha çox rəğbət bəslədiyi sovet hərb düşərgəsində həyatını başa vuran Qaregin Njdedir. Bir daha vurğulayıram ki, bütün bunlar sübut edir ki, Nikol Paşinyan faşistlərə qulluq edənlərin parlaq nümayəndəsidir.”

Müsahibimiz daha sonra dedi: “Elə bu son fakt da Nikol Paşinyana qarşı ciddi tədbir görülməsini bir daha gündəmə gətirir. Çünki faktiki olaraq Nikol Paşinyan bu gün Ermənistanda babasının kursunu açıq-aydın davam etdirir. Bu da qəbuledilməzdir. Yeri gəlmişkən,onu da qeyd edim ki, artıq Ermənistanda Nikol Paşinyana qarşı bir sıra qüvvələr bu istiqamətdə çıxış etməyə başlayıblar.  Yəni, bu fakta əsasən də  ona qarşı ciddi ittihamlar səsləndirirlər. Düşünürəm ki, bu, Nikol Paşinyanın karyerasının sona yetməsinin başlanğıcıdır. Başqa sözlə desək, Qaregin Njdenin şəxsiyyətinə münasibət Ermənistanın indiki hakimiyyəti üçün həlledici ana çevrilə bilər”.

Müsahibimiz fikrilərini bu sözlərlə yekunlaşdırdi: “Qaregin Njdenin qəhrəmanlaşdırılmasına qarşı beynəlxalq səviyyədə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev məsələ qaldırıb. Belə ki, dövlət başçımız ötən il oktyabrın 11-də MDB Dövlət Başçılarının Aşqabad Sammitində Ermənistanın bu hərəkətini kəskin pisləyib. Daha sonra Rusiya, eləcə də Avropa mediasında bu məsələ dəfələrlə pislənilsə də, İrəvanın mərkəzində ucaldılan abidələr hələ də yerlərindədir. Amma nə yaxşı ki, bu məsələ xüsusi aktuallıq kəsb etməkdə davam edir.  Üstəlik, faşistlərlə əməkdaşlıq ittihamı ilə bağlı həbs edilən və həbsxanada ölən Qaregin Njdeyə qiymət verilməsi məsələsi də gündəmdədir. Şübhə etmirəm ki, bu kimi faktlardan sonra həmin “qəhrəmanlar”ın abidələri da tarixin arxivinə göndəriləcək.”

Qvami Məhəbbətoğlu, “İki sahil”