Dahi sərkərdə, tarixi şəxsiyyət

0
75

Qazi Mustafa Kamal Paşa hələ sağlığında Türkiyənin müstəqilliyinin, Cümhuriyyətin atası hesab olunurdu. Türkiyə tarixində oynadığı əhəmiyyətli rola görə 1928-ci  ildə Türkiyə Böyük Millət Məclisinin xüsusi qərarı ilə Mustafa Kamala  “Baş müəllim” dərəcəsi, 1934-cü ildə isə rəsmən “Atatürk” soyadı verilib.  Allahın türk xalqına xilaskar kimi göndərdiyi Atatürk 1938-ci il noyabrın 10-da  dünyaya vida edəndən sonra bütün əməlləri, varlığı, həyatı ilə əbədi yaşamaq, ölümsüzlük haqqı qazandı.  Təsadüfi deyil ki,  BMT-nin mədəniyyət, elm və təhsil sahəsi üzrə ixtisaslaşmış təşkilatı olan UNESCO tərəfindən 1981-ci il “Atatürk ili” elan olunmuşdu. 3 il  əvvəl isə türk alimləri kəşf etiyi Yupiterə bənzəyən  yeni planetə “Atatürk” adını verməyi qərara aldılar. “Nə mutlu türküm deyənə” sözlərinin müəllifi olan Atatürk haqqında dörd yüzə yaxın əsər yazılıb. Kitablar bu tarixi şəxsiyyətin insan olaraq necə biri olduğunu çox yaxşı izah edirlər. Bu kitablarda Atatürkün xarakteri, nikbinliyi,  zarafatları, qəribəliyi, hazırcavab olması və sair keyfiyyətlərindən bəhs olunur. 

2001-ci ildən  Atatürkə, Türkiyəyə və türk dünyasına ehtiram əlaməti olaraq Azərbaycanda Atatürk Mərkəzi fəaliyyətə bşlamışdır. Mərkəzdə Atatürk irsinin öyrənilməsi  və təbliği ilə yanaşı, türk dünyasının tarixi, mədəniyyəti və bu sferaya daxil ola biləcək digər məsələlər araşdırılır və nəşr olunur. Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürklə bağlı  nəşr olunan  kitab və sənədli materiallardan  bəzi faktların maraqlı olduğunu nəzərə alıb  qəzetimizin  oxucularına təqdim edirik.

Haqqında yazılanlara  görə, Atatürkün minlərlə kitabı olub, amma Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərini həyatı boyunca, hətta cəbhədə belə başucundan ayırmayıb. Hər gün kitabın təsadüfi bir səhifəsini açar və bir neçə səhifə oxuyarmış… Ən çox sevdiyi rəqs vals olub. Klassik musiqilərdən əlavə, Anadolu melodiyalarını da dinləməyi sevirmiş.  Yaltaqlığa nifrət edirdi, şit, bayağı tərifləri xoşlamırdı. “Atatürkün xidmətçisi idim” adlı bir kitabda yazıldığına görə, Atatürk yuxunu çox sevməzmiş. Həyatı cəbhələrdə keçən bir komandir olaraq yatmağa çox fürsət tapa da bilməmişdi. Müharibələr zamanı qısa müddət yatar, yəni paltarları ilə səyyar çarpayıya uzanar, eləcə bir neçə saat yatmağa səy edərmiş. Dövlət başçısı olunca yaxınlarından bir neçə adam “artıq indi yatmalısınız” deyə məsləhət görüncə, “xeyr, əsas böyük müharibə indi başlayır, müasir sivilizasiya səviyyəsinə çatmağımız üçün gecə-gündüz çalışmalıyıq”, – deyə etiraz edərmiş.

 Atatürk çox yaxşı geyinər, geyindiyi hər şeyi özü seçərmiş. Ayaqqabılarını Sirkəçidəki “Qızıl Çəkmə”yə və Bəyoğlundakı Nuru Ustaya tikdirərmiş.

 …Çanaqqala qələbəsi ilə məşhurlaşan gənc Mustafa Kamal həmin illərdə axırıncı Osmanlı hökmdarı Sultan Vahidəddinin kiçik qızı Səhibə Sultana evlilik təklifi edib. Səbihə Sultan isə öz əmisi oğlunu sevirdi. Buna görə də  illər sonra Türkiyə Cümhuriyyətinin əsasını qoyacaq Atatürklə  şahzadənin icdivacı baş tutmayıb.

Sakarya vuruşmasından çətin qalibiyyətlə qayıdan Mustafa Kamal Paşa Türkiyə Böyük Millət Məclisində hesabat xarakterli çıxış edir, problemləri və qarşıdakı çətinlikləri göstərir. Əsas diqqət də ərzaq və maddi təminatın çatışmazlığına yönəldir. Sakaryada əsgərlərin və düşmənlərin qida çatışmazlığını diqqətə çatdırır. Amma buna baxmayaraq o, qalib gəlmişdi, müvəffəqiyyətinə görə  “Qazi” adını almış və marşallığa yüksəlmişdir. Məhz bu səbəbdən Məclisə bir rəssam  Atatürkə ehtiram nişanəsi olaraq çəkdiyi tablonu  təqdim edir. Tablo Sakarya müharibəsini özündə əks etdirirdi və  Atatürk cüssəli, kök bir atın üzərində əzəmətli şəkildə təsvir olunmuşdu. Rəsm əsəri gözəl olduğundan salondakılar onu alqışlayır. Lakin Atatürk qəfildən rəssama deyir: “Bunu başqa kimsə görüb? Rəssam “xeyr” deyəndə əlavə edir: -Onda lütfən başqa heç kəsə göstərmə. Rəssam tutulur, nə deyəcəyini bilmir. Atatürk əlavə edir ki, rəsm kimi gözəl  sənət əsəridir. Amma burada at çox yaxşı , bəslənmiş, həmçinin mən də çox gümrah və tox görünürəm. Amma vallahi, belə deyildi. Sakaryada atlar bir dəri, bir sümük, bizlər isə az qala çöpə dönən birisi idik. Bilirsənmi bu nə deməkdir?  Səhvini anlayan rəssam deyir:- Bu rəsm Sakarya vuruşmasının dəyərini aşağı salan bir əsərdir.   Atatürk isə bu sözlərə yalnız gülümsəyir və rəssamın əlini sıxır.

  Günlərin bir günü  türk kəndlisinin qəzet kağızına bükülmüş siqareti çəkərkən əli yanır və “Aparın bunu, özü çəksin” deyərək Atatürkün ünvanına söyür. Məhkəməyə çıxarılan kəndli haqda Atatürkə məlumat verəndə: “Onu məhkəməyə aparmaqdansa, normal bir siqaret verərdiniz, çəkərdi”, – deyib.   

 Türkiyədə milli azadlıq hərəkatının başlanğıcında 1919-cu il dekabr ayının 18-də Atatürk Ərzurum və Sivas konqreslərindən sonra Sivasdan Ankaraya yola düşür, ertəsi gün o,  Kayseriyə gəlir və Hacı Bəktaşi Vəli pirinə getməyi qərara alır. Çünki Qızılbaş və Bəktaşilərin Orta Anadoluda nüfuzu çox böyük idi. Dekabr ayının 23-24-də Atatürk qızılbaşların Çələbici Cəmaləddin əfəndi və Hacı Bəktaşi Vəli pirinin Dədə vəzifəsini yerinə yetirən Salih Niyazi Baba ilə görüşmüşdür. Bu görüşün nəticəsində Qızılbaşlar milli mübarizədə müştərək hərəkət edəcəklərinə söz vermişdilər. 1920-ci il aprel ayının 23-də Böyük Millət Məclisi açıldığında Çələbi Cəmaləddin əfəndi Qırşehirdən millət vəkili seçilmiş və eyni zamanda, Məclisin sədr müavini olmuşdur.

Dövlət başçısı seçilən Mustafa Kamal dəniz nəqliyyatı ilə Türkiyənin bir sıra ərazilərinə səfərlər edir. Sahilboyu vilayətlərin birinə də su nəqliyyatı ilə gedən Atatürk sahilə çatarkən sürətli addımladığı üçün azacıq səmtini itirir, lakin barmaqlarını sahil qumuna batıraraq özünü yıxılmaqdan qoruyur. Tez qarşısına qaçıb, bulaşmış əllərini təmizləmək üçün ona yardım etmək istəyirlər. Amma Atatürk bir müddət barmaqlarına baxır və onlara belə cavab verir: -Bu mənim torpağımdır. O məni heç vaxt kirlətməz!

Getdiyi şəhər və ya kəndlərdə onun üçün qurban kəsilən heyvanlara baxa bilməzdi. Belə vəziyyətdə ya üzünü çevirər, ya da qurbanın kəsilməsinə icazə vermirdi. Cəbhələrdə düşmənlə qarşı-qarşıya döyüşən biri olaraq ən maraqlı xüsusiyyəti döyüş meydanı xaricində qan görəndə halı pisləşirmiş.

 Bir dəfə Atatürk  Çankayada keçirilən toplantıya tələsirmiş. Sürücüyə də bildirir ki, mümkün olduğu qədər onu iclas olacaq yerə tez çatdırsın, çünki xeyli qonaqlar onu gözləyirdi. Amma keçdiyi yerlərin birində xalq onu böyük izdihamla qarşılayır. Atatürk maşından düşərək qısa müddətli onlara əl edir, hal-əhval tutur. Vaxtın azlığını əsas gətirərək maşına oturmaq istəyir. Elə bu zaman balaca uşaq ağlamağını eşidir. Baxıb görür ki, anasının qucağında toppuş bir uşaq əllərini ona uzadaraq ağlayır. Atatürk ona yaxınlaşıb qucağına alır və yanağından öpür. Uşaq da əllərini maşına doğru uzadır və təkid edib ağlayır. Anası da utana -utana Atatürkə deyir ki, uşağın istədiyi maşındır. Bir söz deməyən Atatürk uşaqla bərabər maşına oturur və onu gəzdirir. İclasa gecikməsinə baxmayaraq uşağı gətirib şəxsən özü anasına təhvil verir. Anası üzürxahlıq edəndə isə o, bu cavabı verir: – Mən Türkiyənin sabahını gəzdirdim. Bu sabah hər şeydən və hər kəsdən önəmlidir.

Türkiyəli  yazıçı-publisisti İsmət Bozdağın “Lətifə xanım. Atatürkün həyat yoldaşı” kitabı Atatürkün şəxsi həyatı haqqında müəyyən təsəvvür yarada bilir. Oxucu üçün məşhur tarixi şəxsiyyətlərlə bağlı bütün soraqlar, xüsusilə də onların ailə həyatı son dərəcə maraqlıdır. Türk ailəçiliyinin dünyaya örnək olası cəhətlərinin görünməsi, bilinməsi baxımından kitabda əhəmiyyətli məqamlar var. Olduqca maraqlı çalarlarda ailə həyatı təsvir olunan Atatürkün xarakterinə güzəşt prinsiri tamamilə yaddır. Hiss olunur ki, özünəməxsus bir aqibət yaşayan Atatürk uzun illər ərzində onu bütünlüklə anlaya biləcək ömür-gün yoldaşı axtarır. Lətifə xanımla evlənərkən haradasa zənn edir ki, axtardığı qadın obrazını Lətifənin timsalında tapıb, ancaq az sonra anlayır ki, Lətifə ilə evlənməkdə səhv edibmiş. Bu da təbiidir: Atatürk kimi bir şəxsiyyətin qadını olmaq çox çətin idi…

Tarixi şəxsiyyətlər haqqında bəzən həqiqəti əks etdirməyən əfsanələr də dolaşır. Atatürk haqqında bir əfsanələr var. O, İsmet İnönü ilə yaxın dost, silahdaş idi. Günlərini bir yerində keçirirdilər. Bir dəfə süfrə başında mübahisələri düşür, İsmət Paşa deyir ki, bu boyda ölkəni bir sərxoş idarə edir. Bu söz Atatürkün acığına gəlir və deyir ki, yadından çıxartma, bu sərxoş səni baş nazir qoyub. Səhəri günü isə İsmət İnönünü vəzifədən azad edir, Cəlal Bəyarı baş nazir qoyur. İsmət Paşa da prezident olandan sonra düz hakimiyyətdən gedənə qədər Atatürkün xatirəsinə Anıtqəbiri tikilməsinə icazə vermir. Pulların üzərində Atatürkün şəkillərini yığışdırır, heykəllərini qadağan edir. 1953-cü ildə Cəlal Bayar prezident olur və Anıtqəbirin tikintisi  davam etdirilir. Ankaranın ən uca yerində qərar tutan Anıtqəbir kompleksi tamaşaçını Türkiyənin sözün əsl mənasında yox olmaqdan qurtarmış böyük Atatürkə bir daha insani sayğı üstə kökləyir. Atatürkün nəşi movzoleyin əsas qatında torpağa tapşırılıb. Məzar evinin ortasında qırmızı mərmər sənduqə mövcuddur. Sənduqənin çevrəsində bütün türk ellərindən, Quzey Kıbrıs Türk Cümhuriyyətindən və Azərbaycandan göndərilən torpaqların olduğu bürünc vazalar diqqəti cəlb edir. Anıtqəbir kompleksində habelə Türkiyə Cümhuriyyətinin ikinci prezidenti və Qərb Cəbhəsinin komandanı İsmət İnönünün simvolik büstü yerləşir.

 Atatürk  haqqında yazımıza  onun  ölkəmizlə bağlı söylədiyi bu fikirlərlə yekun vururuq: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur.” Mustafa Kamal Atatürk  bu sözləri 1921-ci ildə Azərbaycanın Türkiyədəki təmsilçisi İbrahim Əbilovun etibarnaməsini qəbul edərkən demişdir. Bu, Atatürkün Azərbaycan haqqında işlətdiyi ən məşhur fikirlərindən biridir.

Nurəddin Muğanlı“İki sahil”