Debat Mərkəzi problemlər məngənəsində sıxılan ailəyə yardım edəcək

646

Bütün dünyada olduğu kimi, ölkəmizdə də maddi problemlər məngənəsində sıxılan insanların sayı kifayət qədərdir. Bununla bağlı 01.04.2017-ci il tarixdə yazı gərc etdirmişdik. Atdığımız addım öz bəhrəsini verib. Belə ki, xeyirxah insanlar yazı ilə tanış olduqdan sonra həmin ünvandakı ailəni ziyarət ediblər.

Bu gün Mingəçevir Regional Debat Mərkəzinin kollektivi və Mingəçevir İstək Liseyinin kollektivi də bu ailəyə baş çəkib. Onlar ailənin problemləri ilə yaxından tanış olub, ailədəki xəstə uşaqların halına görüb üzülüblər. Bu ziyarətdən sonra  Debat Mərkəzi gözəl bir təşəbbüs irəli sürüb. Belə ki, həmin ailəyə dəstək olmaq məqsədi ilə Debat Mərkəzi may ayında xeyriyyə konserti təşkil etmək və əldə olunan vəsaiti bu ailənin problemlərinə yönəltmək niyyətindədir. Bu barədə Mingəçevir Debat Mərkəzinin sədri Etiram Sadıqzadə məlumat verib.

Xatırladaq ki,  Mingəçevir sakini Əhmədova Nuranə bildirib ki, 2 yaş yarım olan ürəkqüsurlu oğlu və beyin iflici olan yaş yarım qızının vəziyyəti gündən-günə pisləşir. Ailənin evi olmadığına görə, Nuranə xanım anasının həyətindəki balaca, şəraitsiz bir daxmada yaşayır. Onun həyat yoldaşı 3-cü qrup əlildir. Bu vəziyyətdə yaşayan ailə ünvanlı sosial yardım almaq üçün müraciət də edib. Lakin onlara bildiriblər ki, sizə ünvanlı sosial yardım düşmür. Nuranə Əhmədovanın sözlərinə görə, anası hər gün onun-bunun qapısında ev işləri görməklə onlara kömək edir.

 

Esmira Hidayətova,Mingəçevir.