Dalaşarlar, sakitləşərlər…

527

Son günlər yenə mədəniyyət aləmimizdə aləm qarışıb. Nə var, nə var, Beynəlxalq Muğam müsabiqəsinin 5 nəfər münsif üzvü: xalq artistləri – Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov və Əməkdar incəsənət xadimi Sərdar Fərəcov həmkarları “Şöhrət” və “Şərəf” ordenli, Xalq artistinin – Canəli Əkbərovun muğam müsabiqəsində münsif olmasının əleyhinə çıxıblar. Bu da yaşı səksəni haqlamaqda olan ağsaqqalın xətrinə dəyibmiş. Odur ki, o, neçə gündür, həmkarlarını quru yuyub yaş sərməkdədir. Özü də yuyanda elə ifadələr işlədir ki, gəl görəsən. Sözün düzü, muğam ifaçısının həmkarları ilə bağlı işlətdiyi sözlər ilə tanış olanda nitqim qurudu. Çünki mən indiyədək elə bilirdim ki, xalq artistlərinin ağzından həmişə dürr tökülür. Sən demə… Mən onun söylədiklərini yazıb köşəmə xələl gətirmək istəmirəm. Doğrudur, hazırda bu söz-söhbət həm saytlarımızın, həm də qəzetlərimizin mövzusudur. Hətta deyərdim ki, bu qarşılaşma taleyüklü məsələləri də kölgədə qoyub. Bu isə o deməkdir ki, bəzi yazarlar ənənələrinə sadiq qalaraq odun üstünə benzin tökməklə onu daha da alovlandırırlar. Yəni qıcıqlandırıcı suallarla qarşı tərəfi də üsyana çağırırlar. Və bundan sanki zövq alırlar. Buna lüzum varmı?

Ay mənim həmkarlarım, yəqin ki, siz Hüseyn Seyidzadənin ötən əsrin 60-cı illərində çəkdiyi “Yenilməz batalyon” filminə baxmısınız. Həmin filmdə belə bir epizod var: Hacı Xeyri tətil etmiş fəhlələrə göz dağı çəkmək məqsədilə malını matroslara yüklətmək qərarına gəlir. İşin gedişi zamanı fəhlələrin tətil etdiklərini başa düşən matroslar öz aralarında dava salmaqla bir mərəkə təşkil edirlər. Bundan hirslənən Hacı Xeyri matrosların rəhbərinə müraciət edərək deyir:

– Ağa zabit, soldatlar bu saat bir-birini öldürəcəklər, onlara acıqlanın.

Zabit də ona deyir:

– Cənab hacı, matroslar dalaşanda, gərək yaxına gəlməyəsən, mən bacarmaram. Məni xəşilə döndərərələr. Darıxma, vuruşarlar, dalaşarlar, sonra yenə sakitləşərlər. Yükün yerdə qalmaz.

Mənə elə gəlir ki, onların arasındakı bu dava da elə həmin matrosların davasına bənzəyir. Odur ki, deyirəm, ay həmkarlarım, yaxına gəlməyin, onlar da dalaşarlar, sakitləşərlər.

Qvami Məhəbbətoğlu