“Dərman bazarında kəskin qiymət fərqliliyi var”

528

Gündəlik həyatımızda ən çox ehtiyac duyduğumuz, uşaqdan yaşlıya hər kəsin istifadə etdiyi dərmanlar bəziləri üçün əlçatmaz görünür. Maraqlıdır ki, satışda olan dərmanlar müxtəlif apteklərdə müxtəlif qiymətlərə satılır. Bəzən görürsən ki, hətta eyni firmaya məxsus  dərman preparatı bir yerdə ucuz, başqa bir yerdə isə baha qiymətə satılır. Buna görə də cəmiyyətdə dərmanlara və apteklərə qarşı bir inamsızlıq yaranıb. Çünki insanlar satılan dərmanların keyfiyyətinə şübhə ilə yanaşır, istifadə etməyə tərəddüd edirlər. Məsələyə aydınlıq gətirmək üçün “Avromed” və “Zəfəran” dərman şirkətlərinə müraciət etdik. Ancaq təəssüflər olsun ki, heç bir cavab ala bilmədik. Bəs, görəsən, dərmanlar arasında ciddi qiymət fərqliliyinin yaranmasına səbəb nədir? Dərman qiymətlərinə nəzarət edilirmi?

 “Kəskin qiymət fərqi var”

Mövzu ilə bağlı qəzetimizə müsahibə verən iqtisadçı alim Vüqar Bayramov dərman bazarında kəskin qiymət fərqliliyinin olduğunu bildirdi. Onun sözlərinə görə, bu, aparılan monitorinqlər nəticəsində müşahidə edilib: “Aptek sahibləri satılan dərman preparatları arasında fərqliliyin olmasını icarə haqqının çox olması ilə əlaqələndirirlər. Amma nəzərə alsaq ki, şəhərin eyni yerində, hətta eyni küçədə yerləşən yanaşı apteklərdə də dərmanların qiyməti arasında fərqliliklər var. Bu da onu göstərir ki, icarə haqlarının yüksək olması və süni qiymətlər dərman preparatlarının baha olmasının əsas səbəblərindən biridir. Bundan başqa, aptek sahibləri yüksək gəlir əldə etmək məqsədi ilə qiymətləri süni şəkildə artırırlar. Bunun qarşısını almaq məqsədi ilə bu ildən etibarən ölkəmizdə fəaliyyət göstərən apteklərdə satılan dərman preparatlarında qiymətlərin tənzimlənməsi prosesi tətbiq ediləcək”.

Səhiyyə Nazirliyinin dərman qiymətlərinə nəzarət etmədiyini deyən iqtisadçı əlavə etdi ki, bu işin tənzimlənməsi həyata keçirildikdən, maksimum qiymətlər müəyyənləşdirildikdən sonra bu işə Səhiyyə Nazirliyi nəzarət edəcək: “Qanunvericilikdə və bu işə nəzarətdə bəzi dəyişikliklər gözlənilir. Bu prosesdən sonra isə aptek sahibləri rəsmi müəyyənləşdirilmiş qiymətlərdən baha qiymətə dərman preparatlarını sata bilməyəcəklər. Bu da apteklər arasındakı qiymət fərqliliklərinin aradan qalxmasına müəyyən qədər kömək edəcək. Hazırda ölkəmizdə dərman bazarında alıcılar üçün daha əlverişli, əlçatan qiymətlərin olmasına ehtiyac var”.

 “Zənnimcə, firmaların dərman qiymətlərinin fərqli olmasında heç bir rolu yoxdur”

Vüqar Bayramovun fikrincə, apteklər müxtəlif firmalardan dərman preparatları alırlar: “Bu isə onların hüququdur. Firmadan dərman aldıqdan sonra apteklər qiymətləri özləri müəyyənləşdirirlər. Burada dərman idxal edən firmaların və ya topdansatış mərkəzlərinin hər hansı bir rolu yoxdur. Ancaq bu vəziyyət hər ölkədə fərqlidir. Bəzi ölkələrdə qiymət müəyyənləşdirilir, bəzilərində isə bazar müəyyənləşdirilir. Bununla da rəqabət nəticəsində qiymətlərin aşağı düşməsinə nail olmağa çalışılır”.

 Səhiyyə Nazirliyi nəzarət etmir?

Mövzu ilə bağlı bizi maraqlandıran suallara cavab almaq, ətraflı məlumat əldə etmək üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova sualımıza belə cavab verdi: “Dəfələrlə jurnalistlərə demişik ki, bu məsələyə nazirlik nəzarət etmir. Bu məsələnin bizimlə heç bir əlaqəsi yoxdur” . S. Əhmədova bununla digər suallarımıza da ehtiyac olmadığını vurğuladı.

 Hüquqşünas mövqeyi

Mövzuya hüquqi cəhətdən yanaşan hüquqşünas İlham Məmmədovun fikrincə, dərman preparatlarının müxtəlif qiymətə satılmasına səbəb onların ölkəyə müxtəlif firmalar tərəfindən, müxtəlif qiymətə gətirilməsidir: “Bəzən həmin dərman firmaları ölkəyə fərqli qiymətə gətirdikləri dərmanları müxtəlif qiymətə, ucuz və ya baha satırlar. Bu da dərman bazarında qiymət fərqliliyinin yaranmasına gətirib çıxarır. Bu sahəyə İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibindəki antiinhisar idarəsi nəzarət etməlidir”.

 “Aptek sahibləri inzibati məsuliyyətə cəlb olunmalıdırlar”

Hüquqşünas onu da əlavə etdi ki, eyniadlı dərmanların bəzi apteklərdə baha qiymətə, bəzilərində aşağı qiymətə satılmasına səbəb aptek sahibləri və dərman firmalarıdır: “Firmalardan biri eyniadlı dərmanı 1 manata, başqa bir firma 1 manat 20 qəpiyə, digəri isə 1 manat 50 qəpiyə satır. Bundan başqa, bəzən aptek sahibləri də həmin qiymətləri öz mənfəətləri hesabına artırırlar. Ancaq dərmanlar firma tərəfindən eyni qiymətə gətirilibsə, aptek sahibləri dərmanları ucuz qiymətə alıb, baha qiymətə satırsa, bu zaman istehlakçıların hüquqlarını pozmuş olurlar. Bu zaman həmin aptek sahibləri inzibati məsuliyyətə cəlb olunmalıdırlar”.

 NƏRMİN HAQVERDİYEVA