“Dəvə” oynadı… qar yağdı

Deyirlər, dəvə oynayanda qar yağar. Bu ifadənin öz yaşına, mövqeyinə, vəziyyətinə münasib olmayan hərəkət edən adamlar haqqında işləndiyini hər kəs bilir, o cümlədən mən də. Lakin dəvə və qarın nə əlaqəsi olduğunu hər kəs bilə bilməz. Elə mən də bilmirdim.

… Bir həftə öncə həyat yoldaşım Gülsüm xanımla sözümüz çəp gəldi. Çəp gəldi deyəndə, o məni zəmanə ilə ayaqlaşa bilməməyimə görə növbəti dəfə quru yuyub, yaş sərdi: “A kişi, demirəm, evimizi Avropa standartlarına uyğun təmir elə! Demirəm, filan yerdə bağ al, demirəm, məni filan ölkəyə apar gəzdir… Amma deyirəm ki, heç olmasa, bir maşın al ki, mən də qohum-qardaşgilə rahat gedib-gələ bilim, rayona gedəndə qadın işvə-nazı ilə maşından düşüm”. Sonra nə fikirləşdisə əlavə etdi: “Bax gör, hamı bizə öz maşını ilə gəlib-gedir, biz isə bir yerə gedəndə hələ də avtobus, qatar gözləməkdəyik… Axı nə vaxtacan? Məgər bu nəqliyyat növləri ilə bu və ya digər yerə getmək mən bədbəxtin alnına yazılıb? Vallah, bəzən elə xəcalət çəkirəm ki… Bax gör də bizim məhəllədə maşını olmayan təkcə sənsən e… Heç bundan xəbərin var? Vallah, sənin yerinə mən xəcalət çəkirəm… Odur e… gömrükdə işləyən Əliş kişi beş uşağına da maşın alıb… Mən hələ ayda bir dəfə arvadının maşınını dəyişdirən Ələddini demirəm. O gün onun həyat yoldaşı məhəllədə heç bilirsən, nədən şikayətlənirdi? Nə var, nə var, ötən həftə aldığı maşının rəngi filan ölkədən gətirdiyi paltarının rənginə uyğun gəlmir. Gəl yanma, yaxılma da, Gülsüm! Sən bunun dərdinə bax e…”

Mən səsimi çıxarmadan Gülsümün bu monoloqunu dinləyir və ona haqq qazandırırdım. Çünki söylədikləri əsla yalan deyildi. Buna rəğmən, bir daha ona xatırlatmaq istədim ki, bəs mən ayağımı yorğanıma görə uzadan kişilərdənəm. Gülsüm ürəyimdən keçənləri oxuyubmuş kimi dilləndi: “Mənim kişimin isə bir şüarı var: ayağımı yorğanıma görə uzadıram. Daha bəsdir, bu ayaq, yorğan məsələsi… Düz iyirmi ildir ki, bu mahnını eşidirəm… Belə getsə, bu sözləri hələ çox eşidəcəyəm… Kişi, tərpənmək vaxtıdır e… Eləsinə qalsa, qonşumuz Əsmərgilin də yorğanı o qədər uzun deyil. Lakin onun əri nə etdi? Getdi, bankdan kredit götürdü. Get, sən də kredit götür, bir maşın al… Həm oğlunun gözü gülsün, həm də mənim”. Bu yerdə dözmədim, dedim, ay Gülsüm, vallah, qorxuram, birdən olmadı elə, oldu belə… Yəqin eşitmisən də, dəvə oynayanda qar yağar, deyib atalarımız… Gülsümü elə bil cin vurdu: “A kişi, bu dəvə, bu qar elə sənəmi qalıb?” Bir istədim başımı qaldırıb Gülsümə bir-iki kəlmə söz deyim. Lakin onun mənə dəvə nalbəndə baxan kimi baxdığını görüb, heç nə demədim. Bir də qorxdum deyə ki, dəvə kimi boynunu uzatma, fikrindəkini bilirəm.

Gecəni birtəhər açdım. Səhərin gözü açılan kimi banklardan birinə cumdum və düz on beş min dollar kredit götürdüm. Elə oradan texnikadan yaxşı başı çıxan dostumla maşın bazarına gedib, bir maşın aldım. Gülsümə də zəng etdim ki, bəs mən filan yerdəyəm, gəl maşına otur, birgə həyətə daxil olaq. Gülsüm bu təklifimi çox şadyanalıqla qarşıladı. Heç on dəqiqə keçmədi ki, o dediyim məkanda peyda oldu. Maşınla həyətə girəndə elə bil dünyanı Gülsümə bağışladılar. Bir əda ilə maşından düşdü ki…

Həmin gün evimizdə əməlli-başlı çal-çağır oldu. Nə gizlədim, xeyli vaxt idi ki, evimiz belə şadyanalıq görməmişdi. Elə həmin məclisdə Gülsüm xanım əlüstü hesabladı ki, bəs bu kreditin borcunu manata çevirəndə filan qədər edir ki, onu da Allahın köməyi ilə filan vaxta qədər ödəyərik. Hamı bir ağızdan “İnşallah” dedi.

… Səhər yuxudan ayılanda pəncərədən boylandım. Hər tərəf ağappaq idi: qar yağmışdı. Mən elə qarla bağlı xəyallara dalmaq istəyirdim ki, dostum Kəramətdən zəng gəldi. Dedim, Kəramət xeyirdir, səhərin gözü açılmamış məni narahat edirsən? Dedi, xəbərin var xəbərdən, bəs dolların kursu birdən-birə otuz beş faiz qalxıb. Belə çıxır ki, otuz faizlə aldığın krediti 65 faizlə qaytaracaqsan. Dedim, ola bilməz… Dedi, istəyirsən inan, istəmirsən inanma, bu sənin öz işindir. Handan-hana özümə gələndən sonra bu məsələni bir də dəqiqləşdirdim: doğru imiş. Bu anda özümü dəvəsi ölmüş ərəb kimi zənn etdim… Bu xəbərdən hali olan Gülsümün ürəyi getdi. Çağırdığım təcili yardım onu birtəhər özünə gətirdi. O gözlərini açan kimi dilləndim: “Gülsüm, sənə dedim axı, dəvə oynayanda qar yağar”. Gülsümün xırıltılı səsi eşidildi: “Ay kişi, mənə bir az qar gətir, ürəyim yanır”.

P.S. Bu yazı elektron ünvanıma daxil olmuş bir məktub əsasında hazırlanıb.  Qvami Məhəbbətoğlu