“Danabaşlar” adlı yeni tamaşa hazırlanır

500

Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhərində yerləşənAzərbaycan Dövlət Dram Teatrında YUĞ DövlətTeatrının rejissoru, UstadVaqifİbrahimoğlunun istedadlı tələbələrindən olan Mir Sahib Ağazadə Cəlil Məmmədquluzadənin nəsr əsərləri əsasında “Danabaşlar” adlı yeni tamaşa hazırlayır.
Mirzə Cəlilin “Danabaş kəndinin məktəbi”, “Danabaş kəndinin əhvalatları” povestləri, “Poçt qutusu”, “Lal” hekayələri və digər əsərləri əsasında səhnələşdirilən tamaşanın janrı bir hissəli qəmli komediya kimi təyin olunub. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Naida Alimetova, ikinci rejissoru Hörmət Aslanovdur. Qeyd edək ki, tamaşanın musiqi tərtibatı da quruluşçu rejissor Mir Sahib Ağazadəyə məxsusdur. Tamaşada teatrın, demək olar ki, bütün yaradıcı heyəti iştirak edir.
Quruluşçu rejissor Mir Sahib Ağazadənin sözlərinə görə, tamaşanın ideya xətti Mirzə Cəlilin uçitel personajının dediyi kimi, “uceniye svet, ne uçeniye tma” olaraq götürülüb. Zülmət cəhalətin, işıq isə elmin, tərəqqinin rəmzidir. Bu da tamaşada müəyyən simvolika ilə öz əksini tapır. Rejissor onu da vurğulayır ki, sonda mən Kərbəlayilərin, Əhmədin və b. bütün bu bədbəxtçilikləri ilə tamaşanı bitirməmişəm. Bir ümid və işıq üçün yer qoymuşam. Seçim yenə tamaşaçınındır. Nə dərəcədə işıqlı, nə dərəcədə zülmət kimi görmək istəsə və ya görsə elə də görəcək.
Hazırda məşqləri gedən səhnə əsərinin premyerası iyun ayının əvvəllərinə planlaşdırılır.
Eyni zamanda teatrda Dağıstanın əməkdar artisti Yaqut Xandadaşovanın quruluşunda “Hicran” tamaşasının hazırlanması da nəzərdə tutulub. Teatrda uzun müddət ikinci rejissor işləmiş Hörmət Aslanova da yeni bir tamaşanın quruluşu həvalə olunub. Teatrın baş rejissoru Ər-Toğrul Kamalovun sözlərinə görə, gələcəkdə də Dərbənd Azərbaycan teatrında gənc sənətçilərə özlərini sınamaq, yaradıcı potensialını isbatlamaq üçün həmişə şərait yaradılacaq. Teatrın baş rejissoru həmçinin onu da bildirib ki, yaxın gələcəkdə Azərbaycan teatrı klassik Azərbaycan dramaturgiyası nümunələri ilə yanaşı, müasir dramaturqların əsərlərinə də müraciət edəcək.