DÇ-2018: Seçmə mərhələnin “ən”ləri, rəqəmləri və rekordları

521

Gələn il Rusiyada keçiriləcək dünya çempionatının təsnifat mərhələsi başa çatıb. Apasport.az-ın məlumatına görə, FİFA-nın rəsmi saytı mərhələnin statistik göstəriciləri ilə bağlı yazı yayımlayıb.

 

Bildirilib ki, 209 komandanın başladığı yarışda sadəcə 31 komanda yekunda hədəfinə çata bilib. Ev sahibi Rusiya ilə birlikdə 32 komanda mundialın final mərhələsində çempionluq uğrunda mübarizə aparacaqlar.

 

Mərhələnin önə çıxan rəqəmlərini təqdim edirik.

 

Oyunlar və rekordlar

 

871. 12 mart 2015-ci ildən 15 noyabr 2017-ci ilə qədər 209 komanda üst-üstə bu qədər oyun keçirib.

 

63. İspaniya millisinin dünya çempionatı seçmə mərhələlərində məğlubiyyətsiz oyunlar seriyası bu qədərdi. Uğurlu ənənənin Qətərdə keçiriləcək DÇ-2022-ni seçmə mərhələsində davam etməsi istisna deyil. Bu nominasiyada ikinci ən yaxşı göstərici Nigeriya millisinə məxsusdur – 36 oyun.

 

22. Avstraliya Rusiyada çıxış etmək üçün məhz bu qədər oyun keçirərək rekorda ortaq olub. DÇ-2002-nin seçmə mərhələsində Honduras və Tirnidad və Tabako da bu qədər “əziyyət çəkmişdilər”. Avstraliya 22 oyun üçün ümumilikdə 250 min km yol qət edib.

 

Komandalar

 

4. Dünya çempionatı seçmə mərhələlərində debüt edən komandaların sayıdır. Kosovo, Butan, Cəbəllütariq və Cənubi Sudan ilk dəfə bu həyəcanı yaşayıblar.

 

7. Dünya çempionluğu sevinci yaşamış və DÇ-2018-də çıxış edəcək komandaların sayıdır. Brazilya, Almaniya, Fransa, İspaniya, Uruqvay, İngiltərə və Argentina növbəti dəfə ən güclü olmaq üçün yola çıxacaqlar. Yalnız İtaliya daha əvvəl bu sevinci yaşamış rəqiblərinin sırasında ola bilməyəcək.

 

21. Brazilyanın iştirak edəcəyi mundialların sayıdır. Rusiyadakı yerini hər kəsdən əvvəl – 28 mart 2017-ci ildə təmin edən “sambaçılar” bütün çempionatların final mərhələsində iştirak etmiş yeganə komandadır. Növbəti pillədə isə 17 final mərhələsi görmüş Almaniya millisi gəlir.

 

20. Braziliyada keçirilən DÇ-2014-də iştirak etmiş və Rusiyada da meydana çıxacaq komandaların sayıdır. Maraq üçün deyək ki, Afrikadan yalnız Nigeriya 4 il sonra eyni qəhrəmanlığı təkrarlaya bilib.

 

36. Peru millisi bu qədər il sonra yenidən DÇ həyəcanı yaşayacaq. Cənubi amerikalılar sonuncu dəfə İspaniyada keçirilmiş DÇ-1982-də çıxış etmişdilər. Bundan əlavə Misir yığması 28 (sonuncu dəfə ABŞ-1994) və Mərakeş millisi 20 il (sonuncu dəfə Fransa-1998) sonra dünyanın ən böyük futbol yarışından çıxış edəcək.

 

Qollar və qol vuranlar

 

2457. 871 oyunda bu qədər qol vurulub. İlk qolu 12 mart 2015-ci ildə Şərqi Timur Monqolustanın qapısından keçirib (1:4). Sonuncu dəfə isə Perunun Yeni Zelandiyanı 2:0 məğlub etdiyi matçda Kristian Ramos fərqlənib.

 

16. Təsnifat mərhələsinin bombardiri olmuş 3 futbolçunun vurduğu qolların sayıdır.

– Muhammed Al Sahlavi (Səudiyyə Ərəbistanı)

– Ahmet Xalil (Birləşmiş Ərəb Əmirlikləri)

– Robert Levandovski (Polşa)

 

5. İki futbolçu bir oyunda ən çox bu qədər qol vurub.

– Muhammed Al Sahlavi (Səudiyyə Ərəbistanı) – Şərqi Timur matçında

– Karlos Ruiz (Qvatamela) – Sent Visent və Qrenadaya qarşı oyunda

 

* Qol vuran

– Ən gənc oyunçu: Ahmad Al Sarori (Yəmən) – 17 yaş, 95 gün

– Ən yaşlı oyunçu: Pablo Eskobar (Boliviya) – 38 yaş, 91 gün

 

* Meydana çıxan

– Ən gənc oyunçu: Antoni Likiliki (Tonqa) – 15 yaş 257 gün

– Ən yaşlı oyunçu: Dedi Aristid (Terks və Kaykos Adaları) – 44 yaş 293 gün