“Dəryaza yenidən həyat vermək asan deyil”

511

Əvvəllər ot biçimi oraq və dəryaz ilə aparılardı. Daha sonra bu sahə üzrə yeni texnikalar peyda olandan sonra bu alətlər, demək olar ki, unuduldu. Ancaq elə ərazilər var ki, həmin yerlərd müasir texnologiya belə işə yaramır. Buna görə də hələ də dəryazdan istifadə olunur. Dəryaz da iş prosesində korşalır. Ona yenidən həyat vermək isə o qədər də asan deyil.

Çəkic, zindan, dəryaz (ot çalmaq üçün uzunsaplı, dişsiz orağa oxşayan alət) və dəqiq zərbələr. Özü gənc olsa da qədim “dəryazdöymə” sənətini yaşadır. Goranboy sakini babasından öyrəndiyi işi 10 ildir davam etdirir. 33 yaşlı İlkin Tağıyev ot biçmək üçün istifadə edilən dəryazın iti olması üçün zindan üzərində aləti xüsusi incəliklə döyəcləyir. Rayon sakininin sözlərinə görə, dəryazı zindanın üzərində elə yerləşdirmək lazımdır ki, çəkiclə zərbə vurarkən boşluq yaranmasın: “Gərək zindan üzərindəki dəryaza da zərbələri dəqiq enirəsən…” Ozü də o, bu maraqlı işi ilə əsasən səhər çağlarında məşğul olur.

Dəmirdən hazırlanan qədim zindan və çəkic yerə bərkidildikdən sonra 15 dəqiqə ərzində korşalmış dəryaz döyəclənərək yararlı hala gətirilir: “Gün ərzində 10 ədəd dəryazı normal hala gətirmək mümkündür”.

Onu da qeyd edək ki, İlkin Tağıyev həmkəndilərinə təmənnasız xidmət göstərir. O, bu sahəyə gənclərin marağı olmadığına görə təəssüfləndiyini də dilə gətirdi. İlkin Tağıyev isə sevili peşəsini hələ uzun müddət davam etdirmək fikirindədir.

Esmira Hidayətova, Goranboy