Daha bir qəliz məsələ

0
479

Oxucularımıza məlumdur ki, bu günlərdə İslandiyanın paytaxtı Reykyavikdə keçirilmiş şahmat üzrə Avropa çempionatı başa çatıb. Bu mötəbər yarışda istər Aleksandır Xalifmanın rəhbərlik etdiyi kişilərdən, istərsə də Fikrət Sideyifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət yığma komandalarımız şahmatseverləri, sözün həqiqi mənasında mat, üstəlik məəttəl, bir sözlə mat-məhbut (mat-məəttəl) qoyublar: yəni kişilərimiz 11 xalla 7-ci, qadınlarımız 9 xalla 16-cı pillədə yer tutublar (Çempion adını isə həm kişi, həm də qadın komandaları arasında Rusiya yığması qazanıb, 13 xalla Ermənistan ikinci, Macarıstan isə 3-cü yeri tutub). Halbuki hamı onlara böyük ümidlər bəsləyir, son qalib kimi titulumuzu qorumaq üçün mübarizə aparacaqlarına əmin idi.

İndi redaksiyamıza məktublar, telefon zəngləri gəlir və məktub yazanlar, zəng edənlər bizdən soruşurlar ki, nə səbəbə bizimkilər belə nəticələr göstəriblər? Məktub sahiblərinin, eləcə də zəng edənlərin hər birinə əlahiddə cavab yazmağı, danışmağı mümkün edə bilmədik. Onun əvəzində burada öz mülahizələrimizi yazırıq ki, hamıya cavab hesab olunsun.

Qadınlardan ibarət komandamızı bir kənara qoyub, kişilərdən ibarət komandamızla bağlı çox araşdırmalardan sonra belə qərarə gəlmişik ki, bizimkilərin, ümumən, belə zəif çıxış etmələrinin üç səbəbi var: onlardan ikisi bizə əyandır, biri isə qeyri-əyandır.

Bizə aşkar olan səbəblərdən biri budur ki, reytinq favoritlərindən biri hesab olunan komandamız Latviya komandasını uda bilməyib. Bununla da şoka düşüb. Nöşün ki, Latviya heç bu yarışın iddialılardan sayılmırdı, odur ki, o, komandamız dişinin yemi hesab olunurdu. Amma… Nə isə, bu, bir.

Bizə məlum olan ikinci səbəb budur ki, əgər xatırlayırsınızsa, bu ilin oktyabr ayının sonlarında Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mübarizədə ölkəmizi təmsil edən “SOCAR-Azərbaycan” klubu gümüş medalla (11 xal) kifayətlənəndə (“SOCAR-Azərbaycan” iki dəfə Avropa Kubokuna sahib olub) komandamızın üzvü Şəhriyar Məmmədyarov həmin yarışın yekunları ilə bağlı “Çempion olmamaq faciə deyil” fikrini irəli sürməklə diqqət mərkəzinə düşdü. Onun bu fikri şahmat aləmimizə elə sirayət etdi ki, nəticədə növbəti “faciə” yaşansa da faciə kimi qarşılanmadı… Çünki həyatda “atla gediş” o qədər də uğurlu alınmır.

İkinci dediyimiz səbəbin ardı da ondan ibarətdir ki, Teymur Rəcəbov həmin yarışda olduqca zəif çıxış etdi. Mən bu sözlərlə ona əsla şər atmıram. Çünki fakt göz qabağındadır: o, keçirdiyiy 8 oyunda (1 qələbə, 5 heç-heçə, 2 məğlubiyyət) cəmi 3,5 xal toplayıb. Ağ fiqurlarla oynamış Teymurun reytinqində özündən 46 xal geri qalan İqor Kovalenkoya uduzmağını şəxsən mən çəkib-çiləyə bilmirəm.

Ümumiyyətlə, son vaxtlar bu şahmatçıda eniş müşahidə olunmaqdadır. Bunu Beynəlxalq Şahmat Federasiyasının yeni reytinq cədvəlindən də görmək olar. Belə ki, o, noyabr üçün müəyyənləşən “Top-100”də 22-ci yerdə qərarlaşıb. Halbuki oktyabrda bundan üç pillə irəlidə idi. Amma nədənsə kimsə ona bu həqiqəti anlatmaq fikrində deyil. Məncə, bu, hər şeydən əvvəl, Rəcəb bəyin hansısa məmurun qanadının altında olmasından irəli gəlir. Yoxsa, ona çoxdan yerini göstərərdilər. Hə, onu da deyim ki, Rəcəb bəy bizim şahmat aləmimizə töhfələr verib və buna görə də öz “sağ ol”unu alıb. Amma bu heç də ona arxayınlaşmağa əsas verməməlidir. Unutmayaq ki, qarşıdan Bakıda 175-ə yaxın ölkənin iştirakı ilə keçiriləcək Ümumdünya Şahmat Olimpiadası gəlir.

Hə, o ki qaldı bizə əyan olmayan səbəbə… Elə bizə hələlik əyan olmadığından bu barədə heç nə yaza bilmədik. Yəqin xatırlayırsınız: “Bəyin oğurlanması”nda, mərhum aktyorumuz Səməndər Rzayevin təkrarsız səsi ilə dediyi və artıq etalona çevrilmiş: “Əə, ay camaat, bu kino ki var, çox qəlizdi. Həm qəlizdi, həm də vacib” sözlərini. Mənə elə gəlir ki, sahmat kinodan də qəlizdir. Odur ki, həmin səbəbi söyləməkdə çətinlik çəkdik.