Dərbənd teatrı “Sönmüş talelər”lə Azərbaycana gəlib

Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivi  Azərbaycanda qastrol səfərindədir. Səfər çərçivəsində kollektiv yazıçı-dramaturq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri Rafiq Rəhimlinin “Sönmüş talelər” tamaşası ilə çıxış edəcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Narkotik və narkomanlığa qarşı mübarizəyə həsr olunmuş tamaşada rolları Əməkdar artistlər – Mahir Məlikov, Əliyar Hüseynov, aktyorlar Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Rəhilə Ömərova, Səbuhi Ömərov, Hörmət Aslanov, Təhminə Ömərova, Səidə Əliyeva və başqaları ifa edəcəklər.

Məlumat üçün bildirək ki, Dərbənd teatrı noyabr ayının 20-dək Azərbaycanın bir sıra bölgələrində sözügedən tamaşa ilə çıxış edəcək