“Dərsliklər uşaqların yaş səviyyəsinə uyğun deyil”

0
560

Həyatımızın 11 ilini həsr etdiyimiz orta məktəb bizi həyata hazırlayan, yazıb oxumaq öyrədən ən önəmli təhsil ocaqlarından biridir. Əvvəlki illərlə müqayisədə indi orta məktəb təhsil sistemində xeyli dəyişikliklər olub. Bu dəyişikliklər kimlər üçünsə pis, kimlər üçünsə yaxşı istiqamətdə olub. Ən çox dəyişən isə orta məktəb dərslikləridir. Müəllimlərin çoxu yeni dərslikləri təqdir edib, onlar haqqında müsbət fikirlər səsləndirir, bəziləri isə, əksinə, dərsliklərin qəliz olduğunu, onların şagirdlərin səviyyəsinə uyğun gəlmədiyini söyləyirlər. Buna görə də dərsliklər son illər ərzində cəmiyyətdə ciddi müzakirə obyektinə çevrilib. Bəs, görəsən, orta məktəb dərslikləri yaş həddinə uyğundurmu? Müəllimlər dərsliklərdən razıdırmı?
“Bir sözlə, bütün dərsliklər yenidən mükəmməl şəkildə hazırlanmalıdır”
Mövzu ilə bağlı “Zaman Azərbaycan”a müsahibə verən təhsil üzrə ekspert Əjdər Ağayev bildirdi ki, orta məktəb dərslikləri məsələsi bu gün Təhsil Nazirliyinin də diqqət mərkəzindədir: “Bir neçə il bundan qabaq yazılmış dərsliklərin, əsasən də ibtidai sinif dərsliklərinin dəyişdirilməyə ehtiyacı var. Xüsusilə də, riyaziyyat dərsliklərinin. Çünki bu dərsliklər olduqca qəliz dildə yazılıb və uşaqların yaş səviyyəsinə, dünyagörüşünə uyğun deyil. V, VIII, IX, XI siniflərin müəyyən dərslikləri var ki, onlar qəbulediləndir. Qüsurları çox deyil. Amma bəzi dərsliklərdə, xüsusilə də təbiət-riyaziyyat istiqamətli dərsliklərdə qüsurlar çoxdur. Bunu illərdən bəri dönə-dönə deyirik. Bununla bağlı Təhsil Nazirliyi yeni bir yanaşma tətbiq edib. Bu da ondan ibarətdir ki, IX sinifdən başlayaraq, dərslikləri ictimai müzakirəyə verirlər. Ancaq hələ də o müzakirələrin nəticəsi meydanda yoxdur. İctimai müzakirələr deyilən qüsurları aradan qaldırarsa, dərsliklərin təkmilləşdirilməsinə kömək edərsə, onun faydası ola bilər. Bu gün dərsliklərin keyfiyyəti problem olaraq qalmaqdadır. Bu məsələyə bir istiqamətli söz demək də mümkün deyil. Bir sözlə, bütün dərsliklər yenidən mükəmməl şəkildə hazırlanmalıdır.
“Müəllimlərimizin əksəriyyətinin metodik savadı zəifdir”
Ə. Ağayev əlavə etdi ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədi 2013-cü ildə qəbul edilib: “Bu sənədin hədəflərindən biri də təhsilin məzmununun yeni keyfiyyətlə hazırlanmasıdır. Yəni mövcud problemlər aradan qaldırılsın və dərsliklər didaktik, fizioloji, poliqrafik tələblərə uyğun olaraq hazırlansın. Ancaq, hələlik, həmin o tələblərin kütləvi surətdə həyata keçirilməsi sahəsində diqqətə çarpan bir irəliləyiş yoxdur. Yəni problem olduğu kimi qalır. Ancaq problem aradan necə qaldırılacaq, nəşrlər necə hazırlanacaq, onu gələcək göstərəcək. Dil baxımından, üsul baxımından, ədəbi dilin səviyyəsinin gözlənilməməsi baxımından qüsurlar əksəriyyət dərsliklərdə var; o cümlədən təsviri incəsənətdə də var, həyat bilgisində də var. Məncə, həyat bilgisi kitabını tam olaraq mükəmməl şəkildə yenidən yazmaq lazımdır. Çünki ibtidai sinif dərsliyində bəzən elə mətnlər verirlər ki, onlar uşağın təsəvvürünə uyğun deyil. Nəzərə alınmır ki, ibtidai sinif şagirdini maraqlandıran ətraf aləmdir, hadisələrdir. Ancaq dərsliklərdə böyük insanlara məxsus insani keyfiyyətlərdən, insanın insana olan sevgisindən bəhs olunur. Axı bu uşaqlar hələ onu anlamaq səviyyəsində deyillər. İbtidai sinfi ona görə misal çəkdim ki, baza oradır. Orada gərək hər şey mükəmməl olsun. Belə nümunələr dərsliklərin hamısında var. Bu zaman müəllim gərək o qədər savadlı olsun ki, bütün yanlışlıqların hamısını görə bilsin və aradan qaldırsın. Müəllimin ixtiyarı var ki, dərs keçərkən şagirdin dünyagörüşünə uyğun olmayan mövzunu dəyişdirsin, özü şagirdə uyğun olan bir mövzu seçsin. Dərslikdə olmayan hər hansı bir mövzunu da seçə bilər. Müəllimlərimizin əksəriyyətinin metodik savadı zəifdir, xüsusən də ibtidai sinif müəllimlərinin. Bu müəllimlər metodik baxımdan uşaqları həddən artıq yükləməməlidirlər. Dərsi uşaqlara sinifdə öyrətməlidirlər. Evə 1 və ya 2 tapşırıq vermək olar. Mənə bu haqda çoxlu şikayətlər gəlir. Valideynlər zəng edirlər ki, uşağa 10 tapşırıq riyaziyyatdan, 10 tapşırıq ana dilindən verilib. Bunlar hamısı antipedaqoji hərəkətdir. Bu müəllimlər metodikanı bilmirlər. Ona görə də təklif olunmalıdır ki, əlaqədar qurumlar ibtidai sinif müəllimlərinin metodiki hazırlığına xüsusi önəm versinlər, müşavirə keçirsinlər, onlara metodiki biliklər versinlər. Birinci növbədə müəllimin metodiki hazırlığıdır. Bu zaman müəllimlər dərsliklərdəki yanlışlıqları görər və onları uşaqlara düzgün başa sala bilərlər. Yəni bu, sadəcə, bir dərslik məsələsi deyil. Sistemin özündə də təhsilvericilik, metodiki yanaşmalar olduqca zəifdir. Bu məsələlər də problem olaraq qalmaqdadır”.
“Müəllim peşəkar deyilsə, bugünkü dərsliklərlə işləyə bilməyəcək”
Respublikanın Əməkdar müəllimi, 2009-cu il üzrə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Almaz İsmayılova hesab edir ki, dərsliklər şagirdlər üçün münasibdir: “ Ümumiyyətlə, mən deməzdim ki, orta məktəb dərslikləri qəlizdir. Mən hazırda III sinif şagirdlərinə dərs deyirəm və görürəm ki, şagirdlərim həmin dərsliklərdəki materialı mənimsəyə bilirlər. İşləyən müəllim üçün bu o qədər də çətin deyil. Düzdür, dərslikdə elə mövzular var ki, oradakı tarixlərlə əlamətdar günlərin tarixləri üst-üstə düşmür. Bu kimi səhvləri müəllim özü düzəltməlidir. Ümumiyyətlə, müəllim dərslik üzərində işləməlidir. Dərsliklər haqqında tamamilə mənfi rəy olduğunu düşünmürəm. Ancaq bəzi dərsliklərin müəyyən dərəcədə dəyişməsi daha yaxşı olar. Dərsliklər standartlar üzərində işlənilir. Burada sadə tapşırıqlar da var, mürəkkəb tapşırıqlar da. Sinifdə də hər səviyyədə uşaq olur. Sadə tapşırıqları edə biləcək uşaqlar da, mürəkkəb tapşırıqları da. Təhsilimiz günü-gündən inkişaf edir. 10 il bundan qabaq VI sinifdə keçdiklərimizi indi IV siniflər öyrənir. Çünki indi informasiya bolluğu var. İstər-istəməz zaman keçdikcə, texnika inkişaf etdikcə bizim dərsliklərimiz də inkişaf edəcək. Biz keçmişə qayıda bilmərik. Sadəcə, o dərsliklə işləməyi bacaran müəllimlər olmalıdır. Müəllimlər öz üzərlərində işləməlidirlər. Təbii ki, bizim dərsliklərdə də müəyyən qüsurlar var. Bunlar da metodiki cəhətdəndir. Müəllim peşəkar deyilsə, bugünkü dərsliklərlə işləyə bilməyəcək. Bayaq dediyim kimi, metodiki baxımdan dərsliklərdə müəyyən dərəcədə çətinliklər var. Hansı ki, bu çətinliklərlə müəllimlər üzləşirlər. Müəllim onu xırdalayaraq uşağa başa salmalıdır. Mən istəyərdim ki, dərsliklərimiz dünya standartlarına uyğun daha keyfiyyətli materialdan hazırlansın. Çünki dərsliklər həm ağırdır, həm də keyfiyyətsiz”.
Nərmin Haqverdiyeva