Dəxi başqa çarə yox

0
482

(Mirzə Cəlilin “Böyük həkimlər”i əsasında)
Allah, sənə qurban olum, yaratdıqlarına bir azar-bezar göndərmə, onları həkimlərə möhtac etmə. Yoxsa vay azarlının, onun yaxınlarının halına… Çünki indiki vaxtda bir bədbəxt ki, azarladı, dəxi onun işi bitdi.

Əvvəllər adam xəstələnəndə bitki-mitki ilə özünü birtəhər müalicə edib şəfa tapardı. Lakin son illər zibillənmiş ekologiyanın ucbatından bitkilər də elə günə düşüb ki, daha dərdə əlac etməkdə aciz qalıb. Odur ki, indi bir balaca azarlanan kimi özünü verməlisən həkim yanına. Söz yox ki, bizdə kifayət qədər pulsuz müalicə ocaqları var. Amma bu tibb ocaqlarının hər birinə yaxşı nəzər etdikdə görmək mümkün ki, onların əksəriyyətində bir babat həkim yoxdur. Əvvəllər var idi. Elə ki, özəl tibb ocaqları fəaliyyətə başladı, onların sahibləri həmin o həkimləri çəkdilər öz yanlarına…

Elə bu səbəbdən indi adam xəstələnəndə barmaqla sayılası babat həkimlərin qaldığı tibb müəssisələrinə getməyə qorxur. Hətta mən deyərdim ki, cürət eləmir. Bir də tutaq ki, 5-10 manat cibinə qoyub həmin dövlət nəzarətində olan müəssisədə çalışan həkimin yanına getdin, söz yox ki, həkim sənə baxacaq, üstəlik, dava-dərman da yazacaq. Amma ürəyində həmişə bir nigarançılıq və nisgil qalacaq ki, filan məşhur həkimin, yaxud professorun yanına getsə idim, ya xəstəmi aparsa idim, həmin gün azar rədd olub gedəcəkdi öz xarabasına.

Bir də can şirin şeydir axı… Odur ki, insanın bir yeri ağrıyanda var-yoxunu belə verməyə hazırdır ki, bəladan tez bir zamanda uzaqlaşsın. Yenə deyirəm, elə bu çox mühüm səbəbdən adam həmişə istəyər ki, yaxşı həkimə getsin. İndi gəl görək o cür həkimin yanına necə gedəsən? Hər dəfə gedəndə gərək 50 manat aparasan, çünki bir manat əskik olsa, qəbul eləməzlər.

O gün canımı dişimə tutub, dost-tanışdan para toplayıb həmən o məşhurlardan birinin yanına getdim. Qapıdan içəri girməmiş 20 manatımı alıb bir çek verdilər.

Həkimin qapısına yaxınlaşanda böyük bir növbənin şahidi oldum. Dedim, yəqin, onlar da mənim kimi düşünənlərdir. Elə mən bu düşüncələrdə ikən həkimin yanından bir xəstə çıxdı. Həmin xəstəyə yaxınlaşıb: “Keçmiş olsun”, – deyəndə o, birdən-birə hirsləndi:

– Ay kişi, vallah, mənim xəstəliyim heç keçənə oxşamır.

– Niyə?

– Niyəsini deyim də… Mənə bu həkim deyir ki, bəs filan otaqdakı aparatdan da keçməlisən ki, xəstəliyiniz haqqında şübhələrimə yer qalmasın… Həmin aparatdan keçməyə də ən azı yüz manat lazımdır… Mənim isə buna əsla imkanım yoxdur… Bir də bir şeyi başa düşə bilmirəm e…niyə son vaxtlar bütün həkimlər xəstələri elə ucdantutma aparata göndərirlər? Məgər xoruz yox idi, səhər açılmırdı?

Bilmirəm, canımın ağrısındanmı, ya hansı səbəbdənsə ona cavab verməyə çətinlik çəkdim.

Bu zaman qapının ağzındakı xəstələrdən biri dilləndi:

– Əşi, pul əl çirkidir…

Sən demə, bayaqdan bəri mənimlə ünsiyyətdə olan xəstə itoynadanın biri imiş. O, bu sözləri deyən xəstəyə tərəf çevrilib dedi:

– Kaş mən də elə o çirklilərdən olaydım…

Nə isə həkimin yanından çıxanda fikir eləyirdim ki, gərək lazımdır hər gün Allaha yalvarmaq ki, biz kasıb bəndələrə rəhmi gəlsin və azardan-bezardan bizi saxlasın. Dəxi başqa çarə yox… Bəlkə siz də bir Amin deyəsiniz?

Qvami Mehebbetoglu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here