Dərmanlarla baglı bizə zəng vurun

0
417

İqtisadiyyat və Sənaye Nazirliyi: “Keyfiyyətsiz və insan sağlamlığına təhlükə törədə biləcək

malların satışı, süni qiymət artımı hallarına rast gəldikdə təsərrüfat subyektləri (ünvanları göstərilməklə) barədə 195-2 Çağrı Mərkəzinə və ya ASİHMDX-nin (012) 498-15-01, (012) 498-15-04 nömrəli telefonlarına məlumat verin”.

“Qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, istehlakçıların maarifləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi istehlak bazarında müsbət dəyişikliklərə nail olunmasında mühüm rol oynayır. Bu tədbirlərin tərkib hissəsi olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərlə satışına nəzarət, habelə insanların həyat və sağlamlığına təhlükə yaradan malların satışının və süni qiymət artımının qarşısının alınması məqsədi ilə istehlak bazarında müayinə, müşahidə, baxış və s. formalarda tədbirlərini davam etdirir”.

“Rast gəlinən qanun pozuntuları barədə dərhal aidiyyəti üzrə məlumat verin”

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən “Zaman-Azərbaycan”a verilən məlumatda belə deyilir.

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında neqativ halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədi ilə vətəndaş fəallığının artırılmasını, ictimai nəzarətin gücləndirilməsini, rast gəlinən qanun pozuntuları barədə dərhal aidiyyəti üzrə məlumat verilməsini vurğulayıb, vətəndaş müraciətlərinə operativ və ədalətli baxılmasının təmin olunmasını dövlət orqanları qarşısında vəzifə kimi müəyyənləşdirib.

Bununla əlaqədar olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi vətəndaşlara dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən baha satılması, keyfiyyətsiz və insan sağlamlığına təhlükə törədə biləcək malların satışı, süni qiymət artımı hallarına rast gəldikdə bu təsərrüfat subyektləri (ünvanları göstərilməklə) barədə operativ tədbirlərin görülməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (012) 498-15-01, (012) 498-15-04 nömrəli telefonlarına məlumat vermələrini tövsiyə edir”.

İctimai nəzarətin daha bir forması

Nazirlik dərmanların qiymətləri ilə bağlı daha bir yenilik edib. Qurumun mətbuat xidmətinin əməkdaşı Vüsalə Quliyevanın qəzetimizə verdiyi məlumata görə, qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlara və planşetlərə yükləməklə dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkündür: “Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının “www.tariff.gov.az” saytının “Dərman vasitələri” bölməsində “pdf” formatında yerləşdirilib. Bu isə həmin cədvəllərin mobil telefonlara və planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə, ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaradır”.

Qeyd edək ki, yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə bu cədvəllər də yenilənir.

Nicat İntiqam