Damanskin azərbaycanli qəhrəmani (1)

553
Ötən əsrin 60-cı illərinin sonlarında onun adı Azərbaycanda fəxr və qürurla çəkilərək təriflənər, haqqında onlarla məqalələr yazılar, qəhrəmanlığından şövqlə danışılardı.
 İndiki terminlə desək, bu qəhrəman günümüzün igid oğlu Mübariz İbrahimov qədər o dövrdə Azərbaycanda məşhur idi. Pionerlərə, komsomolçulara, yetişməkdə olan gənc nəslə bu qəhrəman kimi vətəni sevməyi, igidliyi ondan öyrənməyi tövsiyə edərdilər. Yadımdadır “Azərbaycan pioneri” qəzetində, səhv etmirəmsə, 1969-cu ilin may ayında bu qəhrəman haqqında olduqca təsirli bir yazı çıxmışdı. Məktəbdə bizə, o vaxt 5-ci sinif şagirdlərinə Damansk qəhrəmanı haqqında yazını oxuyub danışmağı  tapşırmışdılar. Həmin vaxt bizimlə paralel sinifdə oxuyan, hazırda memar işləyən Cabbar Musayev Damansk qəhrəmanının “Azərbaycan pioneri” qəzetindəki şəklini məharətlə rəsm dəftərinə köçürmüş və buna görə müəllimlərin xüsusi təşəkkürünü almışdı. O bizim nəslin sevimlisi idi və o vaxt onun haqqında təxminən şeir hesab etdiyim bu sözləri yazmışdım: “Düşmənlə vuruşdu, qəhrəman oldu. Mən də qəhrəman olmaq istəyirəm onun kimi…”

Əzİz Mustafa

O vaxt ağlıma  belə gəlməzdi ki, üstündən 46 il ötəndən sonra bir vaxtlar Damanskda baş verənlər barədə serial yazarkən düşmənlə döyüşlərdə  qəhrəmancasına həlak olanlar siyahısında onun da adını görüb yenidən keçmişə, məktəb illərimə qayıdaraq kövrələcəyəm. Bəlkə də çoxları bizim nəslin bu qəhrəmanı haqqında yazdığım yazını oxuyanda məsələyə günümüzdəki vəziyyətdən yanaşaraq, onun sovet ordusu sıralarında vuruşduğunu, Azərbaycana deyil, bununla işğalçılara xidmət etdiyini söyləcəklər. Amma bu belə deyil, istər II Dünya müharibəsində Sovet ordusu sıralarında almanlara, istərsə də Almaniya tərəfindən sovetlərə qarşı vuruşan soydaşlarımız bizim tariximizdir və bu tarixi dəyişdirmək bizim imkanlarımız xaricindədir. Onlar hər iki tərəfdə Azərbaycanı təmsil edirdilər. Onların əks cəbhələrdə göstərdikləri qəhrəmanlıqlar da, Azərbaycanın adının döyüş meydanının hər iki tərəfində fəxrlə çəkilməsi də üstündən illər ötəndən sonra bizim üçün qürur, qəhrəmanlıq mənbəyi olaraq qalmaqda davam edir. Damansk qəhrəmanı da harada xidmət etməsindən asılı olmayaraq Azərbaycan xalqını təmsil edirdi və onun döyüşlərdə göstərdiyi igidliklər və döyüş meydanını tərk etmədən son nəfəsədək vuruşaraq qəhrəmancasına həlak olması və buna görə adının SSRİ-nin ali dairələrində xüsusi hörmətlə çəkilməsi bir millət kimi bizim üçün hər halda böyük fəxr idi…

 

Onun adı  Tofiq, soyadı Abbasov idi

Rusiyanın Primorye vilayətinin Xankaysk rayonunun Kamen Rıbolov kəndində Damansk qəhrəmanlarının şərəfinə əzəmətli bir abidə ucaldılıb. Abidənin üzərində iri hərflərlə “Heç kim unudulmur, heç nə yaddan çıxmır” sözləri yazılıb. Sonra isə 1969-cu ilin mart ayında Ussuri çayının Damansk adasında çinlilərə qarşı döyüşlərdə qəhrəmancasına vuruşaraq şirin canlarından keçən qəhrəmanların adları qızılı hərflərlə həkk edilib. Bu qəhrəmanlar arasında Azərbaycanın igid oğlu, vətəndən uzaqlarda mərdlik, hünər dastanı yazan, mənsub olduğu millətinin, dədə-babalarının şərəf yolunu təkrar edən soydaşımız Tofiq Abbasovun da adı var. Hər il abidənin önünə canlı çiçəklər gətirir, bu qəhrəmanların xatirəsi önündə baş əyirlər. Amma Damansk hadisələrinin üstündən 46 ildən artıq vaxt keçib və bu gün təəssüflər olsun ki, bu igid eloğlumuzun, qəhrəmanımızın adı respublikamızda, hətta onun adını daşıyan doğma məktəbdə belə, demək olar unudulub… Amma bu barədə sonra…

Tofiq Rza oğlu Abbasov 1945-ci ildə Dəvəçi rayonunda anadan olub. O anadan olduğu ildə bütün dünya II Dünya müharibəsində alman faşistləri üzərində qələbəni sevinclə qeyd edirdi. Bilmirəm, bəlkə də bu, təsadüfdür (hər halda həyatda təsadüf deyil, müəyyən qanunauyğunluqlar olur), ya taledir, amma Tofiq anadan olduğu il qələbə ili idi. Belə ki, faşist Almaniyasından sonra Yaponiya üzərində  də tarixi qələbə qazanıldı. 1945-ci ilin sentyabr ayının 2-də Yaponiya təslim olmaq haqqında sülh sazişini imzaladı və bununla da II Dünya müharibəsi başa çatdı. Tale Tofiqə belə bir ildə anadan olmağı nəsib etmişdi. Amma heç kim hələ onda bilmirdi ki, qələbələr ilində anadan olan bu oğlan üstündən illər ötəndən sonra Azərbaycandan minlərlə kilometr uzaqlarda Primoryedə döyüş meydanında qəhrəmancasına həlak olaraq ailəsinin, mənsub olduğu millətinin, yüz minlərlə soydaşının qürur və fəxrinə çevriləcək. Balaca Tofiq müharibəni görməsə də, müharibədən sonrakı ağır illərin şahidi oldu. Ağır müharibədən çıxan imperiyanın hər yerində o vaxt aclıq hökm sürürdü. SSRİ rəhbərliyi müharibənin vurduğu yaraları sağaltmaq üçün ucqar respublikaların üzərinə ağır vergilər qoymuşdu. Taxıl son qramına kimi Rusiyanın mərkəzlərində yaşayan və aclıq çəkən əhali üçün müsadirə edilirdi. Bu da, öz növbəsində, müharibədən sonra belə Azərbaycanın əksər rayonlarında əhalinin yarıac yaşamasına səbəb olmuşdu. Tofiq də uşaq ikən həmin dövrün ağır günlərini yaşamalı oldu. Amma sinəsində vətənə məhəbbət hissi vardı və hamı kimi, o da hələ uşaq ikən ağlının yaxşı kəsmədiyi bir vaxtda Stalin öləndə ağlamışdı. Tofiqin məktəb illəri digər uşaqlardan, həmyaşıdlarından, demək olar, fərqlənmirdi. Dəcəlliyi də vardı, sözə baxmamağı da və buna görə hərdən valideynlərinin, müəllimlərinin töhmətini alması da. Bütün bunlarla belə ciddiliyi, mərdliyi, sözünün üstündə möhkəm dayanması ilə onu yaxından tanıyanların hamısının sevimlisinə çevrilmişdi. Sonralar Rusiya Jurnalistlər İttifaqının üzvü, Ümumrusiya Azərbaycanlıları Konqresinin Primorye regional şöbəsinin mətbuat xidmətinin rəhbəri Tamara Volkova Tofiq Abbasov haqqında belə yazacaqdı: “Qəhrəmanların hər birinin həyat yolu hamı, xüsusilə yetişməkdə olan gənc nəsil üçün  bir nümunədir. Onlar uşaq ikən mərdlikləri, cəsurluqları, vətən sevgisi ilə digər soydaşlarından  fərqlənirlər. Mənə elə gəlir ki Tofiq Abbasovun həyatı da belə olub. Əks halda, döyüş meydanında qeyri-adi qəhrəmanlıqlar göstərməz, son nəfəsinə kimi döyüşməzdi. O, anadan əsl qəhrəman kimi doğulmuşdu, onun uşaqlıq illəri də, məncə, qəhrəmanlıqla, qeyri-adiliklərlə dolu olub”.

Mənə elə gəlir ki, həmkarım Tamara Volkova Tofiq Abbasov barədə bu sözləri yazarkən ruhən onun anadan olduğu Dəvəçini (Şabran) ziyarət edib, bir anlığa da olsa, qəhrəmanın uşaqlıq illərini yaşayıb.

 

Əbədiyyət zirvəsinə gedən yol

Tofiq Abbasovun qəhrəmanlığa, şərəf zirvəsinə gedən yolunun əsası isə o, 21 yaşında olarkən qoyuldu. 1966-cı ilin noyabr ayında Tofiqi hərbi xidmətə çağıraraq vətəndən uzaqlara Primoryeyə göndərdilər. Bilmirəm, həmin dövrdə doğma valideynlərindən, qardaş-bacılarından, qohumlarından, dost-tanışlarından ayrılanda, o hansı hissləri yaşayıb. Bəlkə, onlarla son dəfə görüşdüyünü, gedər-gəlməzə getdiyini hiss edib. Çünki biz özümüz də o dövrdə əsgərliyə gedərkən özümüzdən asılı olmadan doğmalardan ayrılmağın, uzun, sonu bilinməyən bir səfərə çıxmağın kədərini yaşamışıq. Tofiq Abbasov Primoryedəki SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Qırmızıbayraqlı Sakit okean sərhəd xidməti qoşunlarının 69-cu sərhəd bölməsində atıcı kimi xidmətə başladı. İlk günlər onun üçün çətin idi, adət etmədiyi şaxtalı havalar, hərbi xidmətin çətinlikləri, vətən, doğmalarının həsrət, rus dilini yaxşı bilməməsi problemlər çıxarırdı. Amma o hələ əsgərliyə kimi çox  sınaqlardan çıxmışdı və çətinliklərin nə olduğunu yaxşı bilirdi. Ona görə də tezliklə hərbi xidmətin qanunlarına da, çətinliklərə də öyrəşdi, həm əsgər yoldaşlarının, həm də zabitlərin sevimlisinə çevrildi. O hər an əsgər yoldaşlarının köməyinə gəlir, bildiklərini onlara öyrədir, bilmədiklərini isə öyrənməyə çalışırdı. O dövrdə atasına, ailəsinə yazdığı məktublarda tezliklə hərbi xidməti başa vurub qayıdacağını, sağ-salamat olduğunu, günlərinin yaxşı keçdiyini bildirirdi. Amma həmin dövrdə SSRİ ilə Çin sərhədində gərginlik artmaqda idi.

 

Əzİz Mustafa