Dərmanları ucuzlaşdırmağın yolu

572

Dünəndən etibarən daha 1940 dərman vasitəsi təsdiqlənmış qiymətlərlə satışa çıxarılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Vüsalə Quliyevanın verdiyi məlumata görə, bununla da Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiqlənmiş və yeni qiymətlərlə satışda olan dərman vasitələrinin sayı 5651-ə çatıb: “İndiyədək qiyməti təsdiqlənmiş dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilmişdir. Siyahı saytda “pdf” formatında yerləşdirilib ki, bu da həmin cədvəlin mobil telefonlara və planşetlərə yüklənməsinə və elektron kitabça kimi istifadə etməyə imkan yaradır”.

Qeyd edək ki, sonuncu devalvasiyadan sonra dərmanların qiymətlərində də ciddi artım müşahidə olunur. İqtisadçı ekspertlər dərman vasitələrinin qiymətlərində əhalinin xeyrinə ciddi dəyişikliyə nail olunması üçün ƏDV-dən azad edilməsini təklif edirlər…
“Dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı görülən işlər öz nəticəsini verməkdədir. Amma proses tam başa çatmayıb”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib. Ə. Əhmədov bildirib ki, bir sıra dərmanlar var ki, onların qiymətlərinin müəyyənləşdirilməsi ilə əlaqədar işlər davam etdirilir: “Çünki bu böyükhəcmli bir işdir. Bu işi çox qısa zamanda həyata keçirmək fiziki cəhətdən mümkün deyil. Güman edirəm ki, artıq dərman bazarında bir sabitləşmə özünü göstərməkdədir”.
Baş Nazirin müavini vurğulayıb ki, bundan sonra da bu proses davam edəcək: “Ən başlıcası odur ki, dərman bazarında bir nizam-intizam yaradılıb. Vaxtilə dərmanların qiymətləri süni surətdə şişirdilirdi. Bunun qarşısı alınıb və güman edirəm ki, bundan sonra da biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının ailə büdcəsi, xüsusilə yaşlı insanların ailə büdcəsi bundan xeyli xeyir görüb”.
“Dərmanların əlavə dəyər vergisindən azad edilməsi təklifləri barədə düşünmək lazımdır. Təkliflər var, amma bu təkliflərin üzərində işlənilməlidir”. Əli Əhmədov belə deyib: “Baxmaq lazımdır ki, bu nə dərəcədə büdcənin üzərinə yük qoya bilər. Bu təklif diqqətdədir, bunun üzərində iş gedir. Bu hal büdcəyə xüsusi problem yaratmayacaqsa, müsbət həll etmək mümkündür. Amma indidən qəti bir söz demək çətindir”.
Qeyd edək ki, bir müddət öncə Maliyyə naziri Samir Şərifov da Milli Məclisin plenar iclasında bildirmişdi ki, Azərbaycan hökuməti ölkəyə idxal edilən tibbi ləvazimatların əlavə dəyər vergisindən (ƏDV) azad edilməsinə, eləcə də digər güzəştlərin tətbiq edilməsi məsələlərinə baxacaq.
İqtisadçı ekspert Vüqar Bayramov da bu fikirdədir ki, manatın, xüsusən sonuncu devalvasiyasından sonra dərman vasitələrinin qiymətində artım olub. Onun fikrincə, dərmanların idxalına tətbiq edilən ƏDV-nin ləğv edilməsi müsbət addım olardı: “Bu, dərmanların xərcinin 18 faiz azalmasına səbəb olardı. Hazırda qiymətlərin tənzimlənməsi üçün ƏDV-nin götürülməsi məqsədəuyğundur”.
Qeyd edək ki, dərmanların ƏDV-dən azad edilməsi ilə bağlı təkliflərə münasibət birmənalı deyil. Bir çoxlarının fikrincə, bu dəyişiklik büdcəyə daxilolmalara ciddi təsir edə bilər. Lakin Vergilər Nazirinin müavini Sahib Ələkbərov narahatlığa ehtiyac görmür: “Azərbaycana idxal edilən dərman vasitələrinin ƏDV-dən azad edilməsi mümkündür. Əgər qəbul edilsə, büdcədə onu kompensasiya etməyə imkanımız var”.