Dəyərlər qarşıdurması

0
709

Ailə doğmalardən təşkil olunmuş dövlətdir. Bu dövlətdə hər şey sevgi, qarşılıqlı hörmət prinsipi ilə tənzimlənsə də, ən kritik məqamlarda, arzuolunmaz hallarda işə düşən və məsələni yoluna qoyan kristal qanunlar olmalıdır.

Yəni qanun sevgidən ucadır, sevgi ilə həll olunmayan məsələlər qanunla yoluna qoyulmalıdır. Sözün qisası, valideynin valideyn bocu var, övladın övlad. Yaxud da əksinə valideynin öz haqları var, övladın öz haqları. Qarşı tərəfə hörmət hər kəsin borcudur, istər böyük olsun, istər kiçik. İrad göstərəndə də qırmamaq, öz münasibətini sevgi atmosferində çatdırmaq çox mühüm faktordur. Böyük kiçiyi dinləməli olduğu kimi, kiçik də böyüyün “vaz keçilməz” qanunlarına hörmət göstərməlidir.

Çinlilərin bir sözü var: “Bir il sonranı düşünürsənsə, düyü ək; on il sonranı düşünürsənsə, ağac ək; əlli il sonranı düşünürsənsə, sağlam nəsil yetişdir.”

Nəsillər arasında anlaşmazlıq bir çox hallarda əhəmiyyətsiz hesab etdiyimiz davranış qaydalarının düzgün tənzimlənməməsindən irəli gəlir. Yəni böyük kiçiyi dinləmək istəmir, kiçik də böyüyün mövcud standartlarından imtina etmək üçün fürsət axtarır. Övlad öz qərarında xətalı ola bilər, amma ağzını açan kimi onun sözünü kəsmək, hər kəlməbaşı “sən bir şey qanmırsan”, “səndan adam olmayacaq”, “mən sənin yaşında olanda filan işləri görmüşdüm, bir gündə bu qədər pul qazanırdım, sən avarasan”.., kimi ittihamlar artıq münasibətlərin pozulması üçün yetərlidir, üstəlik də konflikt üçün zəmin var.

Bütün dövrlər üçün keçərli və çox möhtəşəm bir deyim var: “Övlad öz valideynindən daha çox zəmanəsinə oxşayır.” Əslində hər birimiz bu həqiqəti bu və ya digər dərəcədə öz həyatımızda hiss etmişik və ya hiss etməkdəyik. Tez-tez eşitdiyimiz “bizim dövrümüzdə belə deyildi.., biz cavan olanda xətir-hörmət vardı, böyüyə ehtiram vardı…” kimi deyimlər də elə bu həqiqətin ifadəsidir. Zaman dəyişir, insan daha rahat, daha konfort həyata can atır, texnoloji inkişaf hər gün ortaya yeni bir şey çıxarır, biz bugünkünü öyrənməyə macal tapmamış yenisi çıxır, hər şey axır, hər şey yenilənir, bu sürətə yetişməyə imkanı olmayanlar çox şeydən təcrid vəziyyətə düşür.

Yenilənmək, zamanın nəbzini tutmaq, diqtə elədiyi şərtləri oxuyub özünə doğru-düzgün həyat standartı seçə bilmək gözəldir və yaşından asılı olmayaraq hər kəs buna can atmalıdır. Amma bu yenilənmək keçmişdəki hər şeyi inkar səviyyəsinə gəlirsə, əlbəttə, yaş nəsilləri arasında qarşıdurma, hətta ailədə belə böyük-kiçik anlaşılmazlığı qaçılmaz olacaq.

Əslində qarşıdurma fərdlər arasında deyil, dəyərlər arasındadır. Elə dəyərlər var ki, onlar bütün zamanların üstündədirlər, yəni əsrlər dəyişsə də, nəsillər bir-birini əvəz eləsə də deyişməzlər. Çünki o dəyərlər insanı insan edən amillərdi. Səmimiyyət, fədakarlıq, qarşı tərəfi anlamağa çalışmaq, böyüyə hörmət, kiçiyə mərhəmət, səxavətli, eyni zamanda qənaətkar olmaq, mərdlik, haqsızlığa qarşı barışmazlıq, dürüstlük, zülmə etiraz… Bütün bu yüksək mənəvi keyfiyyətlərlə yanaşı xəbis xarakterlər, yalançılıq, yaltaqlıq, qorxaqlıq, xəsislik, tamahgirlik, başqalarının əlindəkinə göz dikmək, zülm, istismar da müəyyən zaman dilimlərində müəyyən qədər şəklini, xarakterini dəyişərək davam edə bilir.

Dünya sürətlə dəyişir, hər şey yenilənir. Ağıllı adam odur ki, yaşından asılı olmayaraq yeniliklərlə ayaqlaşmağa çalışır. Zamanla ayaqlaşmaq gözəldir, amma təbii ki, bu zaman sınanmış və sənin həyatının vazkeçilməz olan prinsipləri qoruyub saxlamaq da önəmlidir. Onu da unutmayaq ki, bu dəyərlər qarşıdurmasında doğmalarımızla anlaşmaq, övladlarımızı başa düşmək valideyn olaraq bizim borcumuzdur. Yəni hər məsələdə orta yolu tutmalıyıq, uzlaşdırıcı, toplayıcı, barışdırıcı, nifrətə deyil, sevgiyə qapı açan yolu.

Əli Çərkəzoğlu