Dəmir yumruğumuzun Zəfər paradı

0
54

Dekabrın 10-da paytaxtımız özünün ən əlamətdar, möhtəşəm tarixi gününü yaşadı. Azadlıq meydanında keçirilən və xalqımızın yaddaşında əbədi yaşayacaq Zəfər paradı böyük coşqu ilə izlənildi. Şübhəsiz,  müasir silah və sursatla təmin edilmiş, vətənpərvərlik ruhu ilə silahlanmış Azərbaycan Ordusunun rəşadəti, xalqımızın Ali Baş Komandanımız ətrafında yumruq kimi birləşməsi uzun illər həsrətində olduğumuz belə bir tarixi Zəfər paradını bizə bəxş etdi.

II qrup Qarabağ qazisi, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ümumiyyətlə, 2020-cü il müasir dövlətçiliyimizin və müstəqilliyimizin ən şərəfli səhifələrinin yazıldığı il kimi tarixə həkk olunacaq: “Məhz bu il Azərbaycan Ordusu Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən başladığı qətiyyətli əks-həmlə əməliyyatları ilə 30 ilə yaxın davam edən erməni işğalına 44 gün ərzində son qoydu, üstəlik, işğalçı Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bununla da möhtəşəm qəhrəmanlıq, həm də zəfər salnaməsi yazdı. Elə Zəfər paradı da bu Qələbənin təcəssümüdür. Onu da qeyd edək ki,  Zəfər paradı müzəffər ordumuzun gücünü və qüdrətini dünyadakı dostlarımıza və düşmənlərimizə nümayiş etdirməklə yanaşı, həm də xalqımıza layiq olduğu zəfər təntənəsini yaşatdı. Şübhəsiz, bu zəfər təntənəsi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Ali Baş Komandanımızın son 17 ildə layiqincə davam etdirdiyi siyasi kursun məntiqi nəticəsidir.”

“Mən də bu paradı qürurla izlədim” sözləri ilə söhbətini davam etdirən müsahibimiz indiyədək Azadlıq meydanında çox paradların təşkil olunduğunu vurğuladı: “Prezident İlham Əliyevin bildirdiyi kimi, ancaq bu paradın xüsusi önəmi var: “Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi.” Bu taixi günə  Azərbaycan xalqı şahid oldu və həmin bayrağa baxdıqca hər birimizin ürəyi dağa döndü. Dövlətimizin başçısının vurğuladığı kimi, 44 gün davam edən müharibədə Azərbaycanın dəmir yumruğu işğalçının, həqiqi mənada belini qırdı, ordumuz möhtəşəm qələbələr qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Bu mənada bu parad dəmir yumruğumuzun Zəfər paradıdır.”

Müsahibimizin fikrincə, xalqımız Zəfər paradında Prezident İlham Əliyevlə yanaşı, qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsindən sonsuz qürur hissi keçirdi. Bir daha əmin olduq ki, Azərbaycan tək deyil, qardaş Türkiyə özünün yenilməz ordusu və siyasi dəstəyi ilə həmişə yanımızdadır: “Bununla qardaş ölkənin rəhbəri həm də Azərbaycanın  sevincini bölüşdüyünü bütün dünyaya nümayiş etdirdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında, həmçinin vurğuladı ki, Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Türkiyə Cümhuriyyətinin rəhbərinin Zəfər paradı ilə bağlı dediyi “Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru Paşanın, Ənvər Paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür” sözləri isə yaddaşıma əbədi həkk olundu.”

Paradda nümayiş olunan texnikalardan söz açan baş leytenant Əhliyət Mehdiyev bildirdi ki,  bütün bunlar Silahlı Qüvvələrimizin hansı imkanlara malik olmasının göstəricisi olmaqla yanaşı, bizim bundan sonra da etibarlı şəkildə qorunacağımızın qarantıdır: “Bu da ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğurdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını daha gücləndirdi.”

Müsahibimiz Zəfər paradında 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qisminin  nümayişindən də söz açdı: “Vətən müharibəsi zamanı ordumuzun işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiya da maraqla izlənildi. Bununla da Azərbaycan döyüş meydanında Ermənistana nələr yaşatdığını nümayiş etdirdi. O anda bizim məşhur “İrəvanda xal qalmadı” mahnısını  özüməməxsus şəkildə belə zümzümə etdim: “İrəvanda hərbi texnika qalmadı.”

Müsahibiz fikrini bu sözlərlə tamamladı: “Biz Zəfəri qan tökməklə, şəhid verməklə qazandıq. Şühbəsiz, bizə bu xoşbəxtliyi yaşadanlar heç zaman unudulmayacaqlar.”

Qvami Məhəbbətoğlu, “İki sahil”