“Dərədən-təpədən” keçib getdi

772

İnsan vətənsiz qərib olduğu kimi, vətən də hər böyük övladını itirdikcə sanki kiçilir, yetimləşir.

Məmməd Aslan mənim üçün vətənimin belə böyük övladlarından idi. Mənim üçün cəmisi bir neçə şair var, onlar da öləndən sonra canlı şair qalmayacaq. Məmməd Aslan sərt adam idi, amma mərd adam idi. Yaltaqlıqla onu bir arada təsəvvür edə bilmirəm. Başqaları söyəndə o öydü, söyənlər sözlərini dəyişib öyəndə o susdu. Şeiri də, sözü də elə o dağdan gətirdiyi idi. Heç dəyişmədi, həyatı necə başlamışdısa, elə də tamamladı. Bu şəhər həyatı, şöhrət, böyük-böyük kürsülər, efir dəyişə bilmədi onu. Elə dəyişə bilmədiyi üçün də rahatlıq axtaranlar onu özlərindən uzaqlaşdırmağa çalışdılar. “Dərədən-təpədən” adlı bir verilişi vardı, adı uşaqlar üçün idi, amma böyüklərə də oradan əməlli-başlı dərs keçirdi.

“Ağla qərənfil, ağla” adlı şeiri indinin özündə də 20 Yanvar faciəsini əks etdirən ən canlı ədəbi nümunələrdən hesab olunur. “Türkiyə” adı eşidəndə dodaqlarımızın çat verdiyi illərdə “Ərzurumun gədiyinə varanda” adında bir kitab yazıb, ortalığa qoydu. Ardınca Yunus Əmrə və Aşıq Veysəlin seirlərindən seçmələr edib, “İki zirvə” adında çap elədi. O kitabları oxuyanlar türk sevgisində bir daha saflaşdılar, arındılar.

Onunla ilk və qiyabi tanışlığım 70-ci illərdə çap olunan “gənc şairin ilk kitabı” seriyasından əl boyda bir kitabça ilə başladı. Sonra qəzetlərdə şeirlərini oxudum. Tanınmış alimimiz Tofiq Hacıyevin o illərdə “Azərbaycan” jurnalında çıxan “Üç Məmmədin biri Araz, biri Aslan, biri İsmayıl” adlı məqaləsi o qədər səmimi, o qədər təsirli olmuşdu ki, adı Məmməd olan başqa şairin də heyifsilənərək “Kaş Tofiq müəllim “dörd Məmməd yazaydı, dördüncü də mən olaydım” dediyini eşitmişəm.

Tələbə olandan sonra Əlyazmalar İnstitutunda işləyən qohumum Seyfəddin müəllimin yanında onunla görüşüb tanış olduq. Söhbət əsnasında atamı yaxşı tanıdığını və xətrini istədiyini dedi. Sonrakı görüşlərimizdə də məni “qardaşoğlu” deyə çağırdı və mən də bu xitaba qarşılıq olaraq ona “Məmməd əmi” deməyə başladım.

Digər rayonlarımız kimi, Kəlbəcərdən də əlimiz üzüləndən sonra onun nə qədər dərd çəkdiyini, yandığını açıq-aydın görürdük. “O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər” deyə dərdini dilə gətirirdi Məmməd əmi.

Sevimli Peyğəmbərimiz Həzrət Muhammədin (Ona Allahın salamı olsun!) vəsfinə yazdığı “Nur içində Nur” şeiri 1994-cü ildə İstanbulda keçirilən Nət müsabiqəsində qalib olmuşdu. Mövlana aşiqi idi, hər söhbətində ondan bir neçə misal danışardı.

Təxminən iki il əvvəl razılaşmışdıq ki, telekanalların birində fərqli bir veriliş başlayaq onunla. Adını da belə düşünmüşdük: “Məmməd Əli məclisi”. Belə planlamışdıq ki, şounun aləmi başına götürdüyü bu günlərdə o proqramda mənəvi dəyərlərimizə üz tutaq, köhnə kişilərin köhnə söhbətlərini daşıyaq o verilişə. Material da ki, maşallah, nə qədər istəsən. Biz düşünmüşdük, amma olmadı. Sonuncu dəfə redaksiyamıza təxminən 7-8 ay əvvəl gəlmişdi. Ağlımıza nə gəldisə kameraları qurduq və beş saatdan artıq davam edən söhbətimizi lentin yaddaşına köçürdük. O qədər səmimi bir atmosfer alınmışdı ki… Məmməd əmi aradabir “senzurasız” bir-iki lətifə də danışdı. Amma axşam zəng eləyib dedi ki, gündüz o atmosferə uyub, bir-iki artıq şey danışmışıq, onları sil getsin. Mən də söz verdim ki, arxayın olsun.

Son aylarını Zaqatalada, qızının ailəsinin yanında keçirdi. Arabir zəng edib, kefini soruşurdum. Son zəngimdə telefonu qızı açdı, mən kim olduğumu dedim, qarşı tərəfdən “denən onu öpürəm, danışa bilmirəm” dediyini eşitdim. Ondan əvvəlki zəngimdə də ağlamışdı və eləcə hıçqırıqlarla telefonu söndürmüşdü.

Ərəfə günü, yəni Qurban bayramından bir gün əvvəl səhər saatlarında ölüm xəbərini eşitdik. Dəfni də həyatı kimi təmənnasız oldu. Çoxları kimi, mən də elə təsəvvür edirdim ki, onu ən azı ikinci Fəxri xiyabanda dəfn edəcəklər, amma Masazırda, daş bazarının yaxınlığında, Kəlbəcərlilər qəbiristanlığında torpağa verildi. Elə yazımın sonunda yadıma düşdü və xatırlatmağı lazım bildim ki, o, heç xalq şairi adı da almamışdı. Allah rəhmət eləsin!