“Dərs yükü uşaqların yaşına uyğun olmalıdır”

0
392

Nərmin Haqverdiyeva
Təhsilin inkişafında təhsil sistemlərinin aparıcı rolu vardır. Dünyada müxtəlif təhsil sistemləri var. Bunların hər birinin də özünəməxsus xüsusiyyətləri, qayda-qanunları var. Buna misal olaraq, dünyada ən yaxşı təhsil sistemi hesab edilən Finlandiya təhsil sistemini nümunə göstərə bilərik. Dünyanın nümunə götürdüyü bu mükəmməl sistemin uğrunun əsas səbəblərindən biri müəllimlərin öz peşəsini sevməsi və öyrətmək həvəsidir. “Müəllim dərsini keçir. Öyrənib-öyrənməmək uşaqdan asılıdır” fikri onlar üçün yaddır. Vacib olan dərs keçmək deyil, onu öyrətməkdir. Reytinq cədvəllərinə Sinqapur, Cənubi Koreya, Yaponiya, Kanada, İsrail, ABŞ, Yeni Zelandiya, Britaniya, İrlandiya, Avstraliya da təhsil səviyyəsinə görə ön sıralardadır. Bu ölkələrdə bir düşüncə tərzi var: oxumağın yeri məktəbdir. Uşaqlara “ev tapşırıqları” verilmir. Öyrədilən elə məktəbdəcə öyrədilir. Bizdə isə onlardan fərqli olaraq, evə o qədər tapşırıq verilir ki, uşaqların ancaq yemək yeməyə, yatmağa vaxtı olur. Bu da onların sosial fəaliyyətini azaldır, zehnini yorur. Görəsən ekspertlər bu barədə nə düşünürlər? Evə verilən tapşırıqların yükü ağırdırmı? Bu onların sosial inkişafına mane olurmu?
“Hansı müəllim evə artıq tapşırıq verirsə, o uşaqları istismar edir”
Təhsil üzrə ekspert Əjdər Ağayev mözvu ilə bağlı “Zaman Azərbaycan”a verdiyi müsahibəsi zamanı bildirdi ki, pedaqoji tələb belədir: “Müəllim dərs zamanı müxtəlif metodlardan istifadə edərək, uşaqlara həm bilik verməli, həm bacarıqları formalaşdırmalı, həm də onların müstəqil fikirlərini inkişaf etdirməlidir. Bunların hamısı dərs müddətində olmalıdır. Ya da ki hər bir fənn üçün müəllim evə bir və ya iki tapşırıq verə bilər. Artıq vermək olmaz. Sistem belədir. Hansı müəllim evə artıq tapşırıq verirsə, o uşaqları istismar edir. Çünki uşaq gedib evdəki tapşırıqlarla məşğul olarsa, onun özünü inkişaf etdirməsinə, düşüncəsini formalaşmasına, əylənməsinə vaxtı qalmır. Bu, sistemdə olan bir qüsur deyil, müəllimdə olan qüsurdur. Ona görə də hər bir müəllim öz metodikasını mükəmməl öyrənməlidir. Elə müəllimlər var, evə bir tapşırıq verir. Dünyanın bir çox yerində də belədir. Hətta bəzi ölkələrin təhsil sistemində heç verilmir. Çünki çoxlu ev tapşırıqları onun dərsdən gəlib bayırda yaşıdları ilə oynamasına, sosial inkişafına, dərsə olan marağına mane olur. Buna da səbəb olan əsasən müəllimlərdir”.
“İndiki 3 yaşlı uşaqla 15 il əvvəlki 3 yaşlı uşaq arasında dağlar qədər fərq var”
Psixoloq Narınc Rüstəmova isə bildirdi ki, uşaqlarımız artıq yeni bir təhsil sistemi ilə təhsil alırlar: “Məktəblərdə dərslər kurikulum təhsil metodikası ilə keçirilir. Britaniya və ya Amerika kurikulumuna nəzər salsaq görərik ki, bizimki ilə xeyli fərqlidir. Təbiidir ki, bir sistemi birdən-birə gətirmək olmur. Burada müəllimin hazırlığı da vacib rol oynayır. Çünki əvvəlki pedaqoqlarımız kurikulum proqramını tam mənimsəyə bilmirlər. Həm yaşları etibarilə, həm də praktikasının verdiyi vərdiş hesabına. Buna görə də bizdə nə tam kurikulum metodikasıdır, nə də sovet təhsil sistemi. Dərslər uşaqlara incitmədən, yükləmədən, praktik olaraq öyrədilməlidir. Uşaqlar dərsi tədqiqatlar apararaq öyrənməli və dərs vaxtı də öz tapşırıqlarını etməlidirlər. Dərs saatı da az olmalıdır. Dərsin gedişatı elə aparılmalıdır ki, uşaqlar dərsi elə dərsdəcə öyrənsinlər. Ancaq bu metod Azərbaycanda çox az məktəbdə var. Bizdə məktəblərdə bu sistemi sovet sistemi ilə qarışdırıblar. Ona görə də dərs yükü ağırlaşır. Buna görə də ilk olaraq, müəllimin tədrisi çox vacibdir. Çünki müəllim sistemi necə qurarsa, uşaqlarda da bu o cür davam edər. Kurikulum valideynlər üçün də yad bir metoddur. Buna görə valideynlər çox vaxt dərslərin ağırlığından şikayət edirlər. Valideynlər əsasən V sinif proqramının II sinfə keçirildiyi kimi şikayətlər edirlər; uşaqlarının yükləndiyini düşünürlər. Ancaq onu da qeyd edim ki, uşaqların psixi və nitqi inkişafı öncəki illərlə müqayisədə daha yaxşı inkişaf edir. İndiki 3 yaşlı uşaqla 15 il əvvəlki 3 yaşlı uşaq arasında dağlar qədər fərq var. Burada texnikanın, qidanın çox böyük təsiri var. İndi 3 yaşlı bir uşaq asanlıqla telefondan, televiziyadan istifadə edir, oyunlar oynayır. 7, 8 yaşlı uşaqlar artıq öz hüquqlarını bilirlər. Əvvəlki illərə nəzər salsaq görərik ki, əvvəl heç bir uşaqdan “mənim hüquqlarımı tapdaladın” sözünü eşidə bilməzdik. Artıq uşaqlarda inkişaf əvvəlki illərdən fərqli olduğu üçün valideynlər bəzən yanlışlıq edib, övladlarını öz uşaqlıqları ilə müqayisə edirlər. Buna görə də uşaqlar üçün bunun çox çətin olduğunu düşünürlər. Amma, əksinə, uşağın beynini, zehnini zəmanə tərbiyə etdiyinə görə uşaqlarımız üçün bunların heç biri çətin deyil”.
“Uşaqları uşaqlığından məhrum etmək olmaz”
Uşaqların dərs yükü onların yaşına uyğun olmalıdır deyən N. Rüstəmova əlavə etdi: “Uşaqları yükləmək onların yuxu saatlarının pozulmasına səbəb ola bilir. Yuxu uşaqlar üçün çox önəmli nüansdır. Uşaq bütün dərsləri oxumaq, hamısından 5 almaq məcburiyyətində deyil. Bəzən mükəmməllik tələb edən valideynlər uşaqlarını çox yükləyir, dərslərin hamısını oxutmaq üçün gecə saat 12-yə, 1-ə kimi məşğul olurlar. Bəzən də uşaqları dərsdən sonra əlavə kurslara, idmana göndərirlər. Əslində uşaq sevdiyi fənlər üzərində işləməli, həvəslə oxumalıdır. Uşaqları bütün günü dərslə yüklədikə onların əylənməyə, yaşıdları ilə ünsiyyət qurmağa vaxtı olmur. Bizdə uşaq sayının az olması bir səbəb də valideynlərin bütün arzu və istəklərini bir uşağa cəmləməsidir. Valideyn düşünür ki, bir övladım var qoy hər şeyi: xarici dilləri, şahmatı, rəqsi, idmanı və s. bilsin. Bunlar da uşağın bütün zamanını tam şəkildə doldurur. Belə olduqda uşaq istirahətə, oyuncaqları ilə oynamağa belə vaxt tapa bilmir. Bu çox mənfi haldır. Valideynlər uşağın oynamağına, bayırda vaxt keçirməsinə, müəyyən vaxt ərzində televiziyaya baxmasına da icazə verməlidirlər. Uşaqları uşaqlığından məhrum etmək olmaz. Belə olduqda uşaqlar dərsdən vaxtından tez imtina edir, təhsildən yayınırlar. Bu cür uşaqlar 14, 15 yaşlarını çox çətin keçirirlər. Onlarda davranış pozuqluğu müşahidə olunur. Buna görə burada məsuliyyət tək məktəbə, dərslərə yox, valideynə də düşür. Uşaqlarını düzgün yönləndirməsi üçün valideynlər də maarifləndirici seminarlar keçməlidirlər. Valideynlər bəzən uşaqlarının bayırda oynamasını vaxt itkisi hesab edirlər. Təbii ki, hər bir uşaq dərslərini bitirəndən sonra həyətdə oynamağı bacarmalıdır. Bəzən valideynlər övladlarını küçəyə göndərməyə narahat olurlar. Birdən yıxılar, zədələnər, pis sözlər öyrənər, tərbiyəsiz olar kimi düşünərək uşaqları evə məhkum edirlər. Axı uşaqlar böyüklər kimi passiv istirahəti sevmirlər. Onların təmiz havaya, qaçıb-oynamağa ehtiyacları var. Uşaqlar bütün günü dərs oxuya bilməzlər. Bu, onlarda tormozlanma, beyin-qan dövranında sıxılmalara səbəb ola bilər.