“Dərmanların dövriyyəsinə qadağa xəbəri çaşqınlığa səbəb olub”

680

Son günlər xəbər saytlarında Səhiyyə Nazirliyinin (SN) müxtəlif adda olan 844 seriya nömrəli dərmanların dövriyyəsini qadağan etməsi barədə məlumat yayılıb. Xəbərlərdə bildirilirdi ki, dövriyyəsi qadağan edilən dərman seriyaları müxtəlif ölkələrin – Türkiyə, Hindistan, Rumınya, Danimarka, Rusiya, İordaniya, Gürcüstan, Ukrayna, Polşa, Misir, Almaniya, Belarus və s. ölkələrin istehsalıdır. Dərmanların sırasında Rusiya və Türkiyə istehsalı olan dərmanların daha çox üstünlük təşkil etdiyi qeyd olunurdu. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Zaman-Azərbaycan”a verilən məlumatda isə bu xəbərlərə belə münasibət bildirilib: “Bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri öz mətbu orqanlarında illər boyu müxtəlif səbəblərdən ləğv edilmiş (qeydiyyatdan keçməmiş, istifadə müddəti bitmiş və s.) dərman preparatlarının siyahısını yerləşdirmişdir. Bu da əhali arasında çaşqınlığa səbəb olmuşdur. Məlumat üçün bildirilir ki, qadağan olunmuş seriyalardan olan dərman preparatları mütəmadi olaraq aptek şəbəkələrindən çıxarılır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, dərman bazarında vəziyyət stabildir, dərmanların keyfiyyəti və təhlükəsizliyinə nəzarət daim diqqət mərkəzindədir”.

Dünən günün ikinci hissəsində Səhiyyə Nazirliyi bu mövzuda daha bir xəbər yaydı: “844 dərman vasitəsinin dövriyyəsinin qadağan edilməsi ilə bağlı xəbər əhali arasında çaşqınlığa səbəb olub. Bununla bağlı bildiririk ki, Səhiyyə Nazirliyi tərəfindən dövriyyəsinə qadağa dərman vasitələrinin adlarına deyil, ancaq siyahıda göstərilən seriyalarına qoyulub. Siyahıda adları qeyd edilən dərman vasitələrinin digər seriyaları açıq satışda var və vətəndaşlar həmin preparatları rahat şəkildə apteklərdən alıb, istifadə edə bilərlər. Bir daha qeyd edirik ki, dövriyyəsinə qadağa siyahıda göstərilən dərman vasitələrinin adlarına deyil, onların siyahıdakı seriyalarına aiddir”.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Azərbaycanda dövriyyəsi qadağan olunan dərman siyahısı ilə bağlı mətbuatda yer alan yazılara münasibət bildirib. Mərkəzin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov “Report”a deyib ki, həmin xəbər cəmiyyətdə çaşqınlıq yaradıb: “Qadağa siyahısında söhbət dərman vasitəsinin adından yox, yalnız preparatın müxtəlif seriyasından gedir. Bildiyiniz kimi, hər bir dərmanın müxtəlif seriya nömrəsi olur. Yəni sırf siyahıda göstərilən dərmanın seriyasının dövriyyəsinə qadağa qoyulub. Eyni adda olan dərmanların digər seriyaları isə açıq şəkildə satışda var. Hansı dərman vasitələrinin dövlət qeydiyyatı müddəti varsa, onun satışına qadağa qoyulmayıb. Yəni informasiya bir az düzgün şəkildə yazılmayıb. Hər bir dərmanın üzərində onun seriya nömrəsi, istehsal və son istifadə tarixi göstərilir. Müəyyən mərhələdə dərman vasitəsi bir seriya ilə idxala buraxılır. Növbəti mərhələdə isə həmin dərman vasitəsi eyni formada və dozada başqa seriya nömrələri ilə buraxılır. Misal olaraq, bəzən elə dərman vasitəsi olur ki, Azərbaycana idxal olunanda onun 5-6, hətta 10 seriyası olur. Mərkəzin rəsmi internet səhifəsində qeyd olunan 844 dərman vasitəsi isə Səhiyyə Nazirliyinin icazəsi olmadan ölkəyə idxal olunub. Ona görə də onların dövriyyəsinə qadağa qoyulub. Lakin siyahıda adları olan dərmanların başqa seriyalarına bu qadağa şamil edilmir”.
P. Əzizbəyov onu da əlavə edib ki, Səhiyyə Nazirliyi mütəmadi şəkildə dərman bazarında yoxlama aparır: “Tədbirlər zamanı dərman vasitələrinin dövlət qeydiyyatına alınıb-alınmaması, preparatın laborator sertifikatı olub-olmaması yoxlanılır. Yoxlamanın nəticəsində hər hansı bir dərmanın dövlət qeydiyyatı aşkarlanmırsa, yaxud hansısa dərman müəyyən seriyası laborator müayinədən keçirilmirsə, o zaman həmin dərmanın dövriyyəsinə qadağa qoyulur”.
O, eyni zamanda xatırladıb ki, bütün dərman vasitələri ölkəyə idxal olunan zaman mütləq şəkildə onların seriyaları Analitik Ekspertiza Mərkəzinin Laborator tədqiqatlar şöbəsində yoxlanılır: “Onların keyfiyyəti təsdiqləndikdən sonra satışına icazə verilir”.

Nicat İntiqam