Dəniz “sanitar”larının yox olmaq təhlükəsi var

0
439
Great White Shark- Eyeing prey item on surface Carcharodon Carcharias Guadalupe Island, Mexico Pacific Ocean

Dünyada hər canlının öz vəzifəsi var. Heç bir şey əbəs yerə yaradılmayıb. Okeanlarda dolaşan və çoxları üçün qorxulu yuxu hesab edilən köpəkbalıqları gecə-gündüz dincəlmədən sanitar vəzifəsini icra edirlər. Suya bir damla qan düşdümü, ya hansısa heyvan leşi iyləndimi, köpəkbalığı bir neçə kilometr məsafədən onu hiss edir və istiqamətini dəyişərək öz vəzifəsini icra etməyə tələsir. O qanı, ya leşi udur və yenidən axtarışına davam edir. Məhz bu köpəkbalıqlarının “zəhmət”inin nəticəsidir ki, hər il milyonlarla balığın öldüyü dənizlər, okeanlar beləcə tərtəmizdir.

Doğrudur, bu vaxta qədər köpəkbalığının insana hücum etməsi faktı dəfələrlə qeydə alınıb, amma bu heç də o demək deyil ki, bütün köpəkbalıqları yırtıcıdır. Bir məsələ var ki, son illərdə dünya okeanlarında köpəkbalıqlarının sayı sürətlə azalmaqdadır. Yəqin ki, bu yaxınlarda telekanallarda gedən bir xəbər hər kəsin diqqətini çəkdi. Kütləvi şəkildə qırılmış köpəkbalıqlarının leşini dalğalar sahilə vururdu. Bu “kütləvi qırğının” əsas səbəblərindən biri isə ekoloji tarazlığın pozulması və dünya sularının zərərli tullantılarla zəhərlənməsidir. Digər tərəfdən, son vaxtlar dəbə minən bəzi yemək növləri siyahısına köpəkbalığının müəyyən orqanlarından hazırlanmış “delikates”lərin əlavə edilməsi də bu canlıların həyatına daha bir təhlükə qapısı açıb. Son illərdə köpəkbalığı ovu əvvəlki illərə nisbətən daha intensiv xarakter alıb. Sonuncu araşdırmalar göstərir ki, ciddi tədbir görülməsə, okeanların sanitarı köpəkbalığı yaxın vaxtlarda yox olma təhlükəsi ilə üz-üzə qalacaq. Təxmini hesablamalara görə, 2012-ci ildə dünyada yüz milyona yaxın köpəkbalığı ovlanıb. Bəzi mütəxəssislər isə bu rəqəmin iki yüz milyondan yuxarı olduğunu deyirlər. 2012-ci ildən keçən müddət ərzində də nə qədər toplantı keçirib, qərarlar qəbul etsələr də, mənzərə heç də dəyişməyib. İldə hər 15 köpəkbalığından biri balıqçı toruna düşür. Köpəkbalıqlarını daha çox üzgəclərinə görə ovlayırlar. Bu üzgəclərdən hazırlanan şorbalar Cənub-Şərqi Asiya ölkələrinin ən ləziz və sevilən yeməklərindən sayılır, özü də restoranlarda kifayət qədər yüksək məbləğə satılır. Bu yemək son illərdə Amerika qitəsində də böyük rəğbət görməyə başlayıb. Bundan başqa bu balıqların ətindən, qara ciyərindən, qığırdaqlarından da müəyyən yeməklər və müxtəlif kosmetik məhsullar hazırlanır.

Kanadalı bioloq, professor Boris Vorm deyir ki, belə getsə, yaxın vaxtlarda okeanlarda köpəkbalıqlarının sayı yox deyiləcək qədər azalacaq, bu isə əsl ekoloji fəlakətə səbəb olacaq.

ABŞ-ın Florida Universitetinin professoru Mayk Heytaus isə bildirir ki, qaplan köpəkbalıqlarının sayı azalsa, dənizlərin, okeanların dibindəki bitki örtüyü də daxil olmaqla böyük ekoloji fəlakət meydana çıxa bilər. Professor onu da xüsusi vurğulayır ki, bu balıq növünün artımının və inkişafının digərlərinə nisbətən ləng olması itirilmiş sayın bərpasının çox çətin olacağından xəbər verir.

Mütəxəssislər köpəkbalıqlarının qorunması üçün ciddi tədbirlər görməyə çağırırlar və bildirirlər ki, bu heyvanlar okeanlarda əsl sanitar vəzifəsini yerinə yetirirlər və böyük hövzələrin təmizliyi üçün çalışırlar. Əgər köpəkbalıqları olmasa, dünya sularında çirklilik faizi xeyli yüksələr.

Yazımızın sonunda hinduların məşhur bir sözü yada düşür: “Göydən sonuncu quşun ölüsü düşəndə, dənizlərdəki sonuncu balıq öləndə Adəm oğlu pulun bir işə yaramadığını anlayacaq”.