“Deməyəsən ki, başa düşmədim…”

549

Bəli, Azərbaycan millisi öz meydançasında Maltadan 3 xal qopara bildi. Və bununla da milli komandamız “Avro-2016”nın seçmə mərhələsində ilk qələbəsini, ilk xalını qazandı. Bu matç millimizin baş məşqçisi Robert Prosineçki üçün də əlamədar oldu. Belə ki, onun millimizdə ilk rəsmi oyunu, daha doğrusu, siftəsi uğurlu alındı. Buna görə onu təbrik etməyə dəyər. Və təbrik də edirik.

Bu yüngülvari təbrikdən sonra həmin oyunla bağlı bəzi fikirlərimi oxucularımıza çatdırmaq niyyətindəyəm. Qələbəyə baxmayaraq, yığmamız azarkeşlərin ürəyi istəyən oyunu göstərmədi. Etiraf edək ki, rəqib zəif idi və bunun da nəticəsi idi ki, bəzi mövqelərimizdəki boşluqlar qabarıq şəkildə üzə çıxmadı.Sözün düzü, bu fikirlərimi dilə gətirməyə çəkinirdim. Amma oyundan sonra keçirilən mətbuat konfransında Malta millisinin baş məşqçisi Petro Qedin 2013-cü ildə yoxlama oyununda millimizə uduzduqları qarşılaşmanı xatrılatması və: “Həmin oyunda bizdə fiziki cəhətdən çox problem oldu. Azərbaycan millisi o vaxt daha yaxşı oynayırdı. Fərq ondan ibarətdir ki, biz bu dəfə zəif çıxış etdik”, – deməsi məni bir qədər cəsarətləndirdi.

Bilirəm, bu istinadıma görə kimsə məni rəqibə pas verməyimdə günahlandıra bilər. Yenə deyirəm, bunları yazmaqda məqsədim heç də o kişinin zəhmətini yerə vurmaq, yaxud rəqibə pas vermək deyil. Sadəcə, bir azarkeş kimi ürəyimdən keçənləri söyləmək istəyirəm ki, sabah Prosineçki cənabları, ya bir qeyrisi deməsin ki, bunlarda heç futbolu başa düşən də yoxdur. Bu yerdə bir həyat hekayəti yadıma düşdü. Deyirəm, elə sözümü həmin hekayətlə davam edim ki, çox uzunçuluğa yol verməyim, həm də nə demək istədiyim lap aydın olsun. Deməli, belə: Bir kişi oğlu ilə qonaqlığa gəlir. Ev yiyəsinin hazırladığı aş çox şor olduğundan onu gətirib ortalığa çəkəndə bütün qonaqlar, o cümlədən qonaq gəlmiş oğlan da bir qaşıq ağzına qoyub əlini geri çəkir və “Toxam, evdə yeyib gəlmişəm”, – deyə ev yiyəsinə öz təşəkkürünü bildirirlər. Oğlanın atası isə başını aşağı salıb doyunca yeyir. Evlərinə gələndən sonra oğlan ac olduğunu deyərək anasından xörək istəyir. Oğlunun bu sözləri atanı acıqlandırır. Odur ki, qonaqlıqda ev yiyəsinin xahişinə baxmayaraq xörək yemədiyi üçün onu danlamağa başlayır.

Oğlan çox şor olduğuna görə aşı yemədiyini söyləyir. Atası oğluna acıqlanaraq deyir:

– Bəs nə üçün sən bunu qonaqlıqda mənə demədin ki, mən də başqaları kimi xörəkdən əlimi çəkib yeməyəydim. İndi ev yiyəsi mənim qanmaz olduğumu, heç nəyi başa düşmədiyimi fikirləşəcək.

Kişi bu sözləri deyərək geyinib evdən çıxır. Axşam qonaq getdikləri evin qapısını döyərək ev yiyəsini bayıra çağırtdırır. Gecə yarı kişinin nə səbəbə bu uzun yolu qayıdıb bir də gəldiyindən qorxuya düşən ev yiyəsi:

– A kişi, xeyir olsun, bu gecə yarısı gəlməkdə məqsədin nədir? – deyə soruşur.

Kişi cavabında deyir:

– Gəlmişəm deyim ki, məni qanmaz hesab etməyəsən. Deməyəsən ki, başa düşmədim, aşın yaman şor idi.

Hə, cənab Prosineçkinin komandasının Malta ilə oyununu mən də əməlli-başlı izlədim. Sözün düzü, millinin oyununda elə bir ciddi dəyişiklik görmədim. Halbuki elə bilirdim ki, onun ağızdolusu danışdığı fəlsəfəsi sayəsində millimiz xarüqələr yaradacaq. Amma etiraf edim ki, millimizin oyunu mənə “Qarabağ” komandasının oyununu xatırlatdı. Bu mənada mən deyərdim ki, Prosineçki millimizə Qurban Qurbanovun futbol fəlsəfəsini gətirib. Odur ki, deyirəm: “Deməyəsən ki, başa düşmədim, oyunun “Qarabağ”ın oyunu idi, etiraf etsən də, etməsən də…” Amma cənab Prosineçki nədənsə bunu öz fəlsəfəsi adlandırır.

Bu sözləri mən qəzet səhifəsinə çıxartmaq istəmirdim. Prosineçkinin qapısını döyüb özünə demək fikrində idim. Nə yazıq ki, ünvanını bilmədiyim üçün belə bir addım atmaq məcburiyyətində qaldım.

QVAMİ MƏHƏBBƏTOĞLU