Dərd verən su…

 

 Dünyada bu və ya digər forma və məqsədlə qeyd olunan çox sayda günlər var və biz də o günlərin əksəriyyətinə həm fərd, həm də cəmiyyət olaraq şərik çıxır, münasibət bildirirk. Keçən əsrin sonlarından qeyd olunmağa başlayan Dünya Su Günü də onlardan biridir. Sağlıq-səhhətimizin açarı olan içməli su ciddi problem olaraq artıq dünyanın hər yerində həyəcan təbili çalmaqdadır.

***

Beynəlxalq su günü ideyası 1992-ci ildə Rio de Janeiroda, BMT–nin Ətraf Mühit və onun inkişafına həsr olunmuş konfransında yaranmışdır. Elə həmin ildə BMT Baş Assambleyası 1993-cü ildən başlayaraq mart ayının 22-nin Dünya Su Günü kimi qeyd olunması haqqında qətnamə qəbul etmişdir. Bu günün əsas məqsədi saf, təhlükəsiz suyun əhəmiyyəti və bu əvəzsiz nemətin qıtlığından dünyada 2.2 milyard insanın əziyyət çəkməsinə diqqəti cəlb etməkdir. Əhali sayı, kənd təsərrüfatı, sənayenin ehtiyacları qlobal su böhranının qarşısını almaq, suyun həqiqi dəyərini anlamaq və ondan qənaətlə istifadə etməyin vacibliyini daha da artırmaqdadır. (https://www.un.org/en/observances/water-day)

***

Bütün digər qlobal ekoloji problemlər kimi, su böhranının yaranmasına da səbəb olan əsas amil yenə insandır. Bəziləri bu problemdə qlobal isin məni günahlandırsalar da, o da insan əməlinin nəticəsidir. Sözümüz onda yox. İçməli su imkanları bol  olmasına baxmayaraq, onu problemə, insanların dərdinə çevirən və heç nə olmamış kimi arxayın-arxayın dolananlar da var aramızda. Biz həmişə nəsihət olaraq dahi Niazminin bu sözlərini eşitmişik:

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir su da.

Quba rayonunun Alpan kəndində iki ildir ki, nəinki artıq, heç qədərincə də içməyə su tapılmır. Dağlıq, su mənbələrinin bol olduğu ərazidə yerləşsə də, rayonun ən qədim və böyük kəndlərindən olan bu məkanda su qıtlığı həyatımızın bir parçasına dönüb. Əslində kranlardan su axır, ancaq onu heyvanlar belə çarəsizlikdən içməyə məcbur olur. Ötən il boyunca kəndə qələn su o qədər lilli idi ki, axdığı yerdə iz buraxırdı, tağ-tərəvəzə fayda verməkdənsə qurudurdu. Uzun müddətdən sonra şad xəbər yayıldı ki, kəndimizə yeni su mənbəyindən, indi çox məşhur olan bir kəlamla desək, “dayanıqlı” və keyfiyyətli su çəkilir. Kimlərinsə “tapdığı” su mənbəyindən, Məşədi İbadın sözü, bir ətək pul hesabına bu sevindirici “proyekt” həyata keçirildi, özü də necə. İndi kranlarda süd, yaxud ayran qabının yuyuntusu kimi çalar verən su axmağa başladı. Aləmi bürüyən giley-güzara elə bir təsəlli verdilər ki, adam indi də inanmaq istəyir. Sən demə, su axaraq, bir müddətdən sonra durulacaqmış. Belə çıxır ki, o boyda dahi, dünyagörmüş M. Füzuli babamız neçə əsr bundan əvvəl “axar sular bulanmazmı? “ sualını bizlər üçün yazmayıb. Bunu qa qoyaq bir yana.

***

Keçən yay mən özüm bu problemlə maraqlanıb rəsmi mənbələrlə əlaqə saxladım. Çox sadə və sadəlövh bir cavab aldım. “Müəllim, bizi aldadıblar…”

Bir hikmət var, deyir ki, sərvət, vəzifə stul kimidir – başının üstünə qaldırsan, kiçik olarsan, ayağının altına salsan ucalarsan. Vəzifə daşımaq başını dik tutmaq üçün deyil axı. O, çox ağır məsuliyyət, cavabdehlik daşımaq, fədakar olmaq deməkdir. Mən onlara rəhmətlik Mircəfər Bağırovun müasirlərindən eşitdiyim bir söhbəti xatırlatdım. O zamanlar görülən işin keyfiyyəti üçün həmin işi görənlər canları-başları ilə məsuliyyət daşıyıblar. Məsələn, körpü salan mühəndis və iş icraçısı bilirdi ki, körpünü təhvil verəndə öz ailələri onun altında duracaq və nəzərdə tutulan yükü daşyıan nəqliyyat vasitələri təyin olunmuş sürətlə onun üstündən kecəcək. Bu həqiqəti anlayan adam keyfiyyəti arxa plana keçirib, məsuliyyətsizlik edə bilərdimi? Bizim üçün içməli su çəkən mühəndisin (Belə demək mümükünsə) işi – “Ay keçəl, yuyundun? – Bəs necə? Darandım da.” – lətifəsinə bənzəyir.

Bir var su, bir də var içməli su. Mövcud vəziyyət göstəriri ki, kəndimizə su çəkiblər, amma içməli su yox.

Daha bir sual verdim: – Bu qədər müddətdən sonra, suyu kim çəkibsə, onu cağırıb krandan axan sudan götrürb bir stəkan içirdə bilərsinizmi?

Heyif ki, bu sula cavab ala bilmədim.

***

Su çəkmək kimi savab və məsuliyyətli bir işi necə görməyin klassik nümunəsini rəhmətlik Z. Tağıyev qızıl hərflərlə yazıb şanlı tariximizə. “Çörəyi ver çörəkçiyə, birini də üstəlik,” – məsəli niyə yadımıza düşmədi bu işə başlayanda? Onlarla şəhidi, milli qəhrəmanı, Qarabağ müharibələrində şücaət göstərən qaziləri, yüksək rütbəli zabit və komandirləri və s. olan bir kəndin əhalisi qarşısında məsuliyyət hiss etməmək nə deməkdir? Özü də Alpan kəndi elə bir yerdir ki, onun Su Baba türbəsi var. Bu tarixi abidə (Qeyd etmək lazımdır ki, bu nadir abidənin də təcili əsaslı bərpaya ehtiyacı var.) də bu torpaqda yaşayan insanalrın qədimdən bəri suyun  müqəddəsliyini uca tutmalarının təcəssümüdür.

Məsuliyyət elə bir şeydir ki, onun bu günü, sabahı yoxdur, o heç vaxt azalmır. Öz şəxsiyyəti və ictimai-siyasi xadim kimi bəşəriyyət tarixində yaşayacaq Abraham Linkoln yazırdı: – Bu gün yan keçməklə sabahın məsuliyyətindən yaxanı qurtara bilməzsən.

***

Dünya Su Günü bizlər üçün çox əziz olan Novruz günlərinə təsadüf edir. Bizim suyumuz artıq bulanıb deməzdim, hal-hazırda dağların qarından yaranan selin bir qolu axır kranlarımızdan. Tək bu günlər edyil, göyün üzünə yağış buludları gələn kimi suyumuz bulanır. Kəndimizin məsul adamları bu dözülməz hala qarşı dərhal lazımi tədbir görürlər, rəhmətlik M. Ə. Sabirin təbirincə: – Su olmasa, qışda əridib qarı yeyərsən, – deyib – anbardan kəndə paylanan suyu kəsirlər, vəssəlam. Qədim Yunan filosofu Epikür deyirdi ki, yaxşı adam heç bir işi gözə girmək üçün deyil, doğru-düzgün görmək naminə edir. Unutmayaq ki, yarıtmaz işimiz bizi nəinki bu günümüzdə insanların gözünsən salar, uzun illər sonra da adımız yaxşı insanalr siyahısında özünə yer tapmaz.

 

Rahib Alpanlı (Sədullayev),

ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi

2021