“Dərman bitkiləri ilə müalicə uzunmüddətli olsa da…”

Sizə elə şəfa ocağından söhbət açmaq istəyirik ki, oradan insanlar, sözün həqiqi mənasında, tam sağlam vəziyyətdə çıxır. Bunu onların yazdığı xoş təəssüratlar bir daha sübut edir.
 “Bakıxanov qəsəbə sakini Bəsti Musayevanın dediklərindən: “Bu yaxınlarda Ulduz xanıma ödümdə daş olduğu üçün müraciət etdim. O mənə lazım olan dərman bitkiləri verdi. Bir ay müddətində müalicə olundum, USM-dən keçdim. İnanmazsınız, ölçüsü 1,2 sm və xırda daşlar əriyib, düşmüşdü. Məni ağır cərrahiyyə əməliyyatından qurtardığına görə Ulduz xanıma və onun iş yoldaşlarına təşəkkürümü bildirirəm”.

Bakı şəhər sakini Rəna Ələkbərova sidik kanalında 0,9-1,2 sm ölçülərində daş diaqnozu ilə gəlmişdi. Beləliklə də, böyrəklərin fəaliyyəti pozulmuşdu. O yazır: “Ulduz xanımın qısa müddət ərzində təyin etdiyi bitkilərlə müalicədən sonra daşlar toz və qum şəklində bədənimdən xaric olundu. Buna görə Ulduz xanıma xoş münasibətinə və insanlara etdiyi böyük yardıma görə təşəkkürümü bildirirəm. Nə yaxşı ki, siz varsınız!”

“Bənövşə” Yaşıl Aptek Kompleksinin şikayət və təkliflər kitabından götürülmüş bu sözləri burada müalicə olunmuş müxtəlif xəstəliklərini başa çatdıran insanlar yazmışlar. Ulduz xanımın adını çox eşitmişdim. Onun gözəl insan, qayğıkeş həkim olduğunu bilirdim. Aptekin direktoru, fitoterapevt Ulduz Hüseynova söhbət zamanı öz tərcümeyi-halı haqqında bizə məlumat verdi: “1984-cü ildə aptek yenicə fəaliyyət göstərirdi. İçərişəhərdə yerləşən Qasım bəy hamamı bərpa olunaraq “Yaşıl aptek” kimi fəaliyyətini davam etdirməyə başladı. İnstitutu fərqlənmə diplomu ilə bitirdiyim üçün təyinatla yeni açılan “Yaşıl aptek”ə göndərildim və 1997-ci ildən bu şəfa ocağına rəhbərlik edirəm”.

Ondan bizim suallarımızı cavablandırmasını xahiş etdik.

– Rəhbərlik etdiyiniz müalicə ocağında bitkilər haradan alınır?

Muzey kimi xarici qonaqlara təqdim edilən aptekdə əhaliyə tələb olunan dərman bitkiləri də satılır. Dərman bitkiləri ekoloji təmiz yerlərdən alınır. Əhaliyə yalnız dağ rayonlarından yığılan bitkilər təqdim olunur. Hazırda aptekə 150 adda bitki növləri tədarük edilir. İnsanların diqqətinə çatdırmaq istərdim ki, bitkilərin istifadəsi zamanı bu məqamları xüsusi nəzərə alsınlar. Müalicə üçün otlar məişət yerlərindən, iri sənaye şəhərlərindən uzaqda bitən bitkilər olmalıdır. “Yaşıl aptek”ə təqdim edilən bitkilər xüsusi mütəxəssislər tərəfindən toplanır. Aptekimizin Gürcüstanla da əməkdaşlığı var. Qonşu ölkə ilə barter yolu ilə dərman mübadiləsi edirik. “Herba-Flora” şirkətindən də dərman bitkiləri alırıq.

– Bitkilərin xalq təbabətində istifadəsi necə tənzimlənir?

– Məlum olduğu kimi, bitki müalicəsi hələ qədim zamanlardan mövcuddur. Bitkilər xalq təbabətində həmişə istifadə edilib. Arada müəyyən dövr oldu ki, bitkilər tamam unuduldu və kimyəvi dərmanlara üstünlük verildi. Lakin kimyəvi dərmanların əks-təsiri üzə çıxandan sonra yenidən bitkilərlə müalicəyə geniş yer ayrıldı. Məsələn, hər hansı bir xəstəliyin müalicəsi zamanı kimyəvi dərmanlar qəbul edilir. Lakin müalicənin ikinci mərhələsində dərmanların qəbulu fəsad verməyə başlayır. Bu vaxt dərman bitkilərindən istifadə müsbət nəticə göstərir. Qeyd etmək istərdim ki, dərman bitkiləri ilə müalicə zaman tələb edir. Uzunmüddətli olsa da, nəticə əsaslı olur. Orqanizmə fəsad vermir. Bu müalicə ilə mütəxəssis məşğul olmalıdır, bitkiləri necə gəldi qəbul etmək olmaz.

– Bəs,bir bitki ilə bir necə xəstəliyin müalicəsi aparıla bilərmi?

– Bəli bir bitki ilə bir neçə xəstəliyin müalicəsi mümkündür. Kimyəvi dərmanlar bir orqanı müalicə etsə də, digərinə mənfi təsir edir. Lakin bitkilərlə müalicə zamanı bu ehtimal yoxdur. Əlbəttə, o da faktdır ki, xəstəliyin kəskin formalarında kimyəvi dərmanların yerini hec nə əvəz edə bilmir. Ancaq xroniki xəstəliklər zamanı, uzun müddət müalicə tələb olunduqda yaxşı olardı ki, ilk mərhələ kimyəvi dərmanlarla aparılsın, ikinci, üçüncü mərhələ dərman bitkiləri ilə davam etsin.

– Hazırda geniş yayılmış bronxit xəstəliyi barədə nə deyə bilərsiniz?

– Bildiyimiz kimi, geniş yayılmış xəstəliklərdən biri də bronxit xəstəliyidir. Soyuqlama və qrip xəstəliyindən sonra qalan fəsadlar onu törədir. Əhali bronxiti çox ciddi qəbul etmir. Xroniki bronxit daha gec sağalır. Çünki bronxlar birbaşa hava ilə təmasdadır. Xarici qıcıqlara qarşı həssasdır. Toz, qoxular, kimyəvi maddələr, isti, soyuq, külək, qar, yağış, qəbul etdiyimiz qida hamısı öz təsirini göstərir. Həkim məsləhəti olmadan istənilən bitkini qəbul etmək düzgün deyil. Çünki hər bir xəstəliyin olduğu kimi, bronxitin də növləri var. Məsələn, allergik bronxitlər üçün xüsusi bitkilər lazımdır. Belə ki, bu xəstəliyin müalicəsində elə bitkidən istifadə edilməlidir ki, əlavə allergik təsir göstərməsin. Bəzən bronxitlərdə astmoit komponentli, yəni astmaya meyillilik baş verir. Yəni onlarda bronx spazmaları olur. Öncə spazmaları aradan qaldırmaq lazımdır. Bəzi xəstələr isə sinir mənşəli bronxitlərdən əziyyət çəkirlər. Həmin insanlar üçün bitkiləri elə seçmək lazımdır ki, həm əsəb, həm də bronxlar müalicə olunsun. Xəstələrin nəzərinə çatdıraq ki, dəvədabanı, gülxətmi, bağayarpağı, biyan kökləri, andız köklərinin dəmləməsindən istifadə etmək bu xəstəliyin müalicəsində çox müsbət nəticə verir. Bronxitin müalicəsi üçün bitkiləri 20 gün-1 ay qəbul etmək məsləhətdir. Bunlar ümumi ziyansız bitkilərdir. Məsələn, gülxətminin əks-təsiri yoxdur. Ona görə də bundan bütün bronxitlər istifadə edə bilərlər. Bununla belə, bağayarpağından, dəvədabanından da istifadə məsləhətdir. Dəvədabanı çox müsbət təsirə malikdir. Uzun müddət dəmləyib içmək çox xeyirlidir. Bağayarpağı isə mədə turşuluğunu artırdığı üçün qastritdən əziyyət çəkənlər ehtiyatlı olmalıdırlar. Qeyd edim ki, bitkilər qəbul edilərkən mütləq həmin xəstənin başqa xəstəlikləri də nəzərə alınmalıdır. Belə müalicə daha müsbət nəticə göstərir. Ona görə də bronxitdən əziyyət çəkənlərə məsləhət görülür, öncə dəqiq müayinə edilsinlər və sonra diaqnoz qoyulsun. Bu aydınlaşandan sonra mütəxəssislərin təyinatı ilə bitki müalicəsi müsbət təsir göstərir.

– Son zamanlar qadınlar arasında mastopatiya xəstəliyi də geniş yayılan xəstəliklərdəndir. Xəstəlik təhlükəlidirmi? Sizcə, bu xəstəliyin bitkilərlə müalicəsi mümkündürmü?

-Mastopatiya son vaxtlar qadınlar arasında geniş yayılmış xroniki xəstəlikdir. Bu xəstəlik uzun müddət qaldıqda, düzgün müalicə olunmadıqda xərçəng xəstəliyi yarana bilər. Ancaq, ümumiyyətlə, “mastopatiyanın xərçəngə çevrilmək ehtimalı var” demək düzgün olmazdı. Əgər xəstədə bərk düyünlər varsa, əlbəttə, buna ciddi yanaşılmalıdır. Qeyd edim ki, mastopatiya maddələr mübadiləsinin və neyrohumoral  pozulması nəticəsində yaranan xəstəlikdir. Həmin xəstələr qidasına fikir verməli, günəş şüaları altında gəzməkdən çəkinməlidirlər. İsti duşlardan istifadə etmək də məsləhət görülmür. Yaxşı olar ki, xəstəliyin daşıyıcıları yay vaxtı saat 12-dən 6-ya qədər açıq günəş altında gəzməkdən çəkinsinlər. Mütləq xüsusi qida rejiminə əməl edilməlidir. Bu xəstələrə şokolad, qəhvə, ət bulyonları qəbul etmək olmaz. Stresdən uzaq olmaq məsləhət görülür. Bununla belə, mütləq surətdə xəstələrin endokrin sistemi yoxlanmalı və ginekoloji müayinələrdən keçməlidirlər. Hormonal pozuntulara nəzarət olunmalıdır. Çünki mastopatiya birbaşa bu xəstəliklərlə əlaqəlidir. Mastopatiyanın müalicəsində maddələr mübadiləsini aradan qaldıra biləcək bütün bitkilərdən istifadə oluna bilər. Onu da deyim ki, bitkilərlə müalicə həkim nəzarəti altında keçirilməlidir. Çünki bəzi bitkilər var ki, hormonal prosesləri artırır, bu da xəstələrə ziyan verir. Xəstəliyin müalicəsində dəmirov otu, pitrab kökləri, pion, at şabalıdı bitkisinin çiçəkləri, bağayarpağı bitkisi çox müsbət təsir göstərə bilər. Bu bitkilər düyünlərin əriməsinə kömək edir. Mastopatiyanın kəskin formalarında isə badyan bitkisi qəbul etmək məsləhət görülür. Ancaq bu bitki zəhərli olduğundan mütləq onu da həkim məsləhətindən sonra qəbul etmək lazımdır.

Şövkət Hüseynova,

H.B.Zərdabi mükafatı laureatı